Arzu Nağıyev: "Yolumuz güc nümayiş etdirməklə təcavüzkarı sülh masasına əyləşdirməkdən ibarət ola bilər"
Müsahibimiz politoloq Arzu Nağıyevdir
- Arzu müəllim, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Mİnsk Qrupunun həmsədrlərin fəaliyyətini formal xarakterli fəaliyyət hesab etmək olarmı?
- Təəssüf hissi ilə qeyd edilməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən illər ərzində ancaq deklorativ bəyanatlar verməklə kifayətləndilər və münaqişənin həllində mühüm addımlar atılmadı, hətta əksinə, vəziyyət daha da gərginləşdi. Buna əlbəttə ki, regionda baş verən amillər də təsir göstərdi. Bundan da ermənilər öz xeyirlərinə istifadə etdilər və status-kvonun saxlanmasına, öz siyasi ambisiyalarına uyğun olaraq beynəlxalq hüquq normalarına hörmətsizliklə yanaşılacaq addımlar atdılar. Buna da beynəlxalq qurumlar, o cümlədən, ATƏT susqunluq nümayiş etdirdi. Bu il də belə olsa, artıq bütün məsuliyyət məhz ATƏT-in üzərinə düşəcəkdir.
- Sizcə, həmsədrlərin konkret mövqe ortaya qoya bilməmələrinin səbəbi nədir? Bunun arxasında öz dövlətlərinin maraqlarının dayandığını demək olarmı?
- Təbii ki, bu da var. Lakin əsas məqamlardan biri məhz nüfuz davasıdır. Hazırda ABŞ və Rusiyanın regionda və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı nüfuz davası ATƏT-in də atacağı addımlara təsir göstərə bilər və bu yolla həmsədrlərin rolunu artırmaq olar. Bu da ki, mühüm əhəmiyyət kəsb edir. Maraqlı dövlətlər nüfuz davası ilə birlikdə təşəbbüsü ələ almaqla regionda öz iqtisadi meqalayihələrini və bir sıra siyasi maraqlarını həyata keçirməyə zəmin yaradırlar. ATƏT-in Minsk Qrupunun Vaşinqton təmsilçisi Uorlik görüşlə bağlı öz anonsunda məhz Londonla məsləhətləşmələr aparılamasının vacibliyini qabardır. Düşünürəm ki, əsas müzakirə istiqaməti atəşkəsin pozulmasının qarşısının alınması və Rusiya-Türkiyə münasibətinin münaqişənin həllinə olan təsirindən çıxarıla biləcək nəticələrdən də asılı olacaqdır.
- AŞPA-nın bu ayın sonunda keçiriləcək növbəti sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq. Necə düşünürsünüz, bu sessiyada Ermənistan qarşısında konkret tələb xarakterli qətnamənin qəbulu mümkündürmü?
- Məlumdur ki, gələn həftə AŞPA-da Azərbaycan ərazilərinin işğalı və Sərsəng su anbarı ilə bağlı müzakirələr olacaq. Sərsəng su anbarı işğal olunmuş ərazidir və ermənilər təmas xəttində yerləşən kəndlərə bu vasitə ilə də təsir edirlər və bu məsələnin həll ediləcəyi inandırıcı görünmür. Maraqlıdır ki, Almaniyanın ATƏT-də sədrliyə başlamasından sonraya təsadüf edən bu müzakirələrdən bir sıra istiqamətlərdə çox şey gözləmək olar, lakin inadırıcı deyil. Yuxarıda qeyd edildiyi kimi, nüfuz davası davam edir və hərənin öz maraqları var. Rusiya da öz maraqları naminə müəyyən addımlar atmağa çalışır və onu İranın sanksiyalarının götürülməsindən tutmuş ,Səudiyyə Ərəbistanında baş verənlər, Türkiyəyə edilən köməklər və s. narahat edir və buna görə də regionla bağlı addımlar atılmasında maraqlıdır. Buna görə də, sessiyada Ermənistanla bağlı konkret tələb xarakterli hər hansı qətnamənin qəbulu inadırıcı görünmür.
- BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri də var. Amma bu qətnamələr icra olunmur. Bu fakt BMT-nin nüfuzuna zərbə vurmur ki?
- Bidiyiniz kimi, belə qətnamələrin sayı çoxdur, lakin icra mexanizmi yoxdur və ən əsas prinsip kimi "Madrid" prinsipləri götürülür və təbii ki, ərazi bütövlüyü çərçivəsində, bu, Azərbaycan tərəfini qane edir. Çox təəssüf ki, BMT, hətta bu məsələdə də seyrçi mövqe tutur. Çünki tək qətnamə qəbul etməklə, deklorativ bəyanatlarla münaqişə həll edilmir, bu, qeyd etdiyiniz kimi beynəlxalq qurumların nüfuzuna xələl gətirir. Bundan başqa demək olar ki, hər gün atəşkəs pozulur, itkilər verilir, Ermənistana xeyirli olan status-kvo saxlanılır. Beynəlxalq qurumlar bu işdə daha həsas yanaşmalıdırlar ki, bunun sonu böyük müharibə ilə nəticələnə bilər, deməli, belə getsə, yəni konkret qərarlar qəbul edilməsə, bizim yolumuz güc nümayiş etdirməklə təcavüzkarı sülh masasına əyləşdirməkdən ibarət ola bilər.
GÜLYANƏ