Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının gənclər birliyi gənclər və idman idarəsi ilə birlikdə Gənclər Günü ilə əlaqədar rayon gəncləri ilə görüş keçirilib. Tədbirdə Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev çıxış edərək rayon gənclərini bayram münasibətilə təbrik edərək, onlara gələcək işlərində yüksək nəticələr arzulayıb. N.Quliyev bildirib ki, bu bayram gənclərə Ümummilli Liderimiz Heydər Əliyevin hədiyyəsidir: "O gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni əsirgəmirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Elə ona görə də 1994-cü ilin iyulunda Ulu Öndər Heydər Əliyev Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər formu keçirildi və elə həmin günü Azərbaycanın tarixinə gənclər günü kimi yazıldı. Sonralar mütəmadi keçirilən forumlarda Ümummilli Liderimiz cavanların fikrini öyrənir, azad, sağlam düşüncəli kadrlar yetişdirməyə və onlarla hesablaşmağa çalışırdı".
YAP Goranboy rayon təşkilatı gənclər birliyinin sədri Həsən Şirinov, rayon gənclər və idman idarəsinin rəisi Elşad Həsənov və başqaları çıxış edərək Azərbaycanda gənclərlə bağlı böyük işlərin görüldüyünü bildiriblər. Çıxış edənlər onu da vurğulayıblar ki, bu gün gənclərimiz, nəinki ölkə daxilində, ölkənin hüdudlarından kənarda da Azərbaycanı təmsil edirlər və bütün bunlar ən böyük dəstəkçi ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində baş verir və nailiyyətlər əldə olunur.
Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunub.
Gənclərlə görüş çay süfrəsi arxasında davam edib.
R.NURƏDDİNOĞLU