“Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi konfrans keçirildi
Dünən Lənkəran Dövlət Universiteti Lənkəran şəhər icra hakimiyyəti ilə birgə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərimiz" mövzusunda elmi konfrans keçirildi.
Konfransdan əvvəl iştirakçılar Heydər Əliyev Xatirə parkına gələrək dahi rəhbərin burada ucaldılmış abidəsinin önünə gül-çiçək dəstələri düzdülər.
Tədbiri Lənkəran şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq, konfransın işinə uğurlar arzuladı.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov konfransın məqsəd və əhəmiyyətindən danışaraq, azərbaycançılıq məfkurəsinin ulu öndər Heydər Əliyevin yaratdığı ideologiyanın əsaslarından birini təşkil etdiyini bildirmiş və qeyd etmişdir ki, milli-mənəvi dəyərlərimizin qorunması, bəşəri dəyərlərə hörmət hamının borcu vəzifəsidir.
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili, professor Elmira Süleymanova "Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir", YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov "Heydər Əliyev və ümummilli ideya", AMEA-nın muxbir üzvü, Azərbaycan Tibb Universiteti urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyev "Heydər Əliyevin uzaqgörənliyi", Azərbaycan Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Balayev "Heydər Əliyevin azərbaycançılıq məfkurəsində dil problemləri", Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul işçisi Səfahı Nəzərli "Heydər Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdış" mövzularında məruzə edərək, ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünya ölkələri arasında tanınmasında tarixi xidmətlərindən danışdılar.
Plenar məruzələrdən sonra konfrans öz işini "Heydər Əliyevin azərbaycançılıq məfkurəsi" və "Milli-mənəvi dəyərlərimiz" bölmələrində davam etdirmişdir. Bölmə iclaslarında Heydər Əliyevlə bağlı 10-dan çox məruzə dinlənildi.
Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr edilmiş sənədli film göstərildi.
Elmi konfransda respublikamızın müxtəlif nazirlik və komitələrinin, qonşu rayonların icra hakimiyyətlərinin, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Konfransın sonunda iştirakçılara N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının hazırladığı tamaşaya baxdılar.