PDF Oxu

Əsas

  • 2 144

YAP Xaçmaz rayon təşkilatının gənclər birliyi Gənclər Gününü qeyd edib

image

YAP Xaçmaz rayon təşkilatının gənclər birliyi rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüblər.

Gənclər günü ilə bağlı keçirilən tədbiri YAP Xaçmaz rayon təşkilatı gənclər və idman idarəsinin rəisi Emil Tağıyev açaraq qeyd edib ki, ikinci dəfə hakimiyyətə gələndən sonra dərhal gənclərlə işə başlayan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu: "Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər tədrici olaraq, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar".

Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək bildirib ki, hələ 1969-cu ildə Azərbaycanda rəhbərliyə gələn Ümummilli Lider Heydər Əliyev həmin dövrdən başlayaraq ölkəmizin möhkəm əsaslarının formalaşdırılması və kadr potensialının gücləndirilməsi üçün gənclərlə işə böyük önəm verdi: "1993-cü ildə xalqın təkidli tələbindən sonra hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycan dövlətçiliyini xilas etdi. O, gənclərin enerjisini, həvəsini və gücünü görərək, onların Azərbaycan dövlətçiliyinin qorunması və gücləndirilməsi yönünə istiqamətləndirdi və Gənclər və İdman Nazirliyinin əsasını qoydu, 1996-cı ildən başlayaraq gənclərin forumları təşkil edildi, 1997-ci ildə isə imzalanan Sərəncamla fevralın 2-sində Azərbaycan Gənclər Günü elan edildi. Bununla yanaşı, "Dövlət-gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında" fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş digər proqramlar və qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi. Məhz bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar".

YAP Xaçmaz rayon təşkilatının sədr müavini, rayon icra hakimiyyətinin başçısının birinci müavini Yetkin Mehmanov vurğulayıb ki, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini daha da şaxələndirərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-ci illərdə)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqrammı" qəbul edildi, 2007-ci il ölkədə "Gənclər ili" elan edildi, həmçinin, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzi, Gənclər Fondu, Gənclər Evi və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində Gənclərlə İş Sektoru yaradıldı, "Gənclər üçün Prezident Mükafatı" təsis edildi: "Prezident İlham Əliyev, həmçinin, bu il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam" deyilənlərin məntiqi nəticəsidir".

Görüşdə rayon təşkilatının gənclər birliyinin sədr müavini Esmira Babayeva, gənclərdən Amil Rəhimov və başqaları çıxış edərək qeyd ediblər ki, gənclər bundan sonra da Ulu Öndər Heydər Əliyev irsinə sadiq qalacaq, dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq və arxalandığı Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacaqlar.

Həmçinin, tədbirdə rayonunu ictimai həyatında aktiv iştirak etdiyinə görə bir qrup fəal gənclər rayon təşkilatının və icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif edilib.

Sonda tədbirdə viktorinalar keçirildi və rayon incəsənət ustalarının iştirakı ilə bədii hissə ilə davam etdirildi.

Ü.ƏSGƏROV

Digər xəbərlər