PDF Oxu

Əsas

  • 11

Ərdoğanın Bakı səfəri çox uğurlu olub

Ərdoğanın Bakı səfəri çox uğurlu olub
Xəbər verdiyimiz kimi, mayın 14-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə hökumət nümayəndələri Bakıya gəlib. Səfər zamanı bir sıra səmərəli görüşlər keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Təkbətək görüşdən sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb. Görüş və danışıqlardan sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər.  Xarici və ölkə mətbuatı bu səfəri və aparılan danışıqları geniş işıqlandırıb.
Qeyd edək ki, Türkiyə-Ermənistan arasında baş verən yaxınlaşma Ankara ilə Bakı arasında yüksək səviyyəli münasibətlərdə inamsızlıq yaratmışdı. Hələ səfərdən öncə, Türkiyə mediası yazırdı ki, Ərdoğan rəsmi Bakını inandırmaq üçün çoxlu suallara cavab verməlidir. Məsələ sual altında idi- bu səfər münasibətləri əvvəlki səviyyəyə qaytarmaq üçün yetərli olacaqmı?
Qeyd edək ki, bir müddət öncə Azərbaycan mətbuatında Türkiyənin, Türkiyə mətbuatında isə Azərbaycanın əleyhinə fikirlər səsləndirilirdi. Lakin dövlət başçıları və rəsmilər hansısa ittihamedici bəyanatla çıxış etməyiblər. Bu mənada iki ölkə arasında incikliyin yaranması üçün ortada ciddi əsas yox idi.
Ərdoğan hələ sərhəd problemi yaşanan zaman bəyan etmişdi ki, Türkiyə Azərbaycanın mənafeyi əleyhinə heç bir addım atmayacaq. Eyni zamanda, prezident Abdullah Gül də bildirmişdi ki, Ermənistan- Türkiyə yaxnlaşması sonrakı mərhələdə Azərbaycana böyük xeyir gətirəcək.
Bu məqamlara görə, siyasi müşahidəçilər Ərdoğanın Bakı səfərinə müsbət yanaşdıqlarını bildirirlər. Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, iki ölkənin bir-biri ilə problemi yoxdur: "Türkiyənin siyasətinə qarşı çıxan insanların həm də Azərbaycanın əleyhinə çıxdığını düşünürəm və bu insanları siyasi təfəkkür sahibi hesab etmirəm. Əminəm ki, Azərbaycan və Türkiyə birgə siyasət yürtmək qərarı versələr, bundan hər iki xalq fayda görəcək. Bu səfərin iki xalq arasında yaranmış soyuqluğu və fikir ayrılığını aradan qaldıracağına inanıram".
Politoloq Rauf Mirqədirovun qənaətinə görə, Ərdoğanın səfəri onu göstərdi ki, rəsmi Bakı Türkiyə ilə münasibətləri nizamlamaq xəttini götürüb: "Bir çox hallarda qeyri-adekvat bəyanatlara baxmayaraq, siyasi rəhbərlik səviyyəsində müəyyən praqmatik yol seçilib ki, situasiya aydınlaşdırılsın və müəyyən bir ümumi xətt seçilsin. Bu, pozitiv yoldur. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycanın balanslaşdırılmış adlandırılan xarici siyasətinin bir sıra pozitiv cəhətləri ilə yanaşı, neqativ tərəfləri də var. Neqativ tərəflər ondan ibarətdir ki, Azərbaycanın təəssüflər olsun ki, birmənalı müttəfiqləri çox azdır".
Politoloq qeyd etdi ki, Ərdoğanın Bakıya səfəri münasibətləri müəyyən praqmatik məcraya yönəltmək məqsədi daşıyır: "Səfər son dövrlərə xas olan emosional yanaşmanı bir qədər yumşaltmaq və nəticə etibarilə Azərbaycan-Türkiyə müttəfiqliyinin daimiliyinə nail olmaqdır. Nəticə etibarilə Türkiyə hökumətində müəyyən dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində Azərbaycanla son dövrlərdə problemlərə səbəb olan iki əsas sahənin naziri vəzifəsindən uzaqlaşdırıldı. Həmin nazirlər xarici münasibətlərdə Əli Babacan, energetika sahəsində Hilmi Gülər idi. Bu dəyişikliklərin Azərbaycanla da bağlı müəyyən nüansları var".
"Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ilə böyük səhvdən geri dönüb. Bu səhvdən dönməsi Türkiyə üçün böyük qazancdır". SİA-nın məlumatına görə, bu bəyanatla MHP-li millət vəkili Oktay Vural Məclisdə təşkil etdiyi mətbuat konfransında çıxış edib. Vural qeyd edib ki, səfər, eyni zamanda, Azərbaycandakı Ermənistan əlaqələri səbəbindən yaranan şübhələri də təkzib edib.
"Azərbaycan Naminə İctimai Forum"un ("ANİF") prezidenti, politoloq Eldar Namazovun fikrincə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanında həyata keçirilmiş bir səfər idi. SİA-ya açıqlamasında politoloq son zamanlar iki ölkə arasında regionda gedən münasibətlərdə müəyyən fikir ayrılığı, qeyi-müəyyənlik yarandığını qeyd edib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı, Ermənistan-Türkiyə münasibətləri, daha sonra Azərbaycanla Türkiyə arasında qaz problemi bunlara əyani misaldır. Bütün bu məsələlərə təcili olaraq aydınlıq gətirilməli idi. Bu səfər çərçivəsində problemlərin əksəriyyətinə aydınlıq gətirildi" deyə E.Namazov bildirib.
Ümumiyyətlə, bu səfər hər iki ölkənin ictimai-siyasi dairələri tərəfindən yüksək qiymətləndirilir. Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə də bu cür düşünənlər sırasındadır.
"Səfəri yüksək qiymətləndirirəm. Bu səfər iki dövlətin birgə ortaq dəyərlər üzərində qurulmuş fəaliyyətində yeni bir inkişaf mərhələsidir" deyə SİA-ya açıqlamasında DİP sədri bildirib. Partiya sədrinin sözlərinə görə, bu səfər zamanı Dağlıq Qarabağ problemi ətrafında dolaşan bəzi xoşagəlməz məsələlər öz həllini tapıb.
Bundan əlavə, A.Mollazadə Türkiyə baş nazirinin Azərbaycanda bu problemlərlə bağlı verdiyi bəyanatları tədqirəlayiq hal sayır. DİP sədri Azərbaycanla Türkiyənin, digər məsələlərdə olduğu kimi, qaz məsələsində də razılığa gələcəklərinə inandığını deyib. "Bu, bir kommersiya məsələsidir. Dünyada enerji qiymətləri kifayət qədər çox çevik dəyişir. Ümid edirik ki, bu da qısa bir zaman ərzində öz həllini tapacaq"  deyə Mollazadə bildirib.
Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğanın Bakıya rəsmi səfərini şərh edərkən bildirib ki, bu səfər iki qardaş ölkə arasında bir müddət əvvəl yaşanan anlaşılmazlıqlara son qoydu: "Əvvəllər "bir millət - iki dövlət" deyən Bakı ilə Ankara bir-birinə çox yaxın idilər. Son vaxtlar bu inam sarsılmışdı. Amma Ərdoğanın bu səfəri və verdiyi təminatlarla hesab edirəm ki, münasibətlər bərpa olunar. Ancaq yenə də Türkiyənin qarşısında bir problem var ki, Ermənistanla başlayan müzakirələr hara gedəcək? ABŞ-ın da istəyi ilə həm Ermənistanla müzakirələri irəlilətmək, həm də Azərbaycanla münasibətləri yaxşı saxlamaq Türkiyə diplomatiyası üçün çox çətin olacaq"  deyə o bildirib.
B.Əlirza hesab edir ki, Ərdoğan Bakıda gedib bu sözləri söyləməklə Azərbaycanın önəmini qeyd etmiş oldu. "İndi, məncə, qarşıdakı dövrdə Bakı ilə Ankara arasındakı münasibətlər daha yaxşı vəziyyətə gələcək" deyə ekspert qeyd edib. Bülənt Əlirza Ermənistanın 17 ildən bəri işğal etdiyi torpaqları asanlıqla qaytaracağına inanmadığını da vurğulayıb: "Bu da olmasa, bütün söz-söhbətlərə baxmayaraq, Azərbaycan hər hansı razılaşmanı qəbul etməz. Azərbaycan razılıq vermədən indiki vəziyyətdən irəli getmək mümkün olmayacaq. Türkiyə qonşuları ilə sıfır problem siyasəti çərçivəsində Ermənistanla münasibətləri yoluna qoymağa çalışır".
Politoloq R.T.Ərdoğanın Bakıdan Moskvaya getməsinə də münasibət bildirib: "Mən bunu da çox vacib səfər hesab edirəm. Məlumdur ki, Tayyib Ərdoğan Vladimir Putinlə görüşündə Qafqazda sülh mövzusunu müzakirə edəcək və bu məsələdə Rusiyanın yardımını istəyəcək. Yəni, aydındır ki, Qafqazda sülhün bərqərar olmasında Vaşinqtonun cəhdləri yetərli deyil, Moskvanın da bu məsələdə qərarını görmək lazımdır".
Ümumiyyətlə, Ərdoğanın Bakı səfərini hər iki ölkənin ictimai-siyasi dairələri çox uğurlu sayır. Bu səfər Azərbaycanla Türkiyə arasında strateji müttəfqiliyin yeni bir mərhələyə qədəm qoymasını şərtləndirdi. Ermənistanla sərhəd məsələsi artıq torpaqlar azad edilənədək açılmayacaq. Buna Türkiyə tərəfindən rəsmi təminat verildi.
Regionda yaşanan proseslər Azərbaycanın xarici siyasətinin doğru və güclü olduğunu bir daha göstərdi. İlham Əliyev və R.T.Ərdoğan Azərbaycanla Türkiyənin bundan sonra da birlikdə olacağını və bir ölkənin probleminin digərinin də problemi sayıldığını göstərdilər.

Digər xəbərlər