PDF Oxu

Əsas

  • 4 207

Qloballaşan dünyamız Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyur

image

"Bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir"

Heydər Əliyev

Bu gün dünya tarixi inkişafın olduqca mühüm və mürəkkəb mərhələsini yaşayır. Qloballaşma prosesinin geniş vüsət aldığı, sivilizasiyalararası dialoqun tarixi zərurətə çevrildiyi bu mərhələdə hər bir millət varlığını qoruyub saxlamaqla bərabər, bəşəriyyətin gələcəyi üçün də məsuliyyət daşıyır. Qloballaşma şəraitində Azərbaycanda aparılan quruculuq işləri, həyata keçirilən islahatlar, irimiqyaslı layihələr dövlətin milli maraqlarına xidmət edir. Azərbaycan dövlətinin ilbəil artan iqtisadi və siyasi qüdrəti dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin təməlinin daha da güclənməsinə təsirini göstərir. Bu da diaspor hərəkatının güclənməsinə, soydaşlarımızın Azərbaycan dövləti ilə əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradıb. Bu gün dünyanın hansı ölkəsində yaşamasından, dünyagörüşündən və siyasi əqidəsindən asılı olmayaraq, hər bir soydaşımız Azərbaycanın daha da inkişafına təsirini göstərir.

Dünya ölkələrində Azərbaycan diaspor təşkilatlarının sayı 450-ni ötüb. Əgər bir neçə il əvvəl dünya ölkələrində Azərbaycanın 46 səfirliyi və konsulluğu fəaliyyət göstərirdisə, bu gün onların sayı 65-ə çatıb. Bu rəqəmlər artıq Azərbaycanın bütün dünya ilə əməkdaşlığının göstəricisidir. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələri daha da möhkəmlənir. Bu vəzifələr sırasında diaspor təşkilatlarının güclənməsi və birliyi, onların dövlət strukturları ilə daha sıx əlaqəsinin təmin olunması xüsusilə əhəmiyyətlidir. Qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələri daha da möhkəmlənir. Bu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasətinin məntiqidir.

DÜNYA AZƏRBAYCANLILARINI VAHİD MƏFKURƏ ƏTRAFINDA BİRLƏŞDİRƏN DAHİ ŞƏXSİYYƏT

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi oldu. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Hakimiyyətə gəldiyi zamandan başlayaraq, Ümummilli Lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Müstəqillik qazanmış dövlətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Ümummilli Lider Heydər Əliyevin Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətləndi.

2001-ci ilin noyabrın 9-10 tarixində Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Dünya Azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən biri kimi milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyi nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli Lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.

Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlıların I Qurultayını müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisə kimi qimətləndirdi. Həmin gün dünyada yaşayan azərbaycanlılar, Azərbaycan icmalarının nümayəndələri ilk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşmışdı.

MİLLİ DÜŞÜNCƏMİZİN PARLAQ İFADƏSİ AZƏRBAYCAN

DİASPORUNUN SİMASINDA DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILIR

Bu gün Azərbaycan diasporundan söz açarkən vurğulamaq lazımdır ki, Azərbaycan diasporu dünya ölkələrində yetkin və formalaşmış şəkildə fəaliyyət göstərir. Heydər Əliyev siyasətinin məntiqi olaraq həyata keçirilən tədbirlərin əsasında milli düşüncəmizin parlaq ifadəsi Azərbaycan diasporunun simasında dünya ictimaiyyətinə çatdırılır. Dünyanın bir çox ölkələrində - Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıb. Son illər bu icmalar daha da möhkəm təşkilatlanır, genişlənir və azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliyini, həmrəyliyini təmin edir. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır.

Azərbaycan diasporu ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Niderland, Almaniya, İspaniya, Norveç, Belarus, İsveç, Özbəkistan, Belçika, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirliyi, İsveçrə, Qazaxıstan, İtaliya kimi onlarla dövlətdərdə fəaliyyət göstərir. Belə ki, dünya ölkələrində "Azərbaycan Evi" Cəmiyyəti, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Azərbaycan Kültür Mərkəzi, Azərbaycanlı Tələbələr Assosiasiyası, Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası, Avstaliyada Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi, Azərbaycan-İsveçrə Türk Cəmiyyəti, İsveçrə Azərbaycan Türkləri Kültür Dərnəyi, Azərbaycan Türk Kültür Dərnəyi, Azərbaycan-İsveçrə Əməkdaşlıq Cəmiyyəti, İsveçrədə Azərbaycanın Demokratik Tələbə və Gənclər Birliyi, Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi, Amerika-Azərbaycan Ticarət Palatası, Hyuston Azərbaycanlıları Cəmiyyəti, Amerika-Azərbaycan Şurası, Qafqaz Yəhudiləri Cəmiyyəti və onlarla belə qurumlar müstəqillik dövründə məhz Ulu Öndərin diaspora quruculuğu siyasətinin məntiqi olaraq təşəkkül tapmışdır. Bu və ya digər qurumlar dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaqda əhəmiyyətli rola malikdir.

Diaspor təşkilatlarının fəaliyyəti, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı məlum kampaniyaya qarşı da yönəlib. Öz fəaliyyətləri ilə ermənilərə layiqli cavab verməklə dünya ictimaiyyətinə Azərbaycanın humanist, sülhsevər siyasətini təqdim edirlər. Narahat dünyamızda sağlam düşüncənin, haqq və ədalətin əvvəl-axır qalib gələcəyinə inamı əməlləri ilə ifadə edərək, bütün xalqların sülh və əmin-amanlıq, mehriban qonşuluq və dostluq şəraitində yaşaması üçün öz töhfələrini verirlər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün planetimizdə beynəlxalq təhlükəsizliyə və barışa, sivilizasiyalararası dialoq çağırışlarına, xalqların dinc yanaşı yaşayışının və əmin-amanlığının təminatına ciddi ehtiyac duyulur: "Çünki qloballaşma prosesinin vüsət aldığı müasir mərhələdə dövlətlərin suverenliyini və bütövlükdə bəşəriyyəti təhdid edən aqressiv etnik separatçılıq, terrorizm, milli, dini və irqi ayrı-seçkilik kimi mənfi meyillər həyatımızın acı gerçəkliyinə çevrilmişdir".

ÜMUMMİLLİ LİDERİN DİASPOR QURUCULUĞUNDA QOYDUĞU ƏNƏNƏ PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN UĞURLA DAVAM ETDİRİLİR

Müasir həyatımızda Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək siyasəti bu gün Prezident Cənab İlham Əliyevin fəaliyyətində davam etdirilir. Bu isə həmvətənlərimizin sıx təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.

Dünya azərbaycanlıları yaşadıqları ölkələrdə beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunması, insanların rahat və təhlükəsiz şəraitdə yaşaması naminə konkret addımlar atmağa, təcavüzkarı sağlam düşüncəyə və davakar qarşıdurma mövqeyindən geri çəkilməyə vadar edəcək qətiyyətli tədbirlər görməyə çağırırlar. Belə ki, diaspor təşkilatları tərəfindən keçirilən etiraz aksiyalarında, qəbul olunan bəyatanlarda bu münaqişənin sülhə və təhlükəsizliyə ciddi mane olması diqqətə çatdırılır. Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmağa yönələn tədbirlər soydaşlarımızın qarşıya qoyduğu vəzifələrdən irəli gəlir.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bu da, öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr qoyur. Müasir dövrdə diaspor quruculuğu konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli prosesdir. Reallıqlara söykənərək deyə bilərik ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda mühüm işlər görülür. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, Azərbaycan diasporu güclənib, doğma Vətənin taleyüklü problemlərinin həllində yaxından iştirak edir.

ZÜMRÜD BAYRAMOVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

Digər xəbərlər