"Sözün əsl mənasında Yeni Azərbaycan Partiyası (YAP) zərurətdən yaranan bir partiyadır. YAP digər partiyalar kimi siyasi təşkilat xatirinə yaranmayıb. Bu, sırf zərurət nəticəsində ortaya çıxan bir partiyadır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP-ın yaranmasının 23-cü ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib. YAP İcra katibi müavininin sözlərinə görə, o vaxtlar Azərbaycanda baş verən hadisələr - Azərbaycanın ərazilərinin işğal olunması, müstəqilliyinin əldən getməsi təhlükəsi, vətəndaş müharibəsi, separatizmin baş qaldırılması və s. digər bu kimi amilləri nəzərə alınsa görərik ki, YAP sırf xalqın tələbi ilə yaranan bir partiyadır: "Hakim partiya yarandığı gündən bu günə kimi dövlətçilik yolunda var qüvvəsi ilə çalışıb. Ümummilli Lider tərəfindən təməli qoyulan YAP dövlətin əsas ana xəttini daim davam etdirib. Partiya əsas prinsiplərinə sadiq qalaraq dövlətçilik, qanunçuluq, sosial ədalət prinsiplərini həyata keçirib. Məhz bunun nəticəsində Azərbaycan daha da möhkəmlənib. Bu gün ölkəmiz iqtisadi cəhətdən inkişaf edib. Heç də təsadüfi deyildir ki, Ümummilli Lider söyləmişdir ki, "YAP dünənin, bu günün və sabahın partiyasıdır". S.Novruzov əlavə edib ki, hakim partiyanın gördüyü işlər göz önündədir: "YAP Azərbaycanın müstəqilliyini qoruyub saxladı, dövlətçiliyi möhkəmləndirdi və iqtisadi inkişafa başladı. Bu gün ölkəmiz dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilib. Təbii ki, bu proses davam olunur. Heydər Əliyev siyasi xətti əbədidir və bu xətt davam olunmalıdır. Cənab Prezident İlham Əliyev də YAP-ın Sədri kimi bu xətti çox uğurla davam etdirir. Bu baxımdan da hakim partiya hələ uzun illər hakimiyyətdə olacaq. Çünki partiya xalqın partiyasıdır. Bu gün bütün xalq Azərbaycan Prezidentini dəstəkləyir. 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasında Milli Məclisə keçirilən seçkilərdə də YAP xalqın böyük dəstəyini qazandı və parlament seçkilərində qələbə çaldı. Təbii ki, gələcəkdə də belə qələbələrimiz çox olacaq".