Dövlət baytarlıq idarələrinin iribuynuzlu heyvanların süni mayalanma yolu ilə artırılmasına maraq göstərməməsi bu qurumların işlək mexanizmə çevrilə bilməməsindən xəbər verir
Eldar İbrahimov: "Qərarlara əməl edilmirsə, həmin qrumlar məsuliyyət daşıyırlar"
Ölkəmizdə bütün sahələrdə iqtisadi inkişafa və tərəqqiyə nail olunub. Böyük dəyişikliklər kənd təsərrüfatında da həyata keçirilmiş, kənd təsərrüfatı məhsullarının artırılması üçün bütün lazımi tədbirlər görmüşdür. Üzümçülük, pambıqçılıq, taxılçılıq sahələrinin inkişaf etdirilməsi üçün dövlət müvafiq proqramlar qəbul etmişdir. Hətta bu yaxınlarda Azərbaycan Respublikasının Milli Məclisi üzümçülük, şərəbçılıq haqqında qanun qəbul etmişdir. Əhalinin ərzaqla təminatında mühüm rol oynayan taxılçılığın inkişaf etdirilməsi kəndli fermerlərin qarşısında dayanan məsələlərdən sayılır. Hazırkı məqamda Azərbaycan taxıla olan daxili ehtiyaclarını 90 faiz təmin edir və bu göstəricinin 100 faizə çatdırılması üçün Prezident İlham Əliyev dövlət qurumlarına müəyyən tapşırıqlar verib. Təbii ki, kənd təsərrüfatının inkişafından söhbət düşəndə heyvandarlıq sahəsində nailiyyətlərin əldə olunması başlıca məqsədlərdən sayılır. Hazırkı məqamda Azərbaycan iqliminə uyğun xırda və iribuynuzlu heyvanların yetişdirilməsi hədəflərdən olsa da, xaricdən heyvanların alıb-gətirilməsi də kənd təsərrüfatının inkişafına yalnız xeyir verə bilər. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Hollandiya və Almaniyadan olan inəklər il ərzində 10-11 min litr süd verir. Azərbaycanda isə bəslənən inəklər yalnız 1200-1300 litr süd verə bilirlər. Bu baxımdan xaricdən xırda və iri buynuzlu heyvanların alıb-gətirilməsi yaxşı olardı. Məhz bunu nəzərə alaraq, dövlətimiz xaricdən mal-qara alınıb gətirilməsinə xüsusi önəm verir. Əldə olunan məlumata görə, son illər xaricdən ölkəyə 2879 cins mal-qara gətirilib. Mal-qaranın ölkəyə gətirilməsini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi 10 milyon manat vəsait ayırıb.
Süni mayalanmanın heyvandarlığın inkişafında önəmi
Fermerlərin iddialarına görə, süni mayalanma yolu ilə heyvanlardan süd alınması 17-20 litir arasında dəyişir. Belə heyvanların ətvermə qabiliyyəti də yüksək olur. Sahibkarlar o fikiri də vurğulayırlar ki, Hollandiyaya məxsus "Holşteynfriz" cinslərinin süni mayalanma yolu ilə artırılması heyvandarlığın inkişafında müsbət nəticələr verir. Həm də, belə mayalanma yolu ilə artırılan heyvanlar bölgənin iqliminə daha tez uyğunlaşa bilirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 15 avqust tarixli Sərəncamı ilə süni mayalanmadan alınan hər buzova görə 100 manat yardım müəyyən edilib. Bu Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Nazirlər Kabineti "Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi qaydasını" təsdiq edib. Sual yarana bilər: Sərəncamdan irəli gələn tələblər, eləcə də, Nazirlər Kabinetinin məsələ ilə bağlı təsdiq etdiyi qaydalara yerlərdə əməl edilirmi? Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturları sahibkarlar arasında heyvandarlığın süni mayalanma yolu ilə artırılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirirmi? Maya dəyəri 20-30 qəpik olduğu halda heyvanların birkalanmasına görə 6-7 manat alınması nə dərəcədə düzgündür? Redaksiyamıza daxil olan şikayət məktublarına və apardığımız araşdırmalara əsasən, demək olar ki, Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə üzərinə düşən vəzifəni heç də tam şəkildə yerinə yetirə bilmir. Saatlı rayonundan olan fermer Nuhəli Kərimov və Qobustan rayonunun Cəngi kəndindən olan Nazim Əliyev ölkəyə iribuynuzlu mal-qaranın gətirilməsində şəffaflığa əməl olunmur. Kənd Təsərrüfatı Nazirliyinin tender keçirməli və mal-qaranın gətirilməsini təmin etməlidir. Ancaq nazirlik öz maraq və mənafeinə uyğun olaraq fermerlə fərdi qaydada müqavilə bağlayıb, xaricdən iribuynuzlu heyvanların gətirilməsinə nail olur: "Bu hal fermerlər arasında ayrıseçkiliyə yol verir. Dövlətin ayırdığı milyonların havaya sovrulmasına gətirib çıxarır".
Qobustan rayonunun Cəngi kəndindən olan N.Əliyev bildirir ki, özünün vəsaiti hesabına rayon baytarlıq idarəsi 3 baş inəyinə süni mayalanma həyata keçiriblər. İnəkləri buzov doğsa da dövlətin ayırdığı 100 manat vəsaiti ala bilməyib.
Eyni ittihamla Saatlı rayonunun Azadkənd kəndindən olan fermer Ağaverdi Şəmmədov da bildirir ki, ölkə üzrə gedən aqrar islahatlar Saatlı rayonundan yan keçib: "Kənd Təsərrüfatı Nazirliyinin Saatlı rayon Baytarlıq İdarəsi kəndin mal-qarasını qeydiyyata alsa da, buzovların doğulmasına görə 100 manat pulun verilməsi halı olmayıb. Ümumiyyətlə, heyvanların süni mayalanma yolu ilə artırılması ilə bağlı Kənd Təsərrüfat Nazirliyinin fermerlər arasında maarifləndirmə işi demək olar ki, sıfır həddindədir".
Saatlı rayon Dövlət Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazov Saatlı fermerlərinin üzləşdikləri problemlərə aydınlıq gətirərkən bildirdi ki, rayon üzrə 67 minə yaxın iribuynuzlu heyvan qeydə alınıb: "Hələ ki, heyvanların birkalanması halı olmayıb. Qaydaya görə heyvanlara birka vurulduqdan sonra elektron hesabata daxil edilir. Bundan sonra Kənd Təsərrüfatında yaradılan komissiyada baxış həyata keçirilir. Məhz bundan sonra doğulan hər bir buzova görə fermerlərə pul ayrılır. Hələ ki, hansısa fermerə pul ayrılmayıb".
Quba rayonu Vladimirovka kəndindən olan fermer Mahir Sayibov da Kənd Təsərrüfatı Nazirliyinin yerli şöbəsinin əməkdaşlarının biokratik ənəgəllərlə üzləşdiyini bildirir: "Heyvanlar süni mayalanmadan sonra birkalayıb qeydiyyata alınmalıdır. Bununla onlar sayını müəyyənləşdirib, Prezidentin Sərəncamına uyğun olaraq fermerə pul ayıra bilirlər. Amma heyvanların birkalanmasının hər birinə görə məndən 5 manat pul istəyirlər. Halbuki baytarlıq maqazinlərində onun qiyməti cəmi 20-30 qəpikdir". Şikayətçi iddia edir ki, süni mayalanma üzrə texniklərin onlara dediyinə görə, 5 manat alınması qaydasını Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri işləyən Qudrət adlı şəxs müəyyənləşdirib: "Qüdrətin imzası ilə birkaların hər birinin 3 manat müəyyənləşdirildiyi deyilir. Necə ola bilər ki süni mayalanmaya görə 30 manat, əlavə 5 manat digər xərclər də var? Bu isə 100 manatın bizim kimi fermerlərin əlindən çıxması deməkdir. Bu baxımdan heyvanların birkalanmasından imtina edirik. Ümid edirik ki, müvafiq dövlət qurumları bu cür özbaşınalığın qarşısının alınması üçün tədbirlər görəcək".
Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Milli Məclisin Aqrar-Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, kənd təəssərüfatının inkişaf etdirilməsi üçün dövlət tərəfində hər cür imkan və şəraitlər yaradılıb, dövlət proqramları qəbul edilib: "Prezident İlham Əliyevin süni mayalanmadan alınan hər buzova görə 100 manat yardım olunması barədə Sərəncamı kəndliyə, fermer təsərrüfat sahiblərinə göstərilən qayğının və diqqətin nəticəsidir, ərzaq bolluğunun yaradılmasına göstərilən dəstəkdir. Prezidentin imzaladığı sərəncamaları və qərarları icra etmək hər bir dövlət qrumu üçün qanundur. Əgər bu qərarlara əməl edilmirsə, həmin qrumlar məsuliyyət daşıyırlar".
Güzəştlərdən fermerlər məhrumdur
Məlumat üçün qeyd etmək lazımdır ki, xaricdən gətirilən damazlıq heyvanlar fermerlərə lizinq yolu ilə verilməlidir. Yəni heyvanın dəyərinin 50 faizini dövlət ödəyir. Qalan 50 faiz pulun yarısını isə fermerlər öz vəsaitləri hesabına ödəməlidir. Digər vəsait isə 3 il müddətinə lizinq yolu ilə ödənilməlidir. İstər lizinqin həyata keçirilməsində, istərsə də, süni mayalanmaya görə vəsaitin ödənilməsi prosesi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarəsinin rəisləri və Maliyyə Nazirliyinin rayon üzrə Maliyyə İdarəsinin səlahiyyətli nümayəndələri həyata keçirməlidirlər. Qanuna görə, 5 gün müddətində heyvan sahibinin iştirakı ilə təqdim olunmuş məlumatların düzgünlüyü yoxlanaraq təsdiqlənməlidir. Məhz bundan sonra lizinq yolu ilə heyvanın verilməsi və süni mayalanma ilə doğulan buzovlara görə 100 manat pulun ödənilməsi barədə qərar verilir. Araşdırmalarımıza əsasən, demək olar ki, Quba, Xaçmaz, Lənkəran, Saatlı, Qobustan, Şamaxı, Qax və Zaqatala rayonlarında fermer təsərrüfatı rəhbərlərinin arzu etdikləri proseslər həyata keçirilməyib. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin hansı işlərlə muşğul olduğu müəyyən qədər şübhələr doğurur və suallar yaradır. Elə bu suallardan bəzisinə cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin heyvandarlıq məhsullarına və yüklərə nəzarət sektorunun müdiri Aydın Hüseynov fermerlərin ittihamlarının əsassız olduğunu qeyd etdiyi fikirləri ilə sübut etməyə çalışdı. Sektor müdiri bizimlə söhbətində bildirdi ki, Respublika Mayalanma Mərkəzinin əməkdaşları rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə fermerlərlə görüşlər keçirərək, heyvandarlığın inkişafı üçün süni mayalanmanın əhəmiyyəti barədə söhbətlər aparılır: "Heyvanların birkalanması isə, nəsə təzə söhbətdir. Yanlış və dəqiq olmayan məlumatdır. Heç kim heyvanalara birka vurulmasına görə fermerlərdən pul ala bilməz".
Bir sözlə, kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən yaradılan şərait geniş imkanlardan fermerlərin istifadə etmələrinə Kənd Təsərrüfatı Nazirliyinin yerli strukturları süni əngəllər yaradırlar. Bu isə, şikayətçinin yuxarıda deyildiyi kimi, yalnız özbaşınalıq, qanun və qərarlara hörmətsizlik deməkdir.
İ.ƏLİYEV
P.S. Bu mövzuda araşdırmalarımız davam edir.