PDF Oxu

Əsas

  • 2 182

Deputat: "Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həddinə düşüb"

image

"Güzəştli kreditlər, aqrar bölmənin inkişaf etməsinə kömək etmək gündəmdə duran vəzifədir"

"Çoxsaylı iş yerlərinin yaradılması ilə yanaşı, son vaxtlarda iş yerlərinin bağlanması hallarının da baş verdiyinin şahidi oluruq. Lakin dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, qeyri-neft sektorunun inkişafını, özəl sektorun genişlənməsi, yeni iş yerlərinin açılması, əmək bazarında işçi qüvvəsinə tələbin artmasını tənzimləyən tədbirlərin həyata keçirilməsi inkişaf sayıla bilər".

Bu fikirləri Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirib. Onun sözlərinə görə, işsiz və işaxtaran şəxslərin işlə təmin olunması üçün artıq işəgötürənlərlə birgə tədbirlər görülməyə başlanılıb: "Vakant iş yerlərinin yaradılması, həmçinin haqqı ödənilən ictimai işlərin təşkil olunması üçün işlər həyata keçirilməkdədir. Bundan başqa, bütün bölgələr üzrə əmək yarmarkaları təşkil olunub. Ölkənin 2016-2025-ci illər üzrə Məşğulluq Konsepsiyası layihəsinin hazırlığına başlanılıb. Layihədə ölkəmizdə müsbət demoqrafik meyillər, əhalinin artımı nəzərə alınmaqla yeni iş yerlərinin daim artırılması əsas hədəflərdən biri kimi müəyyən olunacaq. Əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi, sahibkarlığın inkişafı, infrastruktur layihələrində, dövlət investisiya xərclərində məşğulluq amilinin önə çəkilməsi, rəqabətli kadr potensialının yaradılması, peşə-ixtisas təhsilinin əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşması, işdə icbari sığorta sisteminin tətbiqi və s. zəruri tədbirlər Konsepsiyada əksini tapacaq. Sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etməsinə də önəm veriləcək, çünki bu amil də məşğulluq siyasətində çox vacib rola malikdir. Bu gün bazarın qorunması, yeni iş yerlərinin açılması, sosial durumu aşağı olan insanların rifah halının yaxşılaşması və digər məsələlər hər an nəzarətdə saxlanılır. İnsanların problemlərinin həll edilməsi, orta və kiçik sahibkarlığın inkişaf etməsi, iş yerlərinin yaranmasının vacibliyi, sahibkarların dəstəklənməsi başlıca məsələ kimi irəli sürülüb. Ölkədə sahibkarlara şəraitin yaradılması, onun daxildə məhsul istehsal etməsi üçün imkan verilməsi üçün dövlətin direktiv qanunları, güzəştli kreditlər, aqrar bölmənin inkişaf etməsinə kömək etmək və s. gündəmdə duran vəzifədir".

H.Rəcəbli onu da qeyd edib ki, Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həddinə düşüb: "Ölkələr var ki, 13 faizdir. Bu günləri monopoliyanın qarşısının alınması, korrupsiyaya qarşı mübarizə, gömrük sahəsində görülən işlər, vergi ilə bağlı görülən işlər, əmanətlərin sığortalanması və digər məsələlərin kökündə yenə də vətəndaşların mənafeyi durur. Şərait bu gün tələb edir ki, hər kəs öz bildiyi sahədə çalışıb, özünü və ailəsini təmin etməlidir. Dövlətimiz hər zaman halal zəhmətlə çalışan insanların yanındadır".

Samir

Digər xəbərlər