PDF Oxu

Əsas

  • 2 382

Gənc ədəbiyyatşünas alimlər "İlin alimi" mükafatına layiq görülüblər

image

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyli ölkədə gənclərə dövlət qayğısından danışıb. Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayan akademik İ.Həbibbəyli bu siyasətin müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Ulu Öndərin gənclərə böyük qayğısını real faktlarla xatırladan akademik bu gün də Azərbaycan rəhbərliyi tərəfindən gənclərin problemlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə göstərilən bütün qayğı və diqqətin gənclərin ölkəmizin elmi, ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratdığını qeyd edən İ.Həbibbəyli qarşıda duran vəzifələr istiqamətində Akademiyada çalışan gənc mütəxəssislərin uğurlu nəticələr əldə etdiyini diqqətə çəkib. Akademiyanın yeni inkişaf mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən danışan akademik bu gün elmi-tədqiqat müəssisələrində gənc alimlərin fəal surətdə elmi axtarışlara qoşulduğunu, akademiyanın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini qeyd edib. İnstitut rəhbəri akademiyanın müasir inkişaf mərhələsində Ədəbiyyat İnstitutunun gənc əməkdaşlarının da rolunun artdığını diqqətə çatdıraraq elmi-tədqiqat müəssisəsində gənc alimlərin böyük fəallıq göstərərək elmi axtarışlara daha həvəslə can atdıqlarını xüsusi vurğulayıb.

Görüşdə institutun Gənc Alimlər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva "Ədəbiyyat İnstitutu əməkdaşlarının elmi axtarışları və nəticələr" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə elmi-tədqiqat müəssisəsində çalışan gənc elmi işçilərin əldə etdiyi nəticələr və uğurlar barədə ətraflı məlumat verilib.

AMEA Gənc Alimlər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famin Salmanov çıxış edərək akademiyanın gənc alimlərinin uğurlarından danışıb, Ədəbiyyat İnstitutunun gənc elmi işçilərinin ötən ildəki fəaliyyətlərini yüksək dəyərləndirib.

Sonra Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "İlin gənc alimi" nominasiyası üzrə mükafatların qaliblərinin adlarını açıqlayıb. İ.Həbibbəyli ədəbiyyatşünaslıq elmi sahəsində 2015-ci ildə səmərəli fəaliyyətlərinə görə filologiya üzrə fəlsəfə doktorları Eşqanə Babayeva, Maral Yaqubova, Turan Teymurov və institutun doktorantı Mehman Həsənova "İlin gənc alimi" mükafatlarını təqdim edib.

Tədbirdə digər institutların əməkdaşları, o cümlədən gənc alimlər çıxış edərək göstərilən diqqət və qayğıya görə institut rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Filologiya elmləri doktoru Tehran Mustafayev, filologiya elmləri doktoru, professor Tahirə Məmməd çıxışlarında institut gənclərinin ötənilki uğurlarından danışıblar. Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Suma Hüseynova gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

R.KAMALQIZI

Digər xəbərlər