PDF Oxu

Əsas

  • 2 033

Ermənistanda iqtisadi böhran tüğyan edir

image

Terrorçu dövlət öz siyasətinin acı nəticələrini yaşamağa məhkumdur

Ermənistanda vəziyyətin hansı səviyyədə olduğu hər kəsə, o cümlədən dünya ictimaiyyətinə, ermənilərin havadarlarına çoxdan məlumdur. Belə ki, getdikcə həm siyasi, həm də iqtisadi vəziyyəti iflic halına düşən işğalçı ölkədə son vaxtlar su və qazla yanaşı, ölkənin idarəetmə quruluşunu dəyişmək üçün ötən ilin dekabr ayının 6-da keçirilən referendumdan sonra vəziyyət daha kəskin hal almaqdadır. Digər bir məqam isə, işğalçı ölkədə istehlak və ərzaq məhsullarının qiymətlərinin artması ilə yanaşı, erməni dramının dollara nisbətdə dəyərinin aşağı düşməsi Ermənistan iqtisadiyyatında inflyasiyanın artmasına gətirib çıxarıb. Bu isə, öz növbəsində ölkədə mövcud olan siyasi böhranın sosial partlayışla müşayiət olunacağını istisna etmir.

Beləliklə, Ermənistanda yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktual edir və vəziyyətdən çıxış yolu hazırkı hakimiyyətə qarşı sonadək mübarizənin aparılması ola bilər. Yalnız bundan sonra ölkə siyasətində kardinal dəyişikliklər etmək, qonşu dövlətlərə qarşı iddialı və işğalçılıq siyasətinə son qoymaqla Ermənistanın gələcəyi haqqında düşünmək olar. Əks-təqdirdə, Ermənistanın dövlət kimi məhv olması prosesi sürətlənəcək.

Ermənistanda avtoritar rejim

Ermənistan parlamentinin deputatu Lilit Qalstyan 2016-cı il üçün dövlət büdcəsi qəbul edilərkən bildirmişdi ki, bu büdcə dövlətin məhvinə yol açan büdcədir. Lilit Qalstyan 2016-cı ilin ilk günlərindən artıq bu deyilənlər reallığa çevrilməkdədir: "Sözsüz ki, bütün bu problemlərin baş verməsinin səbəbkarı Serj Srkisyanın Konstitusiyaya qarşı çıxmasıdır. Əvvəla, büdcənin doldurulması özü ciddi sual altındadır. Digər tərəfdən, büdcədən sosialyönümlü məqsədlər üçün istifadə edilmir. Çünki avtoritar rejim yalnız özünü düşünür. Bu səbəbdən də hesab edirəm ki, bizdə avtoritar rejim mövcud olduğu üçün Sarkisyana məxsus olan Konstitusiyaya da ehtiyac yoxdur. Çünki ölkədə Konstitusiyaya əməl olunmur, əgər belə olmasaydı, öz hakimiyyətini düşünən Serj Konstitutsiya dəyişikliklər etməzdi".

Bu əməlləri ilə Ermənistan iqtidasdiyyatını "diz çökdürən" Sarkisyan iqtidarı erməni əhalinin yaşayış səviyyəsini nəinki minimuma endirmiş, üstəlik, miqrasiya və demoqrafik problemləri pik həddinə çatdırmışdır. Ölkə əhalisinin böyük hissəsinin sabah yaxşı yaşayacağına ümidləri, demək olar ki, yoxdur. Faktiki olaraq erməni əhalisinin çoxu xaricdə yaşayan qohumlarının hesabına, belə demək mümkündürsə, acından ölmür. Lakin bu, elə bir vəziyyətdir ki, onun uzunmüddətli prosesə çevrilmə şansı, demək olar ki, yoxdur. Belə olduqda sıravi ermənilərdə və Ermənistan iqtidarında yaranan arxayınlıq onları daha da uçuruma aparır. Erməni hakimiyyəti diasporun maliyyə yardımına ümid bəsləyərək torpaqları işğal altında saxlayır və ölkədə yalan üzərində qurulmuş vətənpərvər imici formalaşdırmağa çalışır. Əslində, hər kəs bilir ki, bu, onların hakimiyyətdə daha bir neçə il qalması üçün etdiyi taktikadır. Politoloqlar bildirirlər ki, əhali arasında istənilən hakimiyyətə qarşı inamsızlıq və tam etinasızlıq var. Ölkədə ictimai müqavilə yoxdur və ermənilər üçün yeganə çıxış yolu miqrasiyadır. Belə bir ümumi fikir formalaşıb ki, məmurlar yalnız öz ciblərini düşünürlər. Çoxları istəmir ki, uşaqları burada böyüsün. Onlar üçün Ermənistanda gələcək yoxdur.

Ümumiyyətlə, Ermənistan dəfələrlə dünyanın əksər reytinq agentliklərində və sorğu jurnallarında dünyanın ən zəif iqtisadiyyata malik və korrupsiyalaşmış, despotizmin hökm sürdüyü ölkələr siyahısına daxil edilib. Sadəcə, erməni diasporunun, güclü lobbinin hesabına Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yubadılır və Qərbin üst qurumlarında çalışan bəzi ictimai və siyasi xadimlər ermənilərin məzlum obrazına və xərclədikləri pullara aldanaraq Ermənistan hakimiyyəti barədə qəti qərar verməkdə çətinlik çəkir, ikili standart siyasəti sərgiləyirlər. Ermənistan iqtisadiyyatının bu vəziyyətə düşməsinin səbəbini beynəlxalq qurumlar belə izah edir ki, iqtisadiyyatın inhisarlaşması, monoetnik siyasət, inteqrasiyadan məhrumluq bu sahəyə də təsirsiz ötüşmür.

Beləliklə, bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, cari ilin də Ermənistan üçün kifayət qədər ağır olacaq, bu kontekstdə təkcə sosial-iqtisadi yox, digər mühüm sahələrdə də vəziyyətin daha da pisləşəcək. Sözügedən problemlərin həlli üçün Ermənistan nə maliyyə, nə digər iqtisadi resurslara, nə də xalqın etimadını qazanmış hökumətə malikdir. Əksinə, mövcud durum Ermənistanda xalq və hakimiyyət arasında yaranan uçurumun daha da dərinləşdiyini göstərir və bu da işğalçı ölkənin tənəzzülünü sürətləndirən əsas səbəblərdən biri sayılır.

A.SƏMƏDOVA

Digər xəbərlər