AMEA İnsan Hüquqları İnstitutunda bu elm müəssisəsinin yeni nəşri olan "Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri" kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində millət vəkilləri, tarixçilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, kitabın "Ön söz"ünün müəllifi, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva ermənilərin zaman-zaman tarixi saxtalaşdırmaq cəhdlərindən, azərbaycanlı alimlərin erməni müəlliflərin ifşa olunmasında qətiyyətli addımlarından söhbət açıb. O bildirib ki, institutun milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin böyük elmi işçisi Abbas İslamovun rus dilində nəşr olunmuş yeni kitabında ermənilərlə "hay"ların nə kimi əlaqəsinin olmasından, onların tarixi keçmişindən, yazı, dil və əlifbasından söz açılır, yazılı abidələri barədə geniş şərhlər verilir. Təqdim edilən kitab arxiv sənədləri, tarixi abidələri əsasında uydurma erməni saxtakarlığını sübut edən növbəti əsərdir.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu və bu baxımdan, sözügedən kitabın əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, 2015-ci ildə ermənilərin qondarma "soyqırımı"nın 100-cü ildönümünün qeyd edilməsinə qarşı ölkəmizdə ciddi hazırlıq işləri görülür: "Bu istiqamətdə artıq beynəlxalq təşkilatlara müraciətlər var. Bizim əks arqumentlərimiz sistemli olmalıdır". Sonra məruzə ilə çıxış edən kitabın müəllifi Abbas İslamov qeyd etdi ki, nəşrdəki məlumatlar faktlara, tarixi sənədlərə söykənir. Tədbirdə çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin aparat rəhbəri, general-mayor Fərhad Vahabov, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərli və başqaları erməni saxtakarlığına qarşı informasiya hücumunda yeni kitabın əhəmiyyətini və dəyərli mənbə olduğunu qeyd etdilər. Bildirilib ki, ermənilərin məkrli siyasətinin, qəddarlığının dünya ictimaiyyətinə çatdırılması üçün bu və bu kimi kitabların xarici dillərə tərcümə olunmasına ehtiyac var.
NƏZAKƏT