Düşmən ölkə yaxın gələcəkdə dünya xəritəsindən silinə bilər
Özünün ən böyük tənəzzül dövrünü yaşayan Ermənistanda sosial-iqtisadi problemlər getdikcə daha ağır xarakter alır. Miqyası durmadan genişlənən problemlərin qarşısının alınması üçün isə ölkə hakimiyyətinin, demək olar ki, heç bir resursu yoxdur. Bu vəziyyətdə əhali yenə çıxış yolunu ölkəni tərk etməkdə görür.
Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına görə, bu ilin yanvar ayından etibarən ərzaq məhsullarının qiyməti əhəmiyyətli dərəcədə yüksəlib. Ermənistan Miqrasiya Xidmətinin verdiyi rəsmi məlumata görə, 2015-ci ilin əvvəlindən ölkəni 22 min əhali tərk edib. Lakin müstəqil mənbələr bu rəqəmin deyildiyindən ən azı 3 dəfə çox olduğunu bildirirlər.
Parisdə gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalı 8 fevral tarixli sayında Ermənistanı tərk edən əhalinin statistikası ilə bağlı məlumat dərc edib.
Son dövrlərdə ölkə əhalisinin sayının sürətlə azaldığı diqqətə çatdırılan məqalədə ermənilər arasında imiqrasiyanın geniş şəkil almasının əsl səbəbi kimi ölkə iqtisadiyyatının tənəzzülə uğraması, aclıq və səfalətin hökm sürməsi, korrupsiyaya qurşanan məmurların özbaşınalığının olduğu vurğulanır.
Ermənistan Statistika İdarəsinin məlumatın da, son 14 ildə 453 min vətəndaşın ölkəni tərk etdiyi bildirilir. Məqalədə Ermənistan müstəqillik əldə etdiyi dövrdən ermənilərin ölkəni tərk etmələrinin heç vaxt ara vermədiyi, əksinə getdikcə daha intensiv şəkil aldığı qeyd olunur.
Jurnal Ermənistan vətəndaşlığından imtina edənlərin nə vaxtsa ölkəyə geri qayıdacağının böyük şübhə altında olduğunu, uzun illər acı məhrumiyyətlərə dözmək məcburiyyətində qaldıqlarından Ermənistanı tərk edənlərin onları fəlakətlər gözləyən vətənlərinə yenidən qayıtmaq fikrində olmadıqlarını yazır
Sarkisyan və 330 min erməni
Erməni mətbuatı, o cümlədən erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalı ermənilər arasında miqrasiya hallarının artması ilə bağlı həyəcan təbili çalmağa başlayıblar. Ermənistan Dövlət Statistika İdarəsinin rəsmi məlumatına istinad edən mətbuat təkcə 2014-cü ildə 47 min erməninin xarici ölkələrə miqrasiya etdiyini qeyd ediblər. Verilən məlumatda o da bildirilir ki, Serj Sarkisyanın hakimiyyətdə olduğu 7 il ərzində 330 min erməni ölkəni tərk edib.
Ermənistanın "Haykakan Jamanak" qəzetinin yazdığına görə, ölkədə miqrasiyanın yüksək səviyyədə olmasına səbəb əhalinin mövcud rejimə inamının azalmasıdır. Yerevanın Miqrasiya Problemləri Mərkəzinin ekspertləri hesab edirlər ki, mühacirət indiki templərlə davam etsə, ölkənin gələcəyi sual altına düşə bilər. Hesablamalara görə, bu ilin sonunadək ölkəni daha 380 min nəfər tərk edəcək. Ermənistandakı "Sardarapat" hərəkatının yaydığı bəyanatda isə bildirilir ki, ölkə rəhbərliyi mühacirət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün, faktiki olaraq heç bir tədbir görmür: "Ermənistan prezidenti Serj Sarkisyan bundan sonra nə etsə belə, ölkəni tərk edənlərə mane ola bilməyəcək. Mühacirət etmək fikrinə düşənləri hətta həbs gözləsə də, ermənilər qaçmaqda davam edəcəklər. Axı səbr kasası daşan və heç bir ümid yeri olmayan insanları zorla ac saxlamaq olmaz".
Vəziyyətə aydınlıq gətirən "Joxovurd" qəzetinin fikrincə, bu, sadəcə respublika əhalisini yoxsullaşdıran ağır sosial-iqtisadi vəziyyət ilə əlaqədar olmayıb, həm də erməni ictimaiyyətinin ölkənin gələcəyinə olan ümidlərinin saxtalaşdırılmış prezident seçkilərindən sonra puça çıxması ilə bağlıdır. Sitat: "Ölkədə keçirilmiş prezident seçkilərindən sonra ölkə əhalisinin gələcəyə olan ümidləri tamamilə puça çıxmışdır. Əhali vəziyyətin yaxşılaşmasına yardım edəcək dəyişikliklərə artıq inanmayaraq ölkəni davamlı şəkildə tərk edirlər. Bu gün ölkədə bir nömərli problem miqrasiyadır".
Naira Ayrumyan: "Ermənistan köçür, hər şey satılır, əsas satan isə hakimiyyətdir, ölkənin nəyi var, satır"
Erməni iqtisadçı professoru Qrant Baqdasaryan isə məsələ ilə bağlı açıqlamasında bildirir ki, ölkədə baş verən bu proselərin arxasında Sarkisyanın yürütmüş olduğu səhv siyasət dayanır. Sitat: "11 ildə Ermənistanın iqtisadiyyatı tamamilə cinayətkar qruplar tərəfindən idarə edilib və xalqa məxsus pullar açıq şəkildə mənimsənilmişdir. Prezident Sarkisyanın iqtisadi inkişaf barədə söylədikləri yalan və uydurma faktlardan başqa bir şey deyil. Sarkisyan hakimiyyəti dövründə inflyasiya 10 faizdən artıq olmuş, əhalinin gəlirləri isə kəskin şəkildə azalaraq, iqtisadi vəziyyətin düzəlməsi üçün heç bir addım atılmamışdır. Əməkhaqları və pensiyalar artırılmayaraq, ölkə büdcəsi oliqarx-məmurlar tərəfindən talan edilmiş və onların mənafeyinə xidmət edən siyasi layihələrin həyata keçirilməsinə sərf olunmuşdur. Ölkədə oğurluq və korrupsiya dövlət siyasəti səviyyəsinə bir qədər də yüksəlmişdir. Bir qrup oliqarx-məmur quldurluq yolu ilə xalqın malını, milli sərvətlərini talayıb satır və əldə etdiyi çirkli pullar vasitəsilə xarici ölkələrdə daşınmaz əmlak alaraq özlərini kübar cəmiyyətin adamları kimi təqdim etməyə çalışırlar".
Analitiklərin fikrincə, Ermənistanın ağır vəziyyətə düşməsinin səbəblərindən biri də indiki hakimiyyətdir. Məhz bu hakimiyyət ölkəni daha böyük problemlərə düçar edib. Özü də maraqlı məqamlardan biri budur ki, əhalinin gəlirlərində heç bir dəyişiklik olmadığı halda, inflyasiya getdikcə daha dinamik xarakter alır. Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına görə, yanvar ayından etibarən ərzaq məhsullarının qiyməti əhəmiyyətli dərəcədə yüksəlib. Təkcə son bir ayda qiymətlər 7 faizə yaxın yüksəlib. Məmurlar isə bu vəziyyətdə daha da varlanmaq üçün ölkəni çapıb-talamaqdadırlar. Erməni siyasi müşahidəçi Naira Ayrumyan baş verənlərlə bağlı yazır: "Ermənistan köçür. Hər şeyi satışa çıxarırlar. Heç kim bilmir ki, sabah nəyi satacaq. Hətta alıcılar barəsində ictimaiyyətə xəbər vermirlər. Əsas satan isə hakimiyyətdir, ölkənin nəyi var, satır".
Onun sözlərinə görə, bu günlərdə yayılan informasiyaya əsasən, hökumət İranla Sevan gölündən suyun satışı ilə bağlı razılaşma əldə edib: "Görünür, növbədə "Nairit" zavodu və "Zvartnos" aeroportudur. "Nairit" zavodu tezliklə satılması üçün dövlət mülkiyyətinə qaytarılıb. Eyni zamanda, Zvartnos hava limanının gəlirinin azaldığı barədə ictimai rəy yaradılır".
Bütün bunlara görə də "Ayağa qalx, Ermənistan" adlı vətəndaş hərəkatının fəalları ötən ilin noyabr ayından başlayaraq ölkə rəhbərliyinin yarıtmaz siyasətinin əleyhinə nümayişlər keçirirlər. Sosial problemlər fonunda təşkil edilən aksiyalarda artıq siyasi tələblər də irəli sürülür, hakimiyyətin istefası tələb edilir.
Bütün bunlar isə Ermənistanı təkcə siyasi yox, sosial-iqtisadi müstəvidə də böyük problemlərin gözlədiyini deməyə əsas verir. Elə bu səbəbdən hakimiyyətin xalq tərəfindən devrilməsi və bunun yaxın zamanda baş verməsi qaçılmaz sayılır,
Bütün bu deyilənləri ümumiləşdirib deyə bilərik ki, Ermənistanda yaşanan böhran davam etsə, düşmən ölkə yaxın gələcəkdə dünya xəritəsindən silinə bilər.
A.SƏMƏDOVA