"Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişikliklər edilib
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Əvvəlcə spiker Oqtay Əsədov iclasın gündəliyini səsverməyə çıxarıb və millət vəkilləri gündəliyi təsdiq ediblər. Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar eiblər. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev Asəf Hacıyevi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleaysının Baş katibi seçilməsi münasibətilə təbrik edib. Onun sözlərinə görə, bu hadisə dövlətimizin həyata keçirdiyi xarici siyasətin, parlamentin fəal beynəlxalq əməkdaşlığının uğurudur: "Həmin iclasda başqa namizədlər də var idi. Amma 12 dövlətdən 10-u Azərbaycanın nümayəndəsinə səs verdi. Bu, bizim böyük uğurumuzdur ki, Azərbaycan nümayəndəsi nüfuzlu beynəlxalq təşkilatın rəhbərliyinə seçilib".
Millət vəkili bildirib ki, Milli Məclisin nümayəndələri beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli münasibətlər müstəvisində fəallıq göstərirlər. "Bu fəaliyyətdə başlıca olaraq Azərbaycandakı proseslərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsidir. Bu istiqamətdə əldə olunan nəticələr qənaətbəxşdir və parlamentarilər bu yöndə fəaliyyətlərini uğurla davam etdirəcəklər"- deyə M.Quliyev vurğulayıb. Deputat beynəlxalq təşkilatların tədbirlərində nümayəndələrimizin Azəbaycan dilində çıxış etmələri üçün zəruri tədbirlərin görülməsini təklif edib. Onun fikrincə, bu reallaşarsa, Azərbaycanın təbliği baxımından ciddi addım ola bilər.
Millət vəkili Zahid Oruc isə Avropa İttifaqının Krıma qarşı sanksiyalar tətbiq etdiyini bildirib. O, qeyd edib ki, Avropa İttifaqı işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə də bu sanksiyaları tətbiq etməlidir: "ABŞ Konqresi Gürcüstana 75, Ermənistana 25 milyon, Azərbaycana isə 23 milyon dollar yardım ayırıb. Bu illər ərzində isə Ermənistana ayrılan yardım 2 milyard, Qarabağ separatçılarına ayrılan yardım isə 83 milyon dollardan artıq olub". Deputat bildirib ki, ABŞ bu yardımı kəssə, Qarabağ probleminin həllinə yardımçı olar: "Mən Avropa İttifaqı və ABŞ-a müraciət edirəm ki, Ermənistana və Qarabağa yardımı dayandırsın, deputatların səfərlərinə qadağa qoysun". Z.Orucun sözlərinə görə, Azərbaycan parlamenti də Avropa Parlamentinə müraciət edərək, avropalı parlamentarilərin separatçı rejimin nəzarətində olan Azərbaycan ərazilərinə səfərinə birdəfəlik qadağa qoyulmasını tələb etməlidir.
Spiker Oqtay Əsədov isə deyib ki, artıq Avropa Parlamentinə belə müraciət edilib. O. Əsədov həmçinin bildirib ki, Azərbaycan Ukrayna məsələsində də bu ölkənin ərazi bütövlüyünü dəstəkləyib, amma Krıma qarşı sanksiyalara qoşulmayıb: "Çünki eyni sanksiyaların separatçı Dağlıq Qarabağ rejiminə da tətbiq olunmasını tələb edirik".
"Hazırda ölkəmiz seçki dövrünü yaşayır. Seçkilər demokratiyanın, insanların öz siyasi iradəsinin göstəricisidir. Bu mənada bələdiyyə seçkiləri böyük əhəmiyyət kəsb edir". Bu fikirləri isə millət vəkili Bəxtiyar Əliyev deyib. O bildirib ki, Azərbaycan vətəndaşlarının bir hissəsi müəyyən səbəblərdən bələdiyyə seçkilərində iştirak edə bilmir. Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə bələdiyyələr yaratmaq mümkün olmayıb.
"Ona görə də, məcburi köçkünlərimiz bələdiyyə seçkilərində iştirak etməkdən məhrumdur. AŞPA-nın 2005-ci ildə qəbul olunmuş qətnaməsində qeyd olunur ki, Dağlıq Qarabağdakı rejim separatçı rejimdir. Heç bir dövlətdə separatçı rejimin nümayəndələri qəbul olunmamalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə etimaddan tez-tez danışırlar. Amma onlar Dağlıq Qarabağa Ermənistanın ərazisindən səfər edirlər. Halbuki bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Əgər həmsədrlər etimad mühiti yaratmaq istəyirlərsə, Azərbaycan tərəfindən öz ərazimiz olan Dağlıq Qarabağa getməlidirlər"- deyə B.Əliyev qeyd edib.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Millət vəkilləri bir sıra beynəlxalq və ikitərəfili sazişləri təsdiqləyiblər. İclasda, həmçinin "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişikliklər məsələsi də müzakirəyə çıxarılıb. Layihəyə əsasən qanunun 3-cü maddəsinə (əsas anlayışlar) "oxşar ad" termini əlavə edilir və onun təsnifatı göstərilir: "Oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan edilir.
Bundan başqa, layihədə xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulur. Qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hazırda bu, il ərzində 3 dəfədir.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, burada heç bir məhdudiyyətdən və çətinlikdən söhbət getmir: "Sadəcə, məsələ konkretləşdirilir. Tənqid elə, sözünü de, amma təhqir eləmə, başqasının haqqına girmə. O zaman kimin səninlə nə işi var?" Millət vəkili deyib ki, qanunları pozanlar cəzalandırılmalıdır və nəzərdə tutulan dəyişikliklər də bu məqsədə xidmət edir. Onun sözlərinə görə, fəaliyyətində qanunvericiliyə əməl edənlər dəyişikliklərdən narahat olmamalıdır.
Milli Məclisin Sədr müavini Bahar Muradova bildirib ki, mətbuatın əsas işi informasiyanı almaq, ötürmək, təhlil, analiz və başqa istiqamətli fəaliyyətlər həyata keçirməkdir. O, qeyd edib ki, hər bir mətbuat nümayəndəsi öncə Azərbaycan vətəndaşıdır: "Ona görə də, KİV nümayəndələri Azərbaycanı tək ölkə içində yox, həm də ölkədən kənarda müdafiə etməlidir".
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub. İclasda, həmçinin, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.
RƏFİQƏ KAMALQIZI