Erməni silahlı dəstələri Xocalı qətliamına son "hazırlığı" bu kənddə keçmişdilər
Fevralın 17-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki mühüm yaşayış məntəqələrindən birinin - Xocavənd (Martuni) rayonunun Qaradağlı kəndinin erməni silahlı dəstələri tərəfindən işğal edlməsinin 24 ili tamam oldu.
Qaradağlı kəndinin işğalı Xocalı qətliamına qədər Azərbaycanın yaşadığı ən faciəli hadisə, erməni işğalçı dəstələrinin törətdiyi müdhiş bir qırğın idi. Ermənilər Xocalı soyqırımına son "hazırlığı", həmin qətliamın "baş məşqini" məhz Qaradağlı kəndində keçmişdilər.
Erməni hərbi birləşmələri həmin dövrdə Xankəndidə (Stepanakert) yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının hərbi texnikasnının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma başlamışdılar. İki gün çəkən ağır döyüşdən sonra yaraqlı ermənilər fevralın 17-də kəndi işğalı ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.
Kənddə olan 104 nəfər sakindən 54-ü, 14 nəfər əsgərdən 12-si əzab və işgəncələrlə öldürüldü, insanlar diri-diri torpağa basdırıldı. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. 2 ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı.
İşğal nəticəsində Qaradağlı kəndində 200 ev, 1 mədəniyyət evi, 320 şagird yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdıldı. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü.
Göründüyü kimi, həmişə işğalçılığı ilə tarixə düşən erməni quldurlarının Qaradağlıda törətdikləri faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı cinayətdir.
Ü.ƏSGƏROV