Hüquq-mühafizə orqanları Nardarandakı hadisələrlə bağlı ciddi ölçü götürməlidir. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Nardaran hadisələrinə münasibət bildirərkən deyib. S.Novruzov qeyd edib ki, bu, silahlı dəstələrin hazırlanması, dövlətin quruluşunun dəyişdirilməsinə cəhd, eləcə də onların hansısa ölkələrin təsir vasitələrinə çevrilməsi nəticəsində baş verən hadisədir. Millət vəkili qeyd edib ki, həmin insanların məsuliyyətə cəlb olunması üçün mütəmadi müraciətlər olub: "Onların gəlib izahat vermələri üçün müraciətlər edilib, lakin onlar proseslərə gəlməyiblər. Bununla əlaqədar tədbir keçirilib. Tədbir nəticəsində çox ciddi qarşıdurma baş verib. Hüquq-mühafizə orqanlarına tabesizlik göstərilməsi nəticəsində iki polisimizi qəhrəmancasına itirmişik. Halbuki bu insanlar ictimai asayişi qorumaq üçün, elə onların özlərini qorumaq üçün işləyirdi. Hesab edirəm ki, bu hadisələrlə bağlı hüquq-mühafizə orqanları ciddi ölçü götürməlidir".