Leyla Əliyeva: "Əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm"
Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, əsas məsələlərdəndir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni və siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur.
Dövlətlər arasında dostluq münasibətləri kontekstində əlaqələrin genişlənməsinə və tərəfdaşlığın səmərəli olmasında Heydər Əliyev Fondu da töhfələrini vermiş olur. Fondun Türkiyə, Rusiya və bir sıra başqa ölkələrdə nümayəndəliklərinin yaradılması və fəaliyyəti bu əlaqələrin möhkəmlənməsində bilavasitə rola malikdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın qısa zaman məsafəsində gördüyü işlər, həyata keçirdiyi layihələr bəzi ölkələr arasında, eləcə də Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir.
LEYLA ƏLİYEVANIN STATUSLARI HƏYATA KEÇİRDİYİ LAYİHƏLƏRİN REAL FƏALİYYƏTİNİN GÖSTƏRİCİSİDİR
"Baku" jurnalının təsisçisi, "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri, Ümumrusiya Azərbaycanlılar Konqresi Mərkəzi Şurasının Rəyasət Heyətinin üzvü olan Leyla Əliyeva bu və ya digər statuslarilə həyata keçirdiyi layihələr real fəaliyyətinin göstəricisidir. Leyla Əliyevanın gördüyü işlər dünya miqyasında cavabsız qalmır. Onun təltifləri bu fikri deməyə əsas verir. Belə ki, Nyu-Yorkun humanitar aksiyalarında fəal iştirakına görə "Key to Life" fəxri mükafatına layiq görülüb. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq işində xidmətlərinə görə "Tərəqqi" medalilə təltif edilib. Ətraf mühitin mühafizəsi üzrə VII Beynəlxalq Layihə Olimpiadasının Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji mühitin qorunmasına görə" fəxri fərmanla təltif edilib. Dünyada aclığa qarşı mübarizəyə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılmasına, sağlam ərzaq sistemi yaradılmasına verdiyi töhfəyə görə 2015-ci ilin may ayında Leyla xanım BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb. Onun çoxsaylı təltifləri sırasında "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" medalı da var.
FORUMUN MƏQSƏDİ RUSİYADA AZƏRBAYCAN GƏNCLƏRİNİ BİRLƏŞDİRMƏK, ONLARIN RUSİYA CƏMİYYƏTİNƏ İNTEQRASİYA OLUNMASINA KÖMƏK ETMƏKDİR
Bu günlərdə Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin "RAGB: gənclərin layiqli gələcəyi naminə" mövzusunda VI Forumu keçirilib. Bu konfransı keçirməkdə məqsəd Rusiyada Azərbaycan gənclərini birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına kömək etməkdir. Bu gün Rusiyanın 70-dən çox regionunda RAGB-nin bölmələri fəaliyyət göstərir. Təbii ki, Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rolu böyükdür. Gənclərin əməkdaşlığında və ölkə hüdudlarından kənarda gənclər təşkilatlarının inkişafında Leyla xanımın gördüyü işlər miqyası və əhəmiyyəti baxımından yüksək qiymətləndirilir. Belə ki, forumda Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Slutski Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin çoxşaxəli fəaliyyətini və təşkilatın rəhbəri Leyla Əliyevanın ölkələr arasında əlaqələrin genişlənməsinə şəxsi töhfəsini yüksək dəyərləndirib. Rusiya Prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə bildirib ki, azərbaycanlı gənclər hərəkatının lideri Leyla Əliyevanın Rusiyanın gənclər təşkilatlarilə sıx əməkdaşlıq münasibətləri, Rusiya-Azərbaycan humanitar əlaqələrinin möhkəmlənməsinə yönəlmiş fəaliyyəti təqdirəlayiqdir. Rusiyanın birinci kanalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VI forumuna həsr edilmiş süjet tamaşaçılara təqdim edilib. Sujetdə ötən illər ərzində mədəniyyətlərarası dialoqun dəstəklənməsi Leyla xanımın gördüyü işlərə nəzər salınıb. Qeyd olunub ki, azərbaycanlı gənclərin Moskva forumunda Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsindən danışılıb. Birinci kanalın süjetində deyilir: "Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin artıq altıncı dəfə keçirilən forumunun işində 600-dən çox nümayəndə, o cümlədən milli diasporun təmsilçiləri və ictimai təşkilatların fəal üzvləri iştirak edib".
Leyla xanımın fəaliyyətinin müxtəlif istiqamətlərə şaxələnməsi onun həyat sevgisini, insani dəyərlərini, bir gənc olaraq vətən, cəmiyyət qarşısında məsuliyyət hissinin göstəricisidir.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi kimi ictimai təşkilatının sədri olan Leyla Əliyeva öz ismi ətrafında yüksək fikir formalaşdırmağa nail olub. Leyla xanım, həqiqətən də ölkələr arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün böyük işlər görür. Beynəlxalq aləmdə millətlərarası münaqişələr yaşandığı dövrdə Azərbaycanın sülh və əmin-amanlıq istəyini dünyaya göstərə bilir. Leyla Əliyeva BMT radiosuna verdiyi müsahibəsində belə deyir: "Heydər Əliyev Fondu mənim ictimai fəaliyyətə öz töhfəmi vermək üçün böyük imkan deməkdir. Hesab edirəm ki, Azərbaycan gənclərinin hər bir nümayəndəsi bu işə müəyyən dərəcədə öz töhfəsini vermək istəyir. Əlbəttə, əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm".
Nəzakət ƏLƏDDİNQIZI