PDF Oxu

Əsas

  • 2 177

Səlim Müslümov Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib

image

"Əhalinin gəlirləri 7 dəfə, adambaşına düşən gəlirlər 6 dəfə, orta aylıq əmək haqqının 5,6 dəfədən çox artıb"

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. İctimaiyyət nümayəndələri ilə görüşdə nazir S.Müslümov ötən dövrdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ölkəmizin uzunmüddətli sosial-iqtisadi tərəqqisinin stimullaşdırılması üçün güclü əsasların formalaşdığını bildirib: "Son 12 ildə 3,4 dəfə iqtisadi artımın əldə olunduğu, milli iqtisadiyyata 200 milyard dollar investisiyanın qoyulduğu respublikada özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi prosesləri uğurla həyata keçirilib.

Nazir qeyd edib ki, bu gün ölkə əhalisinin 23 faizi pensiya, sosial müavinət və Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunur: "Ötən il də bütün sosial proqramlar uğurla davam etdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dövrdə 112663 aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı, 463 min nəfərədək şəxs aylıq və birdəfəlik sosial müavinətlə, 54,6 min nəfərdən çox insan Azərbaycan Prezidentinin aylıq təqaüdü, 15 min nəfər səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin edilib. Həmçinin, keçən il 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə "Naz-LİFAN" markalı minik avtomobili, 281 müharibə əlili və şəhid ailəsinə mənzil verilib. Gözdən əlil şəxslərə 132 mənzilli, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim edilib".

"Ödənişli ictimai işlər təşkil olunacaq, işçi qüvvəsinin əmək bazarında rəqabətədavamlı peşələrə yiyələnmələri üçün zəruri addımlar atılacaq"

S.Müslümov, eyni zamanda nazirliyin xətti ilə 13,5 mindən çox şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərildiyini, 265 nəfərin xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərildiyini, 13,6 min nəfərdən çox əlilliyi olan şəxsin və şəhid ailəsinin birdəfəlik maddi yardımla, 5,2 min nəfərə yaxın əlilliyi olan şəxsin sanator-müalicə müəssisələrinə və sağlamlıq-istirahət mərkəzlərinə yollayışlarla təmin olunduğunu bildirib: "Sosial təminat sisteminin əhatə dairəsi də getdikcə genişlənib və son illərdə beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinətin, I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə, Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinə də Prezidentin aylıq təqaüdünün təyin olunaraq ödənilməsi həyata keçirilir".

S.Müslümov sosial müdafiə tədbirlərinin Kürdəmir rayonunu da əhatə etdiyini, rayonda sosial cəhətdən həssas qruplardan olan şəxslərin də sosial təminatının daim gücləndirildiyini, müvafiq təbəqələrdən olan rayon sakinlərinin pensiya, sosial müavinət və təqaüdlərlə, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edildiklərini bildirib. Nazir, həmçinin rayonda müharibə əlilləri və şəhid ailələri üçün hazırda 8 fərdi yaşayış evinin tikilməkdə olduğunu, müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edildiklərini, bu sosial müdafiə tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyini qeyd edib.

Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin regionların inkişafına diqqət və qayğısı nəticəsində Kürdəmir rayonunda da tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını, yeni müəssisələrin və iş yerlərinin açıldığını vurğulayıb. C.Cəfərov 2015-ci ildə Kürdəmir rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən bəhs edərək, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrammı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı tərəfindən müəyyən edilən vəzifələrin Kürdəmir rayonunda da uğurla icra ediləcəyini diqqətə çatdırıb.

Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən, xüsusən son vaxtlarda bu məqsədlə növbəti fərman və sərəncamların imzalanmasından, aztəminatlı ailələrə dövlət qayğısının artırılmasından, yeni iş yerlərinin yaradılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Rayon sakinləri sosial müdafiə sahəsinə yüksək diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Samir

Digər xəbərlər