Son vaxtlar digər illərlə müqayisədə mətbuatda dövlət qurumları və ayrı-ayrı vəzifəli şəxslər haqqında dəqiqləşdirilmədən, şantaj və təhdid xarakterli məlumatlar dərc edirlər. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu məsələ ilə bağlı dəfələrlə etirazını bildirsə də, bəzi KİV-lər bu cür informasiyalar yaymaqda davam edirlər. Belə halların qarşısının alınmasında qanunlar və sərt qaydalardan istifadə edilməsi ilə bağlı media mənsublarının fikirlərini öyrənib.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli: "Qanunvericilikdə olan boşluqlar aradan qaldırıldıqdan sonra bu cür halların qarşısını almaq mümkün olacaq"
- Mətbuat Şurası hazırda bu cür qanunaziddi halları sərt qaydalarla həll etmək səlahiyyətinə malik deyil. Şura etik kodeks əsasında onların hansı səhvlərə yol verdiyini müəyyənləşdirir və xəbərdarlıq edir. Xəbərdarlığa əhəmiyyət verilmədikdən sonra həmin media qurumlarının adları qara siyahıya salınır. Mətbuat Şurasının tədbirləri ictimai qınaqla bitmiş olur. İctimai qınaq bu cür halların qarşısını almaq üçün yetərli deyil. İctimai qınaq, əslində real KİV-lər üçündür. Real KİV-lər üçün imic böyük əhəmiyyət kəsb edir. Amma elə saytlar var ki, onlar KİV anlayışını bilmir, öz bildiklərini edirlər. Çünki onlar auditoriyadan, oxucudan deyil, reketlik fəaliyyətindən gəlir əldə edirlər. Belə halların qarşısını sərt qanunlarla almaq vacibdir. Azərbaycanda internet media ilə bağlı qanunvericilik hələ ki, mövcud deyil. Qanunvericiliyə internetdə yayılmış məlumatlara görə məsuliyyət nəzərdə tutan maddələr əlavə olunur. Misal üçün Cinayət Məcəlləsinə təhqir və böhtana görə xüsusi maddə əlavə olunub. Bu maddə tək internet mediada deyil, ümumiyyətlə, internetdə yayılan məlumatlar üçün nəzərdə tutulub. Qanunvericilikdə olan boşluqlar aradan qaldırıldıqdan sonra bu cür halların qarşısını almaq mümkün olacaq. Mətbuat Şurası da bununla bağlı əlavə mexanizmlər hazırlayır ki, onlar yaxın vaxtlarda açıqlanacaq.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu: "Nə qədər ki jurnalist, informasiya daşıyıcısı və ya ötürücüsü informasiyaya öz daxili mədəniyyətinə söykənərək yanaşmır, o zamana qədər bu cür problem davam edəcək"
- Cəmiyyətdəki münasibətlərin heç də hamısı qanunla tənzimlənmir. Əgər hər addımımız qanunla tənzimlənsəydi, o zaman azadlığımız olmazdı. Azadlıq bizim qanunla məhdudlaşdırılmayan fəaliyyətimizdir. Qanun məhdudlaşdırıcı bir çərçivə kimi cəmiyyətin tələb etdiyi və insanların birgə yaşayış qaydasını müəyyənləşdirən sosial tələbatdan doğur. İnsanların bir-birinə olan münasibətlərini qanunla tənzimləmək mümkün deyil. Hər bir jurnalistin, informasiya istehsalçısının mədəniyyəti olmalıdır ki, bu cür hallar baş verməsin. Mən çox sevinirəm ki, Azərbaycanda informasiya cəmiyyəti hələ də idarə olunandır. Yoxsa transmilli mediadan milli mediaya daxil olan informasiyanın qarşısında durmaq olmazdı. Azərbaycanda dövlət və medianın birgə fəaliyyəti bunun qarşısını ala bilib. Amma yeni keyfiyyət dəyişikliklərinə daima ehtiyac var. Bu isə birbaşa informasiya daşıyıcılarının etikası və daxili mədəniyyəti ilə bağlıdır. Məsuliyyətsiz informasiyalar, xüsusilə internet medianın üzərindən yayılır. Bəlkə də hansısa qanunun qəbul olunması bunun qarşısını müəyyən qədər ala bilər. Nə qədər ki jurnalist, informasiya daşıyıcısı və ya ötürücüsü informasiyaya öz daxili mədəniyyətinə söykənərək yanaşmır, o zamana qədər bu cür problem davam edəcək.
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz: "Bu problem bu günün problemi deyil"
- Bu problem bu günün problemi deyil. Mətbuat Şurası yaradıldıqdan sonra etik davranış qaydaları haqqında qanun qəbul olundu. Qanunda jurnalistin, redaksiyanın və onun rəhbərinin məsuliyyət məsələsi tam şəkildə dəqiqləşdirilib. Digər tərəfdən bu məsələ ilə bağlı Milli Məclis tərəfindən qanun da qəbul olunub. Lakin Avropa və Amerika jurnalistin azad fikirliliyi məsələsini önə çəkir. Onlar bizdə hər hansı bir jurnalistə söz deyiləndə Azərbaycanda söz azadlığının pozulması ilə bağlı qərəzli fikirlərlə çıxış edirlər. Lakin onlar düşünmürlər ki, bu məsəl hər yerdə eyni deyil. Avropada təhdid dolu məqalələr yalnız məhkəmə yolu ilə həll olunur. Avropa bu kimi problemlərdən çoxdan xilas olub və oradakı jurnalistlər bu sahədə artıq formalaşıblar. Amma biz keçid dövrünü yaşadığımıza görə, təəssüf ki, hələ də bu cür problemlər qalmaqdadır. Ona görə də düşünürəm ki, təhdid, şantaj xarakterli, eləcə də dəqiqləşdirilməmiş məlumatlar uzun proses olsa da, məhkəmə yolu ilə həll edilsə, daha düzgün olar.
Sosial şəbəkələrdə yalan məlumatlar yayılmaqda davam edir. Bəzi özünü sayt adlandıran internet portalları var ki, onlar sosial şəbəkələrdə yayılan informasiyaları saytına yerləşdirməklə adını informasiya agentliyi qoyur. İnformasiya agentliyi belə olmur. İnformasiya agentliyi məlumatı dəqiqləşdirdikdən sonra onu ictimai fikrə yönəldir. Hər halda, bu məsələni Mətbuat Şurası bir daha qabartmalıdır. Bunun qarşısının alınması üçün ölkəmizdə mətbuat, KİV haqqında kifayət qədər qanunlar var ki, onlardan istifadə etmək olar.
Nailə Məhərrəmova