Ənənəvi olaraq Aydındır ki, "Səs" qəzetinin redaksiyasında ölkəmizdə və dünyada baş verən müxtəlif hadisələrə həsr olunmuş ənənəvi dəyirmi masalar təşkil edilir. Budəfəki dəyirmi masa da "Səs" İnformasiya Agentliyinin və Azərbaycan Respublikası Təhsil Şurasının (TŞ) birgə dəstəyi ilə "Azərbaycanda müasir təhsil: nailiyyətlər, problemlər, vəzifələr" mövzusunda aparılan müzakirələri əhatə edirdi. Dəyirmi masada Azərbaycan Respublikası Təhsil Şurasının sədri, pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim, Rusiya Pedaqogika və Sosiologiya Elmlər Akademiyasının həqiqi üzvü Əjdər Ağayev, Müəllimlər İnstitutunun kafedra müdiri Rüfət Hüseynzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, fizika fakültəsinin dekanı, professor, AR TŞ İdarə Heyətinin sədr müavini Mirzəli Novruzov, Təhsil Nazirliyinin Kurrikulum Mərkəzinin direktoru Ənvər Abbasov, təhsil problemləri üzrə ekspert, Bakı Dövlət Universitetinin professoru, sabiq millət vəkili Şahlar Əsgərov, 271 saylı dövlət orta ümumtəhsil məktəbinin direktor müavini, AR TŞ-nın İdarə Heyətinin üzvü Ofeliya Arazova, Sərhəd Qoşunları Akademiyasının pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər namizədi Vəfa Ələkbərova, Kəlbəcər rayon təhsil şöbəsinin metodisti Musa Əliyev, Təhsil Problemləri İnstitutunun şöbə müdirinin müavini, pedaqoji elmlər doktoru İntiqam Cəbrayılov, sosioloq Əhməd Qəşəmoğlu və digər təhsil işçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan SİA-nın baş direktor müavini Elşad Hacıyev Azərbaycanda müasir təhsilin vəziyyəti barədə qısa məlumat verərək, təhsilin dövlət siyasətinin proritetinə çevrildiyini vurğuladı. Sürətlə inkişaf edən Azərbaycanda təhsilin inkişafına həssaslıqla yanaşıldığını və bu prosesdə təhsil ictimaiyyətinin effektiv fəaliyyətinin zəruriliyi qeyd olundu. Ümummilli lider Heydər Əliyevin "Təhsil hər bir millətin və xalqın gələcəyidir" fikrini əldə rəhbər tutan, E.Hacıyev dəyirmi masanı açıq elan etdi.
Daha sonra çıxış edən Ə.Ağayev Azərbaycanda müasir təhsilin vəzifələrinə, problemlərinə və nailiyyətlərinə toxundu. Qeyd etdi ki, dəyirmi masanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə müasir təhsil standartlarının, yeniləşən, qurulan, son illər həyata keçirilən geniş sosial siyasətlə paralel Azərbaycan təhsili dövlətin və cəmiyyətin diqqətini aparıcı təhsil islahatlarına diqqət çəkməkdən ibarətdir.
Daha sonra AR TŞ tərəfindən təltif olunan Şuşa rayon 2 saylı Malıbəyli orta məktəbinə və Kəlbəcər rayon 11 saylı orta məktəbinə birinci dərəcəli diplomlar təqdim edildi. Daha sonra Ə.Ağayev "Avropa Mətbu Nəşrlər Evi"nin təltif komissiyası tərəfindən "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" nominasiyası üzrə təltif olunaraq diploma və qızıl medala layiq görüldü.
MÜASİR AZƏRBAYCAN TƏHSİLİNİN MÜASİRLƏŞƏN MÜƏLLİMƏ BÖYÜK EHTİYACI VAR
Əjdər Ağayev:
- Təhsil bütün zamanlarda bu gündən sabaha inkişaf edir və müasirləşir. Çünki texnologiyalar, iqtisadi münasibətlər yeniləşdikcə, təhsil də mütləq yeniləşməlidir. Bəziləri təhsilə ancaq pedaqoji baxımından yanaşır. Təhsil sosial-iqtisadi münasibətlər sahəsidir. Bu gün Azərbaycan təhsilinin müasir komponentlərinə diqqət yönəltmək istəyirəm. Birincisi, müasir təhsil ən işıqlı, yaraşıqlı, təminatlı məktəblərdir. Bu proses hər il çoxsaylı təhsil ocaqları tikilməklə və ya yenisi inşa olunmaqla sürətlə davam edir. İkincisi, bu gün zaman tələb edir ki, lokallıqdan çıxaq və qloballığa gedək. Əgər hər hansı bir alimin əsərlərini kitabdan və ya qəzetdən əldə edə bilmiriksə, dərhal internetə baş vururuq. Deməli, informasiya - kommunikasiya texnologiyasından istifadə bu gün təhsilin aparıcı xəttidir. Onun öyrədilməsi, hazırlanması 15-20 il bundan öncə mövcud olsa da, arxa planda idi. Amma indi onsuz mümkün deyil. Təhsilin dünya miqyaslı sərhədləri aşması, qloballaşmaya daxil olması, o cümlədən, təhsil təcrübəsinin dünya üzrə öyrənilməsi aktuallaşır. Üçüncüsü isə, təhsilin elmi əsaslarla qurulmasıdır. Bu amillər təhsilin inkişafına zəmin yaradan amillərdir. Gərək təhsildə nəzəri ideyalar verilə, praktikalar ümumiləşdirilə və dövrün yeni təhsil modeli ortaya qoyulsun. Yuxarıda qeyd etdiyim iki məsələdə artıq proseslər irəliyə doğru gedir. Ancaq sonuncu məsələdə ləngimələr var. Elm təhsilin təcrübəsi ilə paralel deyil. Bunu problem kimi ayrıca qeyd etmək olar.
Təhsil sahəsindəki nailiyyətlərə də fikir çəkmək istəyirəm. Əsas nailiyyətlərimizdən biri 1999-cı ildən başlayan təhsil islahatlarının həyata keçirdiyi yeniliklərdir. Buraya dərsliklərin yeniləşməsi, latın qrafikası ilə sinifdən xaric oxu ədəbiyyatının nəşri, Prezidetin bu sahəyə aid sərəncamları və s. daxildir. Bunların içərisində tam yeni şəkildə qurulan və xarici terminlə ifadə etdiyimiz kurrkulumun tətbiqidir. Bəziləri kurrikulumun ingilis sözü olduğunu bildirsə də, mən bunu ərəb termini kimi ifadə etmək fikrindəyəm. Ərəbcə "külli aləm" sözü var ki, bu da "bütün aləm" mənasını verir. Kurrikulum da təhsil işinin bütün aləmidir. Dərslik, proqram, gündəlik, qiymətləndirmə, tətbiq texnologiyaları, idarəetm və s. ona aiddir. Ona görə də, kurrikulum məktəb, fənn və digər müxtəlif hissələrə ayrılır. İlk baxışdan bu məsələ mənə bəsit göründü. Amma sonra proseslər göstərdi ki, sovet dönəmindən fərqli olaraq filosof düşüncəli insanlar yox, özünü yaşada bilən, həyatı bacarıqlara malik insanlar yetişdirməliyik. Hamı oxumaq üçün deyil, yaşamaq üçün özünü hazırlayır. Əgər biz özümüzü və uşaqlarımızı həyatı bacarıqlara yiyələndiririksə, onda intellektual bacarıqlara da yiyələnməliyik. Düşüncə səviyyəsi axtarma, tapma, məntiqi mülahizə, nəticə çıxarma və ümumiləşdirmə ilə yanaşı, həm də, öz mənliyini, fikrini ifadə edə bilmə bacarığı da olmalıdır. Kurrikulum insana bu fikirləri aşılayır. Ən əsası isə keyfiyyətli müəllim kadrları hazırlanmalı və cəmiyyətə təqdim olunmalıdır. Yaxşı haldır ki, Ənvər Abbasovla mən Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan "İlin ən yaxşı müəllimi və məktəbi" təşkilat komitəsinin üzvləriyik. Buraya 100 müəllim, 50 məktəb daxildir. Bu gün Azərbaycanın müasir təhsil sistemində yaxşı müəllimlərimiz və məktəblərimiz də az deyil. Müsabiqəyə girərək oradan qalib kimi çıxan təhsil müəssisələrimiz və təhsil işçilərimiz var. Amma təəssüf ki, bu göstəricilər azdır. Ona görə müəllim hazırlığında silsilə əlaqələr var. Pedaqoji kadrları universitetlər, orta ixtisas və ixtisasartırma məktəbləri hazırlasa da, ilkin hazırlıq orta məktəbdə ibtidai təhsildən başlayır.
Əgər yadınızdadırsa, 1848-ci ildə Avstriya-Prussiya müharibəsində Avstriya güclü, silahlı olsa da, Prussiya qələbə çaldı. Sonralar kansler olmuş Liq Markdan soruşurlar ki, necə oldu ki, siz qələbə çaldınız. O cavabında qeyd etdi ki, bizim çox yaxşı ibtidai sinif müəllimlərimiz var. Özül oradan başlayır. Azərbaycanda isə əsas ibtidai təhsil sistemindən danışmaq əvəzinə, orta məktəblərdən danışırıq. Bir sözlə, müasir Azərbaycan təhsilinin müasirləşən müəllimə çox böyük ehtiyacı var. Uzun illik təcrübəmdən müşahidə etmişəm ki, müəllimlər icraçılıq hissi ilə yanaşı, gərək öz peşəsinə candan yanaşsın. O bildiyi texnologiyalardan istifadə edib dərs deməklə kifayətlənməməlidir. Əsil müəllim belə olmalıdır. Eyni zamanda, məktəblərimizdə olan təmənnalılıq, formalizm real faktlardandır. Bunları aradan qaldırmaq lazımdır. Müəllim hazırlığı, müəllim seçimi, təyinatı və qiymətləndirilməsi məsələlərində olduqca diqqətli olmaq lazımdır. Bu işdə valideynlərin üzərinə də böyük məsuliyyət düşür. AR TŞ valideylərin maarifləndirilməsi ilə bağlı layihə həyata keçirib. Həmin layihədə aydın oldu ki, onların 100-dən 90-ı məktəbin funksiyasının nədən ibarət olduğunu bilmir. Valideynlərin kütləvi sürətdə maarifləndirilməsi lazımdır. Məktəblərdə qiymətləndirmə ilə bağlı da təbliğatı gücləndirməliyik. Düzdür, Təhsil Nazirliyi Qiymətləndirmə Konsepsiyasını qəbul edib. Orada yeni anlayışlar var. Şagirdlər qiymətləndirilərkən onun məntiqi, sual-cavabda iştirakı, ümumi nailiyyəti, davamiyyəti, ədəb-ərkanı, proseslərdə fəallığı nəzərə alınır. Yəni, artıq onların təkcə biliyi deyil, nailiyyəti qiymətləndirilir. Bununla yanaşı, məktəblərimizə obyektiv real nəzarət artmalıdır.
Düşmənə qalib gəlmək istəyirsənsə, təhsilin inkişafına fikir verməlisən
Şahlar Əsgərov:
- Əvvəlcə cəmiyyət hazırlanmalıdır. Bunun üçün təhsil çox vacib bir sahədir. Siyasət, sosial həyat, iqtisadiyyat və təhsil sahələri mütləq bir-birinə uyğunlaşmasa və bir-biri ilə bağlı olmasa təhsilin cəmiyyətdə rolu dərk olunmayacaq. O, ümumdövlət yox, sahə maraqları daxilində olacaq. Burada isə parçalanma labüddür. Bu tendensiyanın siyasətlə də əlaqəsi var. Qeyd edim ki, Azərbaycan SSRİ-nin tərkibinə daxil olanda 114 min kv. kilometr ərazisi olub. SSRİ dağılanda isə oradan 86,6 min kv. kilometrlə torpaq sahəsi ilə çıxdıq. Həmin torpaq sahəsindən 28 min kv. kilometr ərazi yoxdur. Dağlıq Qarabağın itirilmiş ərazisi isə 4,4 min kv. kilometrdir. Yəni, əvvəl itirilən torpaq sahəsindən 4 dəfə azdır. Bu torpaq uğrunda 20 ilə yaxındır ki, müharibə getdiyi halda, SSRİ vaxtında itirilən 28 min kv. kilometr torpaq sahəsi haqqında tarixdə heç bir məlumat qalmayıb və bir nəfər belə olsun şəhid verilməyib. Bunun əsas səbəbi Azərbaycanın 1990-cı ilin əvvəllərində savadlı və taktiki səviyyəli vətəndaşları çox idi.
Əgər düşməninə qalib gəlmək istəyirsənsə, onda təhsilin inkişafına fikir verməlisən. Şəxsən mən bunun üçün Azərbaycan müəlliminə minnətdaram. Azərbaycan müəllimi olmasaydı və ya yaxşı savad verməsəydilər, Dağlıq Qarabağın aqibəti də itirilən 28 min kv. kilometr torpaq sahəsinin aqibəti kimi olacaqdı. Bir neçə il bundan öncə Moskvada Kəlbəcər ziyalıları ilə görüşüm oldu. Orada böyük maddi imkanı olan 6 nəfər kəlbəcərli yaşayırdı. Uzaq dağ kəndindən Moskvaya gedərək orada yüksək gəlir əldə edən insan, təbii ki, müəlliminə minnətdardır. Deməli, bu faktlar təhsilin siyasətdəki roludur.
MÜƏLLİMİN ƏN BÖYÜK KEYFİYYƏTİ ONUN ƏDALƏTLİLİYİDİR
Ofeliya Arazova:
- Burada qeyd olunan təhsil problemləri ümumi respublika problemləridir və onları hansısa məqsədə şamil etmək olmaz. Burada düzgün qeyd olundu ki, müəllimin ən böyük keyfiyyəti onun ədalətliliyidir. Düzgün qiymətləndirməmək ədalətlilik prinsipinin pozulması deməkdir. Şagird birinci sinifdən 11-ci sinifədək artıq əsil vətəndaş kimi formalaşır. Onlardan Azərbaycanımızı hər yerdə layiqincə təmsil edə bilən parlaq gənclər yetişdirilə bilər. Mən özüm şagirdlərdə qiymətləndirmə apararkən şagirdlər arasında həmin qiyməti səsə qoyuram. Əgər hansısa şagird yoldaşına qoyulan qiymətlə razılaşmasa, həmin qiyməti o şagirdə vermirəm. Yəni, bu işdə müəllim olaraq ədalətlilik prinsipinə əməl etmək istəyirəm. Əsas odur ki, şagird dərs danışarkən mövzunu tuta bilsin. Eyni zamanda, bütün suallar yalnız bir neçə şagirdə ünvanlanmamalıdır. Sual-cavab prosesində bütün şagirdlər iştirak etməlidirlər ki, müəllim onları qiymətləndirərkən daha obyektiv olsun. Burada heç kim deyə bilməz ki, bu prinsip pozuldu. Düzdür, kimlərinsə xahiş olunması faktları var. Ancaq mən bunların əleyhinəyəm. Daha yaxşı olar ki, hər bir kəs öz savadının real qiymətini alsın. Bir məqamı da qeyd etmək istəyirəm ki, orta təhsilini başa vuran şagirdlər üçün keçirilən mərkəzləşmiş test imtahanlarındakı bəzi neqativ faktlar məni narahat edir. Belə hallar oldu ki, heç savadı olmayan şagirdlər attestat aldıqları halda, 11 il ərzində savadla oxuyan uşaqlarımız attestatsız qaldılar. Bu hadisələr bizi dəhşətə gətirir.
(Ardı var)