PDF Oxu

Əsas

  • 1 904

Korrupsiya və rüşvətxorluq üçün meydan daralmalıdır!

image

İlham Əliyev: "Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır"

Son zamanlar ölkənin ictimai-siyasi, eləcə də sosial-iqtisadi sahəsində dövlətimiz tərəfindən aparılan qətiyyətli siyasət ilk növbədə belə qənaətə gəlməyə imkan verir ki, ölkə rəhbəri, Prezident İlham Əliyev Cənablarının istiqamətləndirdiyi mütərəqqi xətt bilavasitə xalqı narahat edən bir sıra arzuolunmaz halların birdəfəlik olaraq aradan qaldırılmasına yönəlib. Burada əsas olaraq, korrupsiya və rüşvətxorluğa qarşı davam etdirilən amansız mübarizə faktorunun dayanması da şübhəsizdir. Son zamanlar ictimai rəy də görülən ciddi tədbirlərin nəticələrini görməkdədir. Belə ki, dövlət rəhbərimiz tərəfindən eyni zamanda "böyük bəla" kimi qiymətləndirilən korrupsiya və rüşvətxorluq amili cəmiyyətdə özünə yer tapdıqca, bu, ilk növbədə ölkəmizin inkişafının, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasının qarşısına sədd çəkmiş olur. Məhz bu əhəmiyyətli məqamı daim öndə tutan Prezident İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki nitqində vurğulayıb.

"Müvafiq göstərişlər verilib"

Həmçinin, sosial bəla kimi də qiymətləndirilən korrupsiya və rüşvətxorluğun kökünün kəsliməsi üçün bundan sonra da davamlı və daha sərt addımların atılacağını istisna etməyən Cənab Prezident bir çox mühüm nüanslara toxunub. O, qeyd edib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Sitat: "Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilib. Burada biz öz işimizi üç istiqamət üzrə davam etdirməliyik. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək. Çünki əfsuslar olsun ki, buna hələ ehtiyac var".

"Bu bəla aradan götürüləcək"

Göründüyü kimi, Prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı başlatdığı amansız mübarizəsinin əsas qayəsi, əsas amili məhz Azərbaycan vətəndaşının maraqlarının qorunmasına yönəlib. Bu baxımdan, cəmiyyətdə heç kimin toxunulmaz olmadığını xatırladan dövlət rəhbərimiz baş verənlərdən hələ də nəticə çıxara bilməyən tərəflərə kəskin ismarıcını göndərib. Məhz cəza tədbirlərinin davam etdiriləcəyini vurğulayan dövlət başçımız bu işdə barışmaz mövqedə dayandığını isbatlayıb.

Digər tərəfdən, ölkə başçımız sözügedən halla mübarizədə yeniliklərin, islahatların da aparılmasının zəruriliyinə toxunub. Çünki yeniliklər olmasa, növbəti mütərəqqi addımlar atılmasa, bu bəlanın mövcud olduğu meydanı daraltmaq qeyri-mümkün olar. Prezident İlham Əliyev bunun üçün sistemli işlərin aparılmasının vacibliyini bu cür vuğulayıb: "EBununla bərabər, əlbəttə ki, sistem xarakterli, institusional islahatların aparılmasına böyük ehtiyac var. Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün".

"Məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun"

Qeyd olunanlarla yanaşı Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı başlanılan mübarizə istiqamətində növbəti mühüm tezislərini irəli sürüb. Belə ki, digər sahələrlə yanaşı, məhkəmə sistemində də müəyyən çatışmazlıqlar mövcuddur ki, həmin çatışmazlıqlar bir sıra hallarda rüşvətxorluqla, korrupsiya ilə nəticələnir. Əlbəttə ki, bu məqam da ictimai rəyin, xalqın maraqlarına cavab verməyən arzuolunmaz mövcudluqdur. Ona görə də dövlət rəhbərimiz, xüsusilə vurğulalyıb ki, hələ ki, görüləsi işlər çoxdur və məhkəmə-hüquq sisteminin bu sahədəki fəaliyyəti çox önəmlidir: "İlk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda, məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun".

Beləliklə, Prezident İlham Əliyevin başlatdığı mübarizə də belə deməyə əsas verir ki, dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb və bu, mütərəqqi institusional tədbirlərinin həyata keçirilməsində də özünü sübuta yetirir. Onun böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirlərini inamla həyata keçirilməsi də yuxarıda qeyd edilən faktorları kifayət qədər əsaslandırmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər