İlham Əliyev: "Belə gedərsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da"
Bu gün Azərbaycanın xarici siyasətinin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin artırılmasına baxmayaraq, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi konkret nəticənin əldə olunmasına mane olur.
Azərbaycan Prezidenti İlham Əliyevin keçirilən müşavirələrdə və görüşlərdə "münaqişənin həlli işində heç bir irəliləyişin olmaması" fikri artıq Azərbaycanın mənasız danışıqlar prosesindən yorulduğunu və münaqişənin həllinin hərb yolla nizama salınması haqqında düşündüyü qənaətinə gəlməyə imkan yaradır. Eyni zamanda, dövlət başçısı işğalçı ölkənin gələcəkdə dünya xəritəsində özünə yer tapmayacağını da vurğulayır. Bu isə Ermənistanın həyata keçirdiyi uğursuz siyasi kursla birbaşa bağlıdır ki, mərkəzində Azərbaycan torpaqlarının işğalı dayanır. Eyni zamanda, Prezidentin "Ermənistanın bir dövlət kimi məhv olacağı" fikri başqa amillərlə də izah oluna bilər: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan, sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi-psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir".
Ermənistanın sülh istəmədiyini deyən Prezident istənilən halda Azərbaycanın Dağlıq Qarabağı işğaldan azad edəcəyini vurğulayıb: "Ermənistan sülh istəmir. Status-kvonu mümkün qədər çox saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çəkilmək istəmir və danışıqları, sadəcə olaraq bir proses kimi qəbul edir". Dövlət başçısı vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir: "Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik və Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir".
" Azərbaycan üstünlüyə yiyələnərək öz iradəsini diktə edir"
Prezident onu da bildirib ki, 2015-ci ildə təmas xəttində Azərbaycan üstünlüyə yiyələnərək öz iradəsini diktə edir: "Ölkəmiz bundan sonra da döyüş potensialını gücləndirəcək".
Məsələ ilə bağlı münasibət bildirən millət vəkili Elman Məmmədov bildirdi ki, yanvarın 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib, müşavirədə Prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəqiq və sərrast fikirlər səsləndirib: "İlk növbədə qeyd edim ki, dövlət başçısı keçirilən bütün müşavirələrdə və görüşlərində əsas məsələ Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayır. Bu müşavirədə də, ölkə Prezidenti Ermənistanın bugünkü vəziyyəti haqqında dəqiq fikirlər söylədi və bildirdi ki, işğalçı ölkə dilənçi vəziyyətində olan bir dövlətdir. Təbii ki, bu dövlətin Azərbaycan torpaqlarını işğal etməyə və uzun illər işğal altında saxlamağa gücü çatmaz. Demək, bu dövləti saxlayan, yaşadan, ona havadarlıq edən qüvvələr var. Bu qüvvələr tarixin bütün dövrlərində mövcud olub. Bu gün bizim torpaqlarımızın işğal olunmasında danılmaz xidmətləri olan həmin dövlətlərdir. Ermənistan bu gün siyasət aləmində söz sahibi deyil, Ermənistana havadarlıq edən dövlətlər Ermənistan əvəzindən sözçüdürlər".
Millət vəkili 20 ildən artıq müddətdə vasitəçilik mandatı verilmiş ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərin siyasət və iqtisadiyyat aləmində biri-biri ilə daban-dabana zidd siyasət aparan dövlətlər olduğunu da söylədi: "İndi necə ola bilər ki, biri-biri ilə yola getməyən, siyasətləri zidd olan dövlətlər Dağlıq Qarabağ məsələsi ilə bağlı bir fikrə gəlib, münaqişənin həll olunmasına kömək etsinlər? Bu, qeyri-mümkündür. Bizim ən böyük bəlamızdan biri budur. Bunlar meydandan çıxmırlar ki, Azərbaycan ilə Ermənistan üz-üzə öz məsələlərini həll etsinlər. Təbii ki, gündən-günə güclənən Azərbaycan və gündən-günə zəifləyən Ermənistan üz-üzə qalanda aydındır ki, məsələ nə cür həll olunacaq. Ədalətli və Azərbaycanın xeyrinə. Ancaq çox təəssüf ki, bu işğalçı, cinayətkar dövlətə havadarlıq edənlər buna imkan vermirlər. Cənab Prezident çox düzgün bəyan edib ki, biz bu meydanda öz mübarizəmizi təkbaşına aparmışıq. Mübarizəmizi uğurla sona qədər aparacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik".
Azərbaycanın xarici siyasəti prinsipiallığı ilə seçilir
Xarici ekspertlər Azərbaycan Prezidentinin bu qətiyyəti barədə söz açarkən daha çox bir arqumenti əsas kimi önə çəkirlər: "O, təkcə dövlət başçısının deyil, 50 milyonluq bir xalqın ürək sözlərini dilə gətirdiyinə görə qətiyyətli və güclüdür".
Tamamilə haqlı yanaşmadır. Çünki bugünkü Azərbaycan iqtidarı, sözün həqiqi mənasında, Azərbaycan xalqının mənafelərini və mövqeyini ifadə edir. Özü də təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda deyil, bütün məsələlərdə. Ona görə də, Prezident İlham Əliyevin problemin həlli barədə söylədiyi fikirlər həmişə cəmiyyətimizdə böyük məmnunluq hissləri yaradır.
Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Eyni zamanda, Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın mövqeyi birmənalıdır və biz bütün təzyiqlərə baxmayaraq, sonadək öz mövqeyimizi müdafiə edəcəyik.
Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici sözü də, məhz Azərbaycan deyəcək.
R.KAMALQIZI