Milli Məclisə seçkilərin yekun rəsmi nəticələri elan olunduqdan sonra Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti rəhbərlikdən icazəsiz namizədliyini irəli sürmüş üzvlərlə bağlı qərar qəbul edəcək. SİA-nın xəbərinə görə, bunu YAP İcra katibinin müavini Siyavuş Novruzov açıqlamasında deyib. O bildirib ki, seçkiöncəsi bir neçə nəfəri çıxmaq şərtilə, partiyanın qərarı olmadan namizədliyini irəli sürən əksər YAP üzvləri öz namizədliklərini geri götürüblər: "Onlar YAP-ın qərarı ilə irəli sürülən namizədlərə alternativ yaradırdılar. Söhbət apardıqdan sonra onların əksəriyyəti namizədliyini geri götürdü. Bir neçə nəfər isə namizədliyini davam etdirdi. Mərkəzi Seçki Komissiyası seçilmiş deputatların mandatlarını təsdiq etdikdən və Konstitusiya Məhkəməsində bu məsələ təsdiqləndikdən sonra YAP İdarə Heyəti seçkinin nəticələrinə həsr olunmuş toplantı keçirəcək və bu şəxslər barədə də qərar veriləcək".