PDF Oxu

Əsas

  • 1 720

25 il öncədən fərqlənməyən dağıdıcılıq siyasəti

image

20 Yanvar hadisələrinin günahı bu gün də hakimiyyətə iddialı qüvvələrin boynundadır

Düz 25 il öncə müstəqillik uğrunda şəhidlik zirvəsinə ucalarkən bu günün radikal müxalifət "lider"ləri həmin dövrlərdə hakimiyyətə can atırdılar. Məhz buna görə də, indiki radikallarla 25 il əvvəlki hakimiyyətə gəlmək hərisləri arasında hər hansı fərq axtarmağa ehtiyac yoxdur. Çünki 20 Yanvar hadisələrinin günahı bu gün də hakimiyyətə iddialı qüvvələrin boynundadır. Elə bu səbəbdəndir ki, bu dağıdıcılar yenə də növbəti parlament seçkiləri ərəfəsi piket, mitinq və küçə yürüşləri keçirməklə, fasiləsiz kütləvi aksiyalara start verməyə çalışırlar. Bunun xalqa lazım olmadığını isə daha aydın tərzdə anlasalar da, bu yanlış yollarından hələ də dönmək iqtidarında deyildir. Çünki proqramlarında dəyişməz olan yeganə amil cəmiyyəti inkişafdan, tərəqqidən xaos və süquta doğru aparmaqdır.

Onlar günahlarını yumaq əvəzinə, daha da artırmaqdadırlar

Həmin gün, yəni yanvarın 20-də səhər prezident aparatının qarşısında hakimiyyət hərisləri ilə yanaşı, Primakov və Yazov kimi Kreml qaniçənləri də onlarla bir sırada dururdu. Bir faktı da xatırladaq ki, səhər fövqəladə vəziyyət elan edilsə də, qırğın bir neçə gün davam etdi. "Liderlər" də canfəşanlıqla öz məkrli planlarını gerçəkləşdirməkdə idilər. Bu gün həmin dağıdıcılar özlərini təmizə çıxarmağa çalışaraq, bildirirlər ki, o vaxt səhv etmişdilər, indi səriştələrini artırıblar və günahlarını yumağa hazırdılar. Belələrinə inanmaq aldanmaqdan başqa bir şey deyildir. Çünki belələri öz adlarını su üzərində yazırlar ki, məsuliyyət yükündən azad olsunlar. O qanlı-qadalı gecədə hakimiyyət hərisləri öz aralarında bir nəfər də olsa itki verməyərək, dinc əhalinin qırğınına səbəb oldular. Çətin məqamda "asta qaçan namərddi" deyib, aradan çıxaraq, sudan duru çıxırdılar. Ancaq 1990-cı il 20 Yanvar faciəsindən sonra qurumlarında çat baş verdi. Radikalların bir-birilərinə qənim kəsilmələri tezliklə qurumlarının saylarının artmasına səbəb oldu. Araz və Zərdüşt Əlizadələr AXC-dən uzaqlaşıb ASDP-də möhkəmləndilər. Bir müddət sonra isə Leyla Yunus ASDP-dən ayrılıb öz partiyasını yaratdı. AXC-çilər Moskvaya getmiş Etibar Məmmədovu öz qurumlarının üzvü hesab etmədiklərini deyib, onu Lefortovoya saldılar. E.Məmmədov oradan çıxdıqdan sonra AMİP-i yaratdı.

Xalq belə qəmbərquluları qəbul etmir

Bu gün radikallar yaratdıqları oyuncaq siyasi partiyalarla yenə də hakimiyyətə gəlmək istəyi ilə yaşayırlar. Xalq inkişaf və tərəqqiyə "hə" dediyi bir vaxtda, bu bədbəxtlər hələ də "hannan-hana, damdan-dama" deyə-deyə acizliklərini nümayiş etdirməkdədirlər. Bir də neyləsinlər, axı radikalların bacardıqları yeganə iş bir qurum (o zamanın AXC-si) daxilindən çıxaraq, ayrı-ayrı, müxtəlif qurumlar daxilində sığınmaqdır. Yeganə istəkləri ciddi-cəhdlə tərsinə hərəkət etməklə, təmsil olunduqları ayrı-ayrı partiyaları bir blokda birləşdirməkdədir. Radikalların bu arzuları heç cür gerçəkliyə qovuşmur. Çünki bu bədbəxtlər hələ də anlamırlar ki, xalq belə aciz qəmbərquluları qəbul etmir.

Rəfiqə Hüseynova

Digər xəbərlər