Azərbaycanda Konstitusiya Məhkəməsinin 2015-ci il Milli Məclisə keçirilən seçkilərin nəticələri YAP-ın tamam tükənmiş müxalifət üzərində daha bir möhtəşəm qələbəsi ilə yadda qaldı
Dünən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum iclasında 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxıldı və qərar qəbul olundu. Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi. Mərkəzi Seçki Komissiyası 125 seçki dairəsi üzrə keçirilən seçkilərin nəticəsini yalnız bir dairədə ləğv etdi. Bu, 90 saylı Ağdaş seçki dairəsidir. Həmin dairədən namizəd Çingiz Əsədullayev idi. MSK 90 saylı Ağdaş seçki dairəsində səslərin sayılmasında qanun pozuntularının olduğunu əsas gətirərək səsvermənin nəticələri ləğv edib ki, bu da dairələr üzrə nəticələrə təsir etmir.
Qeyd edək ki, parlament seçkilərinin yüksək səviyyədə keçməsi üçün Azərbaycan hökuməti mümkün olan hər bir şeyi etmişdir. Məhz bunun nəticəsidir ki, 1993-cü ildən bəri ölkədə keçirilən bütün seçkilərdə iştirak edən və qalib gələn YAP Azərbaycan xalqının ümid yerinə çevrilib və onun etimadını doğruldub. Xalq yenidən Ulu Öndər Heydər Əliyev partiyasına səs verdi və Cənab İlham Əliyev komandasını dəstəklədiyini göstərdi.
Bunun obyektiv və subyektiv səbəbləri var idi. Ötən dövrdə dövlət başçısının gərgin və şərəfli fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib, ölkəmiz regionun lider dövlətinə çevrilib. Həyata keçirilmiş məqsədyönlü siyasət, uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, möhkəm ictimai-siyasi sabitlik sürətləndirilib, dinamik iqtisadi inkişaf həm gənclərimizin, həm də bütün xalqımızın xoşbəxt gələcəyə inamını daha da artırıb. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış yüksək nailiyyətlər onu, haqlı olaraq, xalqımızın qürur mənbəyinə və uğur simvoluna çevirib.
Qeyd edək ki, istər seçkilər keçirildikdən, istərsə də Azərbaycan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədikdən sonra radikal müxalifətçilər yenidən böhtan və qeyri-obyektiv yalanlar irəli sürülməkdədir. Gülməlisi isə odur ki, bu adamlar hələ seçkiöncəsi keçirilməmiş seçkinin demokratikliyini şübhə altına almağa çalışırdılar. Belə bir analoq dünya təcrübəsində rast gəlinməyən hadisə idi. Çünki seçkilər bitməmiş onun nəticələri barədə kimsə nəsə deyə bilməz.
Dəfələrlə qeyd olunub ki, müxalifət uğursuzluğunun kökünü başqa yerdə axtarmasın, son vaxtlar dəb halını almış "xalq günahkardır" və "mübarizəyə hazır deyil" kimi deyimlərlə baş qatmasın. Düşərgənin uğursuzluğunun suçu siyasi arenanı tərk etmək istəməyən ənənəvi müxalifət liderlərinin özündədir. Artıq bu həqiqət düşərgənin öz daxilində dərk edilir və ara-sıra dilə gətirilir. Maraqlıdır ki, ənənəvi müxalifət liderlərinin tənqidi elə düşərgənin öz içindən, liderlərə yaxın şəxslər tərəfindən səslənir. Lakin bütün iradlara baxmayaraq, vurğulamaq lazımdır ki, radikal müxalifət təmsilçilərinin seçki prosesinə müdaxilələr və seçkidə iştirakdan imtina barədə fikirlərinə rəğmən imzaların toplanması, təsdiqlənməsi dövründə bütün partiyalara eyni şərait yaradılmışdı. Yəni YAP-a yaradılan şərait digər partiyalara da yaradılmışdı. Bu sahədə heç bir problem yox idi. Əsas problem o idi ki, özlərini müxalifət adlandıran siyasi partiyaların sosial dayaqları tükənib.
R.HÜSEYNOVA