ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduqları ikili standartlardan yanaşma haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıqlar yaradıb. Münaqişənin həllinin uzanmasında içtimaiyyət həmsədrləri günahlandırır və onların tərkibinin dəyişdirilməsi təklifləri ilə cıxış edirlər. Politoloq Elşad Mirbəşiroğlu bizimlə söhbətində bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti haqqında oturuşmuş təsəvvürlər mövcuddur: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hər hansı bir real addım atmır. Demək olar ki, ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsində maraqlı deyil. Bu baxımdan, həmsədrlərin regiona budəfəki səfərlərinin real nəticələr verəcəyi inandırıcı deyil. Bir məsələni xatırlatmaq istəyirəm: Bu il yanvar ayının 25-29 aralığında AŞPA-nın qış sessiyası keçirildi. Burda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi təqdim olunmuşdur. Həmin o qətnamələrin biri qəbul olundu, digəri isə qəbul olunmadı. Burada ATƏT-in özü də bəyanat vermişdi ki, AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılması məqbul deyil".
Politoloq bu cür mövqeyin təəssüf doğuran məqamlardan olduğunu bildirdi: "Əgər həqiqətən də, ATƏT Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasında maraqlı olsaydı, çalışardı ki, bütün müstəvilərdə münaqişənin tənzimlənməsi istiqamətində fəaliyyət göstərilsin. Bundan başqa, məlum olan məqamlardan biri də odur ki, AŞPA-da fəaliyyət göstərən deputatlarımız ayrı-ayrı ölkələrin nümayəndələrinə məktublar göndərmişdilər ki, əleyhimizə olan qətnamələrə səs verməsinlər. Belə reallıqlar fonunda ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı nə isə real nəticə gözləmək inandırıcı görünmür. Çünki həmsədrlər münaqişənin tənzimlənməsinin bəzən hər hansı bir nəticəyə gətirib çıxaracaq istiqamətdə deyil, əks istiqamətdə aparırlar. Bir sözlə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində kömək edəcək hər hansı bir məqamdan xəbər vermir".
E.Mirbəşiroğlunun sözlərinə görə, Ermənistan qeyri-konustruktiv mövqeyində o vaxta qədər israrlı olacaqdır ki, ona qarşı real təsir rıçaqları işə salınmasın: "Hazırda Ermənistan özünü cəzasızlıq şəraitində hiss edərək, bu işğal siyasətini yürüdür. İşğalçı ölkə olan Emənistanın Azərbaycan torpaqlarının işğal altında saxlanmasında beynəlxalq ictimaiyyət susqunluqla yanaşır. Bu da Ermənistanın qeyri-konustruktiv mövqeyində dayanması üçün münbit şərait yaradır. Əgər beynəlxalq ictimaiyyətin bu məsələyə mövqeyi dəyişərsə və Emənistanın Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizliyə və bütövlükdə, regionda həyata keçirilən qlobal layihələrə nə dərəcədə böyük təhlükə olması haqqında düşünülərsə, Ermənistana qarşı müəyyən addımlar atılacaqlar. Belə olan halda da, Ermənistan işğalçılıq siyasətindən əl çəkəcəkdir".
GÜLYANƏ