Dünya təcrübəsi də göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur və adətən uğurlu alınır. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur.
Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. 2014-cü ildə "İctimai iştirakçılıq haqqında" qanunun qüvvəyə minməsi bu fəaliyyəti daha da sürətləndirib. Bu qanunun qəbulu ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət- vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib. Elə Nazirlər Kabinetinin son müşavirəsində də Prezident bu məsələyə toxunaraq ictimai nəzarət mexanizmlərinin işə salınmasının vacibliyini vurğulayıb: "Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq, insanlardan tələb etsək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır".
Ölkə başçısının bu yöndə göstərişlərinə, verdiyi qərarlara müvafiq qurumlar tərəfindən hansı dərəcədə əməl olunmasını araşdırdıq. Araşdırma zamanı məlum oldu ki, mərkəzi icra hakimiyyəti orqanlarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yanında İctimai şuralar yaradılıb. Yerli icra hakimiyyəti orqanlarından isə bir-ikisini çıxmaq şərti ilə heç birində bu şuralar yaradılmayıb.
"İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və icra olunan fəaliyyətlərinin nə qədər qanunvericiliyə uyğun olmasının yoxlanmasıdır"
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud 2014-cü ildə millət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin təşəbbüsü ilə parlamentdə "İctimai iştirakçılıq haqqında" qanunun qəbul olunmasının vətəndaş cəmiyyəti quruculuğu, QHT-dövlət münasibətlərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: "Bu qanun yerli və mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılmasını nəzərdə tutur. İndiyə qədər bir neçə dövlət qurumunda, o cümlədən Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində belə şuralar fəaliyyət göstərirdi. Bu qanunun tələblərindən irəli gələrək isə bütün mərkəzi və yerli icra hakimiyyəti strukturları bu təşəbbüsə qoşulmağa məcbur olacaqlar. Müxtəlif dövlət orqanları artıq yanlarında İctimai Şuraların yaradılması ilə bağlı addımlar atırlar. Cənab Prezident Nazirlər Kabinetinin sonuncu iclasındakı çıxışında hökumətin fəaliyyətinə ictimai nəzarətin vacibliyini vurğuladı. Biz bunu bilavasitə QHT-lərə ünvanlanmış çağırış kim qəbul etdik. Şuranın təşəbbüsü ilə QHT-lər toplandı və bir neçə işçi qrup: iqtisadi məsələlər, sosial məsələlər və ictimai əlaqələr üzrə işçi qruplar yaradıldı. Burada ən müxtəlif sahələr üzrə illərdir QHT sektorunda çalışan, layihələr icra edən QHT-lər toplaşıb. İlkin qəbul olunan qərar bundan ibarətdir ki, həmin işçi qruplar aidiyyatı nazirliklərdə görüşlər keçirəcəklər və hər bir işçi qrupun planı var. Bu plan əsasında onlar təkliflər irəli sürərək müvafiq səlahiyyətli şəxslərlə müzakirə edəcəklər. Eyni zamanda, paytaxt və regionlarda maarifləndirici görüşlərin keçirilməsi ilə də bağlı razılığa gəlinib.
İctimai nəzarət dünyanın müxtəlif ölklərində tətbiq olunur. İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və icra olunan fəaliyyətlərinin nə qədər qanunvericiliyə uyğun olmasının yoxlanmasıdır. Yəni bir icra orqanının fəaliyyəti var və onun yanında orqanda çalışmayan, ictimai əsaslarla fəaliyyət göstərən digər qurumlar ictimai nəzarəti həyata keçirirlər. İctimai nəzarəti həyata keçirmək üçün vətəndaş cəmiyyətinin müxtəlif strukturları: QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları toplaşıb müvafiq ictimai şuralar təşkil edirlər və fəaliyyəti sürdürürlər. İctimai şuralar resursların rasional istifadəsinə, idarəetmə aparatının səmərəliliyinə, dövlət orqanları tərəfindən qəbul olunan qanunların həmin strukturlar tərəfindən nə dərəcədə doğru-dürüst şəkildə icrasına, qadağalara, məhdudiyyətlərə nə dərəcədə riayət edilməsinə və s. nəzarət edəcəklər.
Qanun qəbul olunandan sonra heç də bütün dövlət qurumları yanında bu tip şuralar yaradılmayıb. Əlbəttə, qanunun tələbi birmənalıdır. Bütün dövlət strukturları qanunun icrasını mütləq şəkildə təmin etməlidirlər. Ancaq bir dövlət qurumunun yanında yaradılan ictimai şuranın ona nəzarət edəcəyini düşünsək həmin qurumun maraqlı olmaması təbiidir. Cənab Prezidentin Sərəncamı və ölkədə bazar iqtisadiyyatı şəraitində yaranmış yeni mərhələ ilə əlaqədar müxtəlif institutsional və maliyyə sahəsində islahatları həyata keçirilir. O islahatların da bir qismi dövlət strukturlarına ictimai təşkilatların ictimai nəzarətinin təmin olunmasıdır. İctimai nəzarətin təmin olunmasında isə ən effektiv və həlledici rollardan biri QHT-lərin üzərinə düşür. İctimai nəzarətlə bağlı bizim şura müvafiq qanun hazırlayıb. Gözlənilir ki, ictimai nəzarət haqqında qanun müzakirəyə çıxarılsın. Hesab edirəm ki, ictimai nəzarət dünyada təcrübədən çıxmış kifayət qədər effektiv bir üsuldur. Nəticəsi də müsbətdir. Düşünürəm ki, dövlət orqanlarının fəaliyyətlərindəki qüsurların bir xeyli qismini bu üsulla aradan qaldırmaq mümkün olacaq.
"Azərbaycan Prezidentinin verdiyi qərarlar kağız üzərində qalmamalıdır və müvafiq strukturlar bundan irəli gələn məsələləri doğru-dürüst yerinə yetirməlidirlər"
Konstitutsiya Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev ölkə başçısının 2014-cü ildə imzaladığı "İctimai iştirakçılıq haqqında" qanundan xeyli müddət keçməsinə baxmayaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin yanında ictimai şuraların yaradılmadığını deyib: "Bu gün cəmi 6-7 nazirlik yanında belə şuralar yaradılıb. Əsas səbəb isə mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələri yerinə yetirməməsidir. Onların müvafiq strukturları qəbul olunmuş qanunlarla tanış olmurlar. Bəzi hallarda məmurlarımız bu işdə maraqlı olmurlar. Ona görə ki, bu şuralar yaradılsa, onların strukturlarındakı mövcud problemlər ictimai müzakirəyə çıxarıla bilər. Onlar ictimai dinləmələrdən uzaq olmaq və qəbul edilən qərarlar daha dar çərçivədə həyata keçirilsini istəyirlər. Son aylarda Cənab Prezident bu yöndə vacib mesajlar verir. Bildirir ki, ictimai nəzarət vacibdir və bunsuz inkişafa mane olan halları üzə çıxarmaq çətindir.
Onun sözlərinə görə, Cənab Prezident bir neçə gün öncə Apellyasiya Şuralarının yaradılması barədə qərar verdi: "Bu Şuralar sahibkar-dövlət orqanları arasında münasibətlərlə bağlıdır. Məhkəmə prosesləri keçmədən qvardi-məhkməmə strukturlarının yaradılmasını nəzərdə tutur. Sahibkarların şikayətləri araşdırılaraq ona uyğun cavab veriləcək. Bu sahibkarlıq mühitinin yaradılmasına və sahibkarlığa mane olan inzibati bürokratiyayanın aradan qaldırılmasına xidmət edəcək vasitədir. Eyni zamanda, bu, həm də ictimai nəzarətin həyata keçirilməsinin effektiv üsullarından biridir. Azərbaycan Prezidentinin verdiyi qərarlar kağız üzərində qalmamalıdır və müvafiq strukturlar bundan irəli gələn məsələləri doğru-dürüst yerinə yetirməlidirlər. Bu vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına və dövlət orqanlarına etimadın möhkəmlənməsinə gətirib çıxara bilər. Verilən qərarlar zamanı vətəndaşların bu qərarların hazırlıq mərhələsində iştirakı həm şəffaflığa, həm də müvafiq qurumlara inamın artmasına səbəb olar. Belə olan halda həmin qərarlar daha effektiv nəticələrlə yekunlaşır. Cənab Prezidentin də dediyi kimi hər bir məmur xalqın xidmətçisidir. Verdiyi qərarlar zamanı da onunla dialoq aparmalıdır. Düşünürəm ki, İctimai Şuraların yaradılması, atılan addımlarda vətəndaşların rəyinin öyrənilməsi baş verə biləcək mənfi fəsadların qarşısnı öncədən ala bilər".
"Bəzi dövlət qurumları ictimai nəzarət, QHT adı gələn kimi sanki təşvişə düşürlər və maksimum şəkildə bu prosesləri əngəlləməyə çalışırlar"
QHT rəhbəri Səbuhi Abbasov qeyd edib ki, ictimai nəzarət mexanizminin yaradılması, ilk növbədə Cənab Prezidentin təşəbbüsüdür: "Təəssüflə qeyd etməliyəm ki, bəzi dövlət qurumları ictimai nəzarət, QHT adı gələn kimi sanki təşvişə düşürlər və maksimum şəkildə bu prosesləri əngəlləməyə çalışırlar. Yəni bu sahədə maneçilik faktoru var və bunu danmamalıyıq. Eyni zamanda, biz bu faktoru nəzərə alaraq səmərəli iş qurmalıyıq. İlk növbədə, dövlət qurumları bu tip nəzarət mexanizmlərinin qurulması üçün sosial sifarişlər verməlidirlər. Lakin ictimai nəzarət şuralarının tərkibini həmin dövlət qurumları müəyyən etməməlidir. Əgər belə olsa o zaman bunun hansısa effektiv nəticəsindən danışmaq mənasız olar. Bu mənada QHT-lərə Dövlət Dəstəyi Şurası yanında və yaxud da müstəqil şəkildə bir qurum yaradılmalıdır. Qurumun tərkibi isə ölkədə effektiv fəaliyyəti ilə seçilən QHT-lərdən ibarət olmalıdır. Nəzarət mexanizmləri konkret spesifik sahələr üzrə ixtisaslaşmalıdır. Sosial, iqtisadi, siyasi, diaspor və mədəniyyət. Bu spesikit sahələr üzrə də nəzarət departamentləri olmalıdır. Eyni zamanda, nəzarət mexanizmi sosial mediaya inteqrasiya olunmuş formada reallaşmalıdır".
"İctimai nəzarətlə bağlı yeni təkmil qanun qəbul olunmasa bəzi qanunlar, məmurlar aparılan islahatları sabotaj edə bilərlər"
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə bildirib ki, İctimai Şuranın yaradılması idarəçilikdə qüsurları müəyyənləşdirmək baxımından ən effektiv üsuldur: "Şura üzvləri heç bir məsləhətləşmə aparmadan müvafiq strukturların iş fəaliyyətinə nəzarət edə bilər. İlk əvvəl Ədliyyə Nazirliyində, ardınca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradıldı. Təəssüf ki, əksər naziliklər, mərkəzi icra hakimiyyəti orqanları hələ də bu şuraları yaratmayıblar. Düşünürəm ki, səbəb müvafiq qurumların onların işinə nəzarət edən ŞURALARDAN qorxurlar. Qanunverici orqanda da bu yöndə qanun qəbul olundu, amma hələ ki, nəticə yoxdur. İctimai Şuranın yaradılması və işində ən aktiv iştirak edən qurum Ədliyyə Nazirliyi ilə yanaşı, Dövlət Qulluğuna qəbul üzrə Dövlət Komissiyasıdır. Biz hətta onların işində ekspert kimi də iştirak edirik. Orada gedən bütün proseslər bizə bəllidir və lazım gəldikdə bu barədə açıqlamalar da veririk. Nazirlər Kabinetinin 171 və 172 saylı qərarları var ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları İctimai Şuraların və ictimai iştirakçılığın digər formalarını tətbiq etməlidir. Müvafiq əsasnamələr qəbul olunub. Biz 33 rayonda icra hakimiyyətləri üçün bu işlərin necə təşkil olunması barədə təlimlər keçdik. Ümumilikdə götürdükdə cəmi 1 ya 2 rayonda və 5-6 mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuralar var. Buradan da görünür ki, onlar qanunu pozurlar və ona əməl etmirlər. Ölkə başçısının bu barədə son çıxışları da göstərir ki, Cənab Prezident bunun reallaşmasını qətiyyətlə istəyir. Düşünürəm ki, komanda buna hazır deyil. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yeni təşəbbüslə çıxış edirik. İctimai nəzarətlə bağlı daha təkmil qanun ortaya çıxmalıdır. Əks halda bəzi orqanlar, məmurlar bu islahatları sabotaj edəcək. İctimai iştirakçılığın iştirakçıları yalnız QHT-lər deyil. Qanunda da göstərildiyi kimi 5 vətəndaş cəmiyyəti qurumu: QHT-lər, Həmkarlar İttifaqları, KİV, bələdiyyələrin məhəllə komitələri və vətəndaşların təşəbbüs qrupları. Gedən proseslərə mətbuat və QHT-lər xüsusilə diqqət yetirməli, yaxşını təşviq etməli, pisi də deməlidir".
Göründüyü kimi, vətəndaşların dövlət idarəçiliyində iştirakı, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması, verilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının da rəyininin nəzərə alınması baxımından İctimai Şuraların əhəmiyyəti böyükdür. Bu yöndə dövlət səviyyəsində güclü istək mövcuddur.
Tofiq Abdulla