Fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının dördüncü ildönümü münasibətilə təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb.
Arzu Rəhimov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən dörd il ərzində əsaslı tədbirlər görülüb. Səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib. Ötən müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. Xidmətin yaradılmasından ötən dörd il ərzində qarşıda duran vəzifələrin daha mütəşəkkil yerinə yetirilməsi və işin səviyyəsinin yüksəldilməsi məqsədilə bütün istiqamətlər üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində bir sıra tədbirlər görülüb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək digər dövlət qurumları kimi, Xidmətin də qarşısında prioritet vəzifə olub. Bununla bağlı Xidmət tərəfindən yerinə yetiriləcək tədbirlərin planı hazırlanaraq icrası təmin edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə icrası nəzərdə tutulmuş tədbirlər planı hazırlanıb. Arzu Rəhimov bildirib ki, səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə il ərzində Xidmətin yerli idarə, şöbə və bölmələrində də tədbirlər davam etdirilib. Görülən işlərin nəticəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib.
Qeyd edilib ki, Xidmət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflərin müsbət cavablandırılması qurumun fəaliyyətinə əlavə stimul verib. Elektron xidmətlərin tətbiqində ciddi nailiyyətlər əldə etmiş dövlət orqanları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də yer alıb.
Tədbirə yekun vuran A.Rəhimov əminliklə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaq, Prezident İlham Əliyevin Xidmət qarşısında qoyduğu vəzifələrin öhdəsindən gələcək, yeni nailiyyətlərin qazanılmasında var qüvvəsini əsirgəməyəcək. Mərasimdə iştirak edən Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, qeyri-hökumət təşkilatlarının rəhbərləri təbriklərini çatdırıb, Xidmətin dörd il ərzində gördüyü işləri yüksək qiymətləndiriblər. Sonda xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırılıb.