PDF Oxu

Əsas

  • 1 980

Həmsədrlər Ermənistanın lobbiçilk missiyasında

image

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin AŞPA-nın sonuncu iclasında Dağlıq Qarabağla bağlı Azərbaycanın xeyrinə olan və ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbuluna qarşı qərəz, ikili standartlar amilindən çıxış etdilər. Bu isə bir daha sübut etdi ki, ölkəmizin haqlı mövqeyinin qəbul edilməməsi halları arxasında bir neçə məqamlar dayanır. 2 Fevral Gənclər Günü münasibətilə gənclərlə görüşü zamanı çıxışında ölkə başçısı İlham Əliyev də Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini kəskin tənqid etdi. Prezident onları münaqişənin həllinə yox, dondurulmasına çalışmaqda günahlandırdı: "Minsk Qrupunun həmsədrlərinin bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar". Beləliklə, dövlət başçısının da vurğuladığı kimi, Avropada islamofobiyanın pik həddə çatmasına səbəb Azərbaycanın müsəlman ölkəsi olmasıdır. Mövzu ilə bağlı ölkənin tanınmış politoloqları, millət vəkilləri bildirdilər ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin göstərdikləri uğursuz fəaliyyət Azərbaycanı qane etmir.

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov: "ATƏT hələ ki Azərbaycana lazımdır"

- Bəzən ATƏT-in Minsk Qrupunun Azərbaycana lazım olmadığı fikirləri səsləndirilir. Bu da birmənalı şəkildə ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ilə əlaqələndirilir. Minsk Qrupu fəaliyyətsiz olsa belə Dağlıq Qarabağ münaqişəsinin sülh yolla azad edilməsi təşəbbüsü göstərən bir misiyanı həyata keçirdiyi üçün Azərbaycana lazımdır. Nəzərə almaq lazımdır ki, təşəbbüsün olması da özlüyündə bir fəaliyyətdir. Əgər Minsk Qrupunun missiyasından imtina etsək, onda bu misiyanı həyata keçirən başqa bir beynəlxalq qurum müəyyənləşməlidir. Nə qədər ki, torpaqlarımızın işğaldan azad edilməsində müharibə yolunu seçməmişik beynəlxalq qrupların sülhyaratma missiyalarından istifadə etməliyik. ATƏT-in Minsk Qrupunun həmsədrləri mütəmadi olaraq regionlara səfər edir, dövlət rəsmilərinin görüşməsi təşəbbüslərini ortaya qoyur və öz təkliflərini bildirirlər. Bundan sonrakı dönəmdə münaqişənin müsbət həllinə nail olmaq niyyətindədirlərsə, işğalçı Ermənistanla danışıqları gücləndirməlidirlər".

Politoloq Fərhad Mehdiyev: "Münaqişənin həll olunmasının real yolu Beynəlxalq Ədalət Məhkəməsidir"

- Əslində, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının xırda bir modelidir. Burada İngiltərə və Çin xaricində Təhlükəsizlik Şurasının daimi 3 nümayəndəsi təmsil olunur. Digər tərəfdən bu variant hal-hazırda Azərbaycan üçün çıxılmaz tək variant olaraq qalır. Nə Azərbaycan, nə də Ermənistan Dağlıq Qarabağ münaqişəsinə BMT Təhlükəsizlik Şurası tərəfindən baxılmasını istəməz. Ermənistan ona görə istəməz ki, Təhlükəsizlik Şurasının qərarları bağlayıcıdır, onlara riayət olunması məcburidir. Azərbaycan da ona görə razı olmaz ki, Rusiya və Fransa Təhlükəsizlik Şurasının veto hüququna malik iki üzvüdür və onlar da bu günkü siyasi konyekturada Azərbaycanın lehinə hər hansı qərarın çıxmasına veto qoyarlar. Bu vəziyyətdə müharibəyə başlamaq istəməyən həm Azərbaycan, həm də Ermənistan üçün ATƏT-in həmsədrlər institutu atəşkəsin qorunmasında ən uyğun platforma rolunu oynamaqdadır. Lakin etiraf olunmalıdır ki, bu formatla münaqişənin həlli gözlənilmir. Münaqişənin həll olunmasının real yolu, məsələni Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə (İCJ) verilməkdir. Bunun üçün həm Ermənistan, həm də Azərbaycan məhkəmənin yurisdiksiyasını qəbul etməlidir. Bu günə kimi məhkəmə, bir xeyli ərazi mübahisəsinə son qoymuşdur. Amma burada bir məqam da var ki, İCJ-nin necə qərar verəcəyini dəqiqliklə təxmin etmək mümkün deyil. Hər halda 7 rayonun qaytarılacağına dair qərar verilə bilər, amma Dağlıq Qarabağ hissəsi üçün self-determinationun da üstün tutulması ehtimalı var. Bu haqda əvvəlcədən nəsə demək çətindir. Çünki ortada Kosovo presedenti var, bunu unutmamalıyıq. Bundan başqa variantda isə münaqişənin müharibə olmadan həll edilməsinə nail olmaq mümkün deyil".

Politoloq Qabil Hüseynli: "ATƏT-in Minsk Qrupundan imtina edəriksə, o zaman beynəlxalq aləmdən də izolyasiya olunacağıq"

- Dağlıq Qarabağ münaqişəsi beynəlmiləşdiyi üçün Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina edə bilməz. Yalnız ATƏT-in tərkibinin formasının dəyişdirilməsi haqqında təklif irəli sürə bilər. Azərbaycanın bu missiyaya öz narazılığını bildirməsinə baxmayaraq, hələ ki, ortada bir əməli iş yoxdur. Ola bilsin ki, gələcəkdə format genişləndirilsin, sədrlər dəyişdirilsin. Bu istiqamətdə Azərbaycan axtarışlar aparır, amma ATƏT variantı gündəlikdə qalacaq. Çünki ATƏT-in Minsk Qrupundan imtina edəriksə, o zaman beynəlxalq aləmdən izolyasiya olunacağıq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistanla üz-üzə gəlməli olacağıq. Ermənistanın da danşıqlara getməyəcəyi öncədən bəlli olduğu üçün bir variant qalır, o da müharibə variantı. Hələlik isə müharibə variantı optimal variant hesab edilə bilməz".

İntizarə Məmmədova

Digər xəbərlər