"Azərbaycanda hər kəs qanuna tabe olmalıdır. Nardaranda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı polisə müqavimət göstərilib. Qanuni fəaliyyətini həyata keçirən dövlət qurumlarına bu cür müqavimət göstərənlər cəzalarını alırlar". SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Nardaranda baş verən hadisələrə görə məsuliyyət hadisəni törədənlərin üzərinə düşür: "Bu şəxslərin bir qismi saxlanılıb. Hazırda istintaq-əməliyyat işləri aparılır. Polisə qarşı silah işlədilməsi ağır əməldir. Bu, faktiki olaraq terror əməli kimi dəyərləndirilir. Nardaran əhalisi bu cür hərəkətlərin törədilməsinə imkan verməməlidir. Azərbaycan ictimaiyyəti milli təhlükəsizliyimizin, ictimai asayişin qorunması ilə bağlı atılan addımları dəstəkləyir". M.Qurbanlı Nardaranda müxəlif bayraqların asılmasına da toxunaraq qeyd edib ki, Azərbaycanda bayraq haqqında qanun var: "Bayraq qaldırmağa ehtiyacı olan zaman Azərbaycan dövlət bayrağı qaldırılmalıdır. İdman yarışları və digər tədbirlərdə bayraq qaldırıla bilər. Amma bu da qanunla tənzimlənir. Nardaranda isə dini atributlar hesab olunan və qanunla yayılması və təşviqi qadağan edilən bayraqlardan, atributlardan istifadə edirlər. Yerli-yersiz divarlara, Nardaranın mərkəzində divarlara şüarlar yazırlar. Bunlar qanunla qadağan edilən hərəkətlərdir. Müxtəlif bayraqlardan istifadə də qanuna ziddir".
Mübariz Qurbanlı eyni zamanda bildirib ki, Nardaran qəsəbəsindəki məscidlər qeydiyyatdan keçməyiblər. Onlar qeydiyyatdan keçməli, məscidlər ətrafında dini icmalar yaradılmalı və həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidirlər". Onun sözlərinə görə, həmin məscidlər qeydiyyata alınandan sonra oraya Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyinatı ilə axundlar göndərilməlidir: "Bundan sonra həmin məscidlərdə dini mərasim və ayinlərin keçirilməsi tam qanunauyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı təşəbbüslərimizə adekvat cavablar verilməyib". M.Qurbanlı bildirib ki, Nardaranda dini ziyarətgah var: "Həmin ziyarətgaha dövlətin diqqəti həmişə olub və bundan sonra da olacaq. Kimlərsə Nardaranda din adından sui-istifadə hallarına yol verir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, qəsəbədə məktəblərin olmasına baxmayaraq, uşaqlarını təhsildən yayındıran valideynlər var. Belə hallara yol vermək olmaz. Çünki təhsildən yayınma ümumi icbari təhsilin olması haqqında qanunvericiliyə ziddir".