PDF Oxu

Əsas

  • 2 083

"Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!" aksiyası keçirilib

image

Məktəblilərin yol hərəkəti qaydalarını öyrənmələri, ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasma xidmət edir. Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların davranışından asılıdır. Yol hərəkəti qaydalarının öyrədilməsi və bu istiqamətdə maarifləndirici aksiyaların keçirilməsinin çox böyük əhəmiyyəti var. Yol hərəkəti və ictimai nəqliyyatdan düzgün istifadə qaydaları haqda maarifləndirmə məktəblərin, aidiyyəti üzrə təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Hər il bu istiqamətdə tədbirlər keçirən Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və "Azəryolservis" ASC tərəfındən ictimai nəqliyyatdan və piyada keçidlərindən düzgün istifadə ilə bağlı noyabrın 24-də növbəti maarifləndirici aksiya təşkil olunub. Aksiya zamanı məktəblərin qarşısında azyaşlı məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanılıb. Xüsusilə, məktəblərin yaxınlığındakı yeraltı və yerüstü piyada keçidlərin yanında üzərinə "Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!" şüarı yazılan posterlər yapışdırılıb.

Yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi və maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "SƏS" qəzetinə açıqlamasında bildirib ki, statistikaya nəzər salsaq, piydaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri kifayət qədərdir: "Hətta 50%-dən artıqdır. Məhz bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinə çox böyük ehtiyac var. Xüsusilə də, bu tədbirlər məktəblilər arasında mütəmadi şəkildə keçirilməlidir. Çünki məktəblilər arasında da yol-nəqliyyat hadisələri zamanı piyadaların vurulması ilə nəticələnən qəzaların sayı çoxdur. Təkcə ötən ilin statistikasına nəzər salsaq, 77 bu cür hadisə baş verib, 16 nəfər məktəbli ölüb, 66 nəfər isə yaralanıb. Bu da kifayət qədər ciddi bir rəqəmdir".

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı bu tip tədbirlərin əhəmiyyətindən danışıb: "Biz tez-tez şahidi oluruq ki, yol hərəkəti qaydalarına riayət etmədiyi üçün məktəblilər yol qəzalarının qurbanlarına çevrilirlər. Bütün bu xoşagəlməz olayların qarşısını almaq üçün maarifləndirici tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir".

"Həyat" İctimai Birliyinin sədri, yol eksperti Azər Allahverənov qeyd edib ki, bu tədbirlər yaşından asılı olmayaraq, bütün insanlar üçün əhəmiyyətlidir: "Söhbət insan həyatından gedir. Ona görə də yeraltı və yerüstü keçidlərdən istifadə etmək lazımdır. Buna riayət etmədikdə xoşagəlməz hadisələr baş verir. Məktəblilərin yol qaydalarını bilməsi isə, daha vacibdir. Çünki təəssüflə qeyd etməliyəm ki, yol hərəkəti qaydalarının pozulması nəticəsində ölənlərin bir hissəsini də məktəblilər təşkil edir".

Samir

Digər xəbərlər