Hər il olduğu kimi, bu il də ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar keçirilən geniş tədbirlər və bu tədbirlərdə ictimaiyyətin yüksək əhvali-ruhiyyə ilə iştirak etməsi, bir daha onu göstərir ki, "Xalq-Heydər", "Heydər-Xalq" birliyi əbədidir. Dahi liderin doğum günü ilə bağlı Yeni Azərbaycan Partiyasının rayon təşkilat sədrləri, partiya üzvləri bu tarixi günün xalqımız tərəfindən xoş əhvalla keçirildiyini bildirdilər.
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov:
- Ümummilli liderimiz, dahi şəxsiyyət, dövlətimizin qurucusu və xalqımızın xilaskarı Heydər Əliyevin 34 illik siyasi fəaliyyəti quruculuq və inkişaf təcəssümüdür. Hansı sahəyə diqqət ediriksə, ümumilli liderimiz Heydər Əliyevin keçdiyi 34 illik şərəfli həyat yolu gözümüz önündən bir lent kimi keçir. O illərə diqqət yetirəndə istər idmanımız, istər səhiyyəmiz, istər mədəniyyətimiz, istərsə də təhsilimizdə olan uğurlar qəlbimizdə qürur hissi doğurur. Azərbaycanı bütün varlığı ilə sevən bu şəxsiyyət, həmişə çalışmışdır ki, Onun məmləkəti daim yüksəklərdə dayansın. O, yaşadığı illər ərzində də buna öz bacarığı, yorulmaz əməyi ilə nail olmuşdur. Hələ 1969-1982 - ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - gənclərə xüsusi diqqət və qayğı göstərmiş, onların sağlam, vətənpərvərlik ruhunda, savadlı böyümələri üçün hər bir şərait yaratmışdır.
Ümummilli lider Heydər Əliyev o dövrdə respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, hər cür risqə rəğmən, o dövrün naqisliklərini açıq deməkdən çəkinməmişdir. Bu baxımdan, Heydər Əliyevin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu, eyni zamanda, tənqidi ruhlu çıxışı sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran ciddi dəyişikliklərin başlanğıcı kimi ehtiramla xatırlanır.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qadınlar şurasının sədri Arzu Həmzəyeva:
Ulu öndərimiz Heydər Əliyevin 86-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərində də geniş şəkildə qeyd olunmaqdadır. Tədbirlərdə qadınlarımız kişilərlə çiyin-çiyinə eyni səviyyədə fəaliyyət göstərir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın dövlətçilik tarixində ümummilli liderimiz Heydər Əliyev qədər cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirən dövlət xadimi olmayıb. Ulu öndər Heydər Əliyev tərəfindən 2000-ci ilin 6 mart tarixində imzalanmış "Azərbaycan Respublikasında Qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanının imzalanması qadınlarımızın qarşısında çox geniş üfüqlər açdı. Bu gün Azərbaycan dövlətinin qadın siyasəti onların tarixi ənənələri saxlayıb, gələcək nəsillərə ötürməsinə xidmətin nəticəsidir ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu siyasət davam etdirilir. Biz qadınlar isə, hər zaman respublikanın ictimai-siyasi həyatında ön sıralarda getməyə, fəallıq nümayiş etdirməyə çalışırıq. Çünki Azərbaycan qadınları hər bir zaman, hətta vətənimizin ən ağrılı-acılı günlərində də kişilərlə birlikdə cəmiyyətdə mühüm rol oynamışlar. Azərbaycan qadınları da onlara verilən bu qiymətin əvəzində öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmışlar. YAP Gəncə şəhər təşkilatının qadınlar şurasında birləşən qadınlarımız dövlətin və cəmiyyətin həyatında qabaqcıl rol oynamaqla yanaşı, bu prinsiplərə daim əməl ediblər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ölkəmizin və xalqımızın gələcəyi uğrunda apardığı uğurlu fəaliyyətindən bu gün hər bir Azərbaycan qadını nümunə götürməlidir.
Yeni Azərbaycan Partiyası Mingəçevir rayon təşkilatının sədri Cavanşir Yusibov:
- Bu gün xalqımız tarixi və fərəhli bir baylam ərəfəsindədir. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı illiyi ilə bağlı müxtəlif və rəngarəng tədbirlər keçirirlər. Mingəçevirdə də ulu öndərimizin 86 illiyi ilə bağlı tədbirlərdə bütün rayon ictimaiyyəti böyük ruh yüksəkliyi ilə iştirak edirlər. Çünki bugünkü firavanlığı bizlərə dahi Heydər Əliyev bəxş edib. Xalqımız heç vaxt keçmişi unuda bilməz. Danılmaz haldır ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı respublikamızın başı üstünü almış dəhşətli fəlakətləri aradan qaldırmağa, yaranmış problemlərin və onların həlli yollarının tamamilə dəyişməsinə imkan yaratdı. Əslində, 1969-cu ildə Sovetlər Birliyinin tərkibində olan Azərbaycanın həyatında tarixi bir hadisə baş vermişdi. Həmin vaxt Azərbaycan, demək olar ki, keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri idi. Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş sovetlər məkanında geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran ümummilli lider Heydər Əliyev elə ilk vaxtlardan sosial-iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə, peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Belə böhranlı şəraitdə respublikamıza rəhbər təyin olunan Heydər Əliyev durğunluq girdabında çabalayan Azərbaycanın simasını tamamilə yeniləşdirmiş, əsassız ərazi iddialarının gerçəkləşməsi üçün fürsət axtaran ermənilərin arzularını gözündə qoymuşdu. Etiraf edilməlidir ki, Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən keçən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər özünü göstərməyə başladı. Təsadüfi deyildir ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr, həm də milli özünüdərk və özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.
Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva:
- Ümummilli lider Heydər Əliyevin yeritdiyi siyasətin uğurları bütün sahələrdə özünü büruzə verirdi. Belə ki, ulu öndərimizin şəxsi müdaxiləsi və qayğısı ilə keçən əsrin 70-ci illərindən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir. Azərbaycana rəhbərlik etdiyi illərdə yalnız Azərbaycan ictimaiyyəti deyil, ümumən sovet ictimaiyyəti gördü ki, Heydər Əliyev təkcə qorxmaz, cəsarətli, möhkəm iradəli bir rəhbər yox, həm də müdrik, ensiklopedik məlumata, güclü məntiqə malik, cəmiyyəti dərindən bilən təşkilatçı, dövlət xadimi, siyasətçi, yüksək səviyyəli ideoloqdur.
Bu gün bu siyasi kursu layiqincə davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev və Heydər Əliyev Fondunu prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük fəaliyyətinin nəticəsində 1200-dən çox yeni, müasir tələblərə uyğun məktəb binaları tikilib, yüzlərlə məktəb və bağçalar təmir edilib. Azərbaycanda gedən bütün bu işlərə ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilmişdir. Bu gün çiçəklənən Azərbaycanın daha da yüksəlməsi yolunda ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinə hamılıqla dəstək olmalı, onun ətrafında sıx birləşməliyik.