PDF Oxu

Əsas

  • 21

Prezident İlham Əliyevin sərt bəyanatı geniş müzakirəyə çevrildi

Prezident İlham Əliyevin sərt bəyanatı geniş müzakirəyə çevrildi
Ermənistanın qəsbkar siyasəti fonunda 15 ilə yaxındır ki, aparılan danışıqlarda konstruktiv mövqe nümayiş etdirməməsi Azərbaycan xalqının səbir kasası daşmaqdadır. Bu reallıqdan çıxış edən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə dair danışıqların sonsuzluğa qədər davam etdirilməyəcəyini söyləyib. Ötən həftə isə Prezident İlham Əliyev Goranboy rayonunda qaçqın və məcburi köçkünlərlə görüşündə Münhendə aparılacaq danışıqların da nəticəsiz qalacağı təqdirdə, Azərbaycanın müharibə variantı üzərində düşünməli olacağını söyləyib. Ali Baş Komanadanın bu sərt bəyanatı regionda və dünyada böyük rezonansa səbəb olub. Bir sıra dünya KİV-ləri Azərbaycan Prezidentinin bəyanat verməkdə haqlı olduğunu və Ermənistanın işğalçılıq siyasətini dayandırmayacağı təqdirdə, Yerevanı açıq şəkildə problemlər gözlədiyini qeyd edirlər. Söhbət etdiyimiz ölkə siyasiləri Azərbaycan Prezidentinin bu bəyanatının xalqın arzu və istəyinin ifadəsi olduğunu bildirdilər.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın "Səs" qəzetinə verdiyi açıqlamasına görə, Prezident İlham Əliyevin Goranboya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikirlər millətin və xalqın qəlbində olan fikirlər idi. Onun sözlərinə görə, dövlət başçısı bu fikirləri söyləyərkən, təbii ki, bu məqamları nəzərə almışdı. Bu gün Azərbaycan xalqının beynəlxalq təşkilatların məsələyə münasibətdə biganə mövqeyindən narahat olduğunu bildirən komitə sədri, onların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret mövqe ortaya qoymadıqlarını diqqətə çatdırdı: "Uzun illərdir ki, davam edən bu münasibətə yekun verilməsinə ehtiyac var. Prezident İlham Əliyev beynəlxalq hüquq normalarının rəhbər tutulmasını, onların bu məsələdə qətiyyət nümayiş etdirməsini tələb edirdi. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz konfliktlərin sülh yolu ilə həll olunması prinsipini rəhbər tuturuq, bu istiqamətdə beynəlxalq hüququn və beynəlxalq ictimaiyyətin köməyinə ehtiyacımız var. Amma təəssüflər olsun ki, bu günə qədər məsələ ilə əlaqədar heç bir konkret mövqe ortaya qoyulmayıb".
Rəbiyyət Aslanova, belə olan halda, Azərbaycan xalqının səbrinin tükəndiyini önə çəkdi. Qeyd etdi ki, əgər beynəlxalq qurumların və sülh sahibi olan böyük dövlətlərin, münaqişə ilə bağlı öz konkret mövqeyini ortaya qoymayacaqları təqdirdə, Azərbaycan xalqının bu münaqişəni öz gücünə həll etmək cəsarəti, gücü və çox böyük qətiyyətə malik dövlət başçısı var. Bir sözlə, Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsini ölkənin ərazi bütövlüyü çərçivəsində həll etmək iqtidarındadır.
Daha sonra qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, xalqımız öz taleyini Prezident İlham Əliyevə etibar edib və bu etibar da inamdan irəli gəlir. Yəni, həm 2003, həm də 2008-ci ilin prezident seçkilərində xalqın cənab İlham Əliyevə olan inamı bir daha təsdiqləndi. Ona görə də, dövlət başçısının atdığı hər bir addım xalqın ürəyindən xəbər verməkdədir. A.Hüseynov Prezident İlham Əliyevin yeritdiyi siyasətin Azərbaycanın milli və dövlətçilik maraqlarına yönələn bir siyasət olduğunu söylədi: "Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bütün siyasi danışıqlar, diplomatik gedişlər tükənərsə, münaqişənin həlli üçün digər variantlara əl atılacaq. Bu, Azərbaycan dövlətinin və xalqının müstəsna səlahiyyətidir. Bu baxımdan, Prezident İlham Əliyevin bu fikirləri insanlar tərəfindən çox böyük rəğbətlə qarşılanıb". O, dövlət başçısı cənab İlham Əliyevin müharibə əmrinin də xalqımız tərəfindən birmənalı dəstəklənəcəyinə əminliyini qeyd etdi.
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə "Səs"ə açıqlamasında Prezident İlham Əliyevin bu fikirlərinin, birmənalı olaraq, Azərbaycan dövlətinin və ölkədəki ab-havanı ifadə etdiyini vurğuladı. Artıq cəmiyyətimizdə hərbçilər və radikal xarakterli insanlar deyil, həmçinin, bütün ölkə ictimaiyyəti münaqişənin həlli üçün sərt addımların atılmasını arzulayırlar. Bu açıqlamaların, əslində, xalqın əhval-ruhiyyəsinin ifadəsi olduğunu nəzərə çatdırdı: "Hesab edirəm ki, bu məsələdə bütün Azərbaycan xalqının vahid mövqedən çıxış etməsinin yolları tapılmalıdır. İstər iqtidar, istər müxalifət, istərsə də bütün ictimaiyyət nümayəndələri ortaq mövqedən çıxış etməlidirlər ki, ölkəmiz tərəfindən hər hansı bir sərt bəyanatlar veriləndə, onun reallaşması mümkün olsun. Ona görə də bütün siyasi qüvvələr bu cür addımları dəstəkləməli və Dağlıq Qarabağ probleminin həllində vahid mövqedən çıxış etməyə hazır olmalıdırlar".
Millət vəkili, eyni zamanda, Ermənistan rəhbərliyinin Azərbaycan tərəfin müharibə edəcəyi təqdirdə, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqları barədə söylədikləri fikirlərə də münasibət bildirdi. Qeyd etdi ki, Ermənistanın bundan fərqli mövqe nümayiş etdirməsi gözlənilən deyil. Ermənistan başqa dövlətin torpaqlarını işğal edərək, həmin dövlətin hüquqlarını, eləcə də, beynəlxalq hüquq normalarını kobudcasına pozub. Bu addımı atması ilə də prosesi təkrarlayacaq. Amma buna baxmayaraq, millət vəkili, Azərbaycan dövlətinin öz mövqeyini möhkəmləndirməsinin vacibliyini qeyd etdi: "Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın işğal altındakı torpaqları bir qarışına qədər azad olunmalıdır. Təbii ki, bir sıra dövlətlər, o cümlədən, Ermənistan buna müqavimət göstərəcək. Lakin bizi düşündürən məsələ bu, olmamalıdır. Azərbaycan öz mövqeyində israrlı olmalı və bunu digər dövlətlərə diqtə etməlidir".
O, indiki məqamda, müharibəyə başlamaqdan deyil, ona hazırlıqdan söhbət getdiyini dilə gətirdi. Bu hazırlığın dilə gətirilməsinin faydalı və digər dövlətlərə xəbərdarlıq olduğunu da bildirdi. Onlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi yönündə atacağı addımlar sırasında bu yolun istisna edilmədiyini anlamalıdır. Ona görə həmin dövlətlər və bəzi beynəlxalq təşkilatlar öz ədalətsiz mövqelərindən geri çəkilməlidirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfəri və səfər zamanı bu ölkənin Prezidenti Dmitri Medvedevlə görüşünə də diqqət çəkdi. Bildirdi ki, bu səfər Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyinin nümunəsidir. Fazil Mustafa, Rusiya ilə bu cür intensiv əlaqələrin gücləndirilməsi və onların Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan üçün faydalı nəticələr ortaya qoyacaqlarına ümidvar olduğunu söylədi.

Digər xəbərlər