PDF Oxu

Əsas

  • 1 805

Milli Məclisin növbəti plenar iclası keçirildi 2016-cı ilin yenilənmiş

image

Milli Məclisin növbəti plenar iclası keçirildi 2016-cı ilin yenilənmiş dövlət büdcəsi təsdiq edildi

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açıq elan edən sədr Oqtay Əsədov gündəliyi elan edərək bildirib ki, buraya 6 məsələ daxildir. İclasda Azərbaycanın 2016-cı il büdcəsinə dəyişikliklər də müzakirə olunub.

Ziyad Səmədzadə: "Dünya iqtisadiyyatında baş verən hadisələr dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib"

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı bildirib ki, dünya iqtisadiyyatında baş verən hadisələr Azərbaycan iqtisadiyyatına təsir edir: "Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın tədiyyə balansında, ölkəyə valyuta daxilolmalarının azalmasına səbəb olub. Bu hadisələr Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib. Qeyd edim ki, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində büdcəyə dəyişikliklər geniş müzakirə olundu. Yeni situasiyada büdcədən səmərəli istifadə olunması, regionlarda iqtisadi fəallığın artırılması ilə bağlı təkliflər edildi".

Z.Səmədzadə qeyd edib ki, son 15 ildə büdcə gəlirlərinin formalaşmasında heç bir uğursuzluq və problem yaranmayıb: "Bu müddət ərzində Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalar artıqlaması ilə yerinə yetirilib".

Komitə sədri vurğulayıb ki, dəyişikliklərlə bağlı qanun layihəsində gəlir və xərclərin artırılması nəzərdə tutulub. Qanuna dəyişikliklər dünyadakı reallıqdan irəli gəlir və gələcəkdə davamlı iqtisadi inkişaf üçün baza yaradacaq.

Samir Şərifov: "Büdcəyə dəyişiklik edilməsinə iki amil səbəb olub"

Maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı bildirib ki, 2016-cı il dövlət büdcəsi və icmal büdcəyə dəyişiklik edilməsinə iki amil səbəb olub. Onun sözlərinə görə, ilk növbədə dünya bazarında neftin 4 dəfədən çox ucuzlaşması 2016-cı ilin dövlət və icmal büdcənin gəlirlərinin yenidən hesablanmasını zəruri edib. Nazir əlavə edib ki, ötən il manatın əhəmiyyətli dərəcədə ucuzlaşması da dövlət büdcəsi və icmal büdcəyə yenidən baxılmasını şərtləndirib: "Devalvasiya səbəbindən xarici valyutada büdcə xərclərinin yeni məzənnə ilə ödənilməsi üçün maliyyə vəsaiti nəzərdə tutulmamışdı. Bu, dövlət və icmal büdcənin yenidən qiymətləndirilməsini və əlavə mənbələrin axtarılmasını zəruri edib".

Nazir bildirib ki, 2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 2016-cı il üçün təsdiq olunmuş proqnozla müqayisədə 2256, mln. manat və ya 15,5% çoxdur. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş xərcləri isə 2016-cı il üçün təsdiq olunmuş proqnozdan 13,7% çoxdur. Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 barreli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb.

2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 mlrd. 673 mln. manat təşkil edəcək. 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 10 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşəcək. Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 408 mln. manat və ya 6,2% çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 mln. manat və ya 1,5% azdır. Proqnozlaşdırılan daxilolmaların 23%-i və ya 1610 mln. manatı neft sektorunun, 77%-i və ya 5400 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 1 mlrd. 810 mln. manatı və ya 10,7%-i Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 220 mln. manat və ya 13,8% çoxdur. 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 615 mln. manatı və ya 45,3%-i ARDNF-dən transfertin payına düşəcək. Yenidən baxılma ilə 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcənin neft gəlirlərinin hesablanması üçün bir barrel xam neftin qiymətinin təsdiq olunmuş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin 3 mlrd. 230,3 mln. azalması hesabınadır. İcmal büdcənin xərcləri təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 mlrd. 610,2 mln. manat artırılaraq 24 mlrd. 566,6 mln. manata çatdırılması nəzərdə tutulub. Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 mlrd. 828 mln. manat, ARDNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 12 mlrd. 309,3 mln. manat təşkil edəcək. Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin təsdiqlənmiş versiyasında büdcənin gəlirləri 14,566 mlrd. manat, xərcləri isə 16,264 mlrd. manat səviyyəsində olacağı nəzərdə tutulmuşdu.

"Elm haqqında" qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq

Plenar iclasda spiker Oqtay Əsədov bildirib ki, bu gün büdcənin yenilənməsi məsələsi müzakirə olunacağı üçün digər qanun layihəsinin müzakirəsinə vaxt çatmayacaq. Parlament sədri əlavə edərək vurğuladı ki, "Elm haqqında" qanun layihəsi növbəti iclasda müzakirəyə çıxarılacaq.

Siyavuş Novruzov: "Büdcə müzakirəsində bəzi nazirlərin iştirak etməsi vacib idi"

Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov nazirlərin Milli Məclisdə keçirilən büdcə müzakirələrinə qatılmamasına etirazını bildirdi. S.Novruzov qeyd etdi ki, iqtisadiyyat, təhsil, kənd təsərrüfatı və digər sahələri təmsil edən nazirlər iclasda iştirak etməlidir: "İqtisadi bloku təmsil edən nazirlərdən heç kim müzakirədə iştirak etmir. Dövlət büdcəsi təkcə maliyyə naziri Samir Şərifovun və ya Mərkəzi Bankın sədri Elman Rüstəmovun deyil. Bəlkə onlara kiminsə sualı var? Haradadır onlar? Gələn iclasda hökumətin hesabatı veriləcək. Amma büdcə olmadan bu hesabat nəyə lazımdır?

İqtisadi strukturlara daxil olan nazirlər və ya müavinləri müzakirələrdə iştirak etməlidirlər. Baş nazirin 6 müavini var. Burada Nazirlər Kabinetindən bir nəfər yoxdur ki, sualımı cavablandırsın. Onlardan heç olmasa, biri iclasda iştirak edə bilərdi. Hər struktur rəhbəri deputatların suallarına şəxsən cavab verməlidir". S.Novruzova spiker Oqtay Əsədova müraciət edərək, iclasın gedişi ərəfəsində nazirlərin iclasa çağırılması məsələsini qaldırdı. MM sədri onun tələbini diqqətdə saxlayacağını bildirdi: "Nazirlərin çoxu Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində ölkə başçısını müşayiət edir. Nazirlər Kabineti ilə bağlı iradla isə razıyam".

İclasda çıxış edən deputat Vahid Əhmədov isə bildirib ki, 2016-cı ildə ölkənin inkişafı üçün əsasən tez gəlir gətirən və işlə təminat üçün önəmli sahələrə, kənd təsərrüfatı sahəsinin və kiçik və orta sahibkarlığın inkişafına diqqət artılmalıdır. Millət vəkilinin sözlərinə görə, növbəti devalvasiyanın baş verməməsi üçün bu sahələr inkişaf etdirilməlidir: "Düşünürəm ki, kənd təsərrüfatı üçün ayrılan vəsait azdır. Biz neft amilini unutmalıyıq. Ənənəvi sənaye müəssisələrinin bərpasına ehtiyac var. Bu sahənin inkişafı üçün yetəri qədər xammal var. Kimya sənayesinə yeni baxış lazımdır. Bundan başqa kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirmək üçün onlara güzəştlər edilməlidir".

V.Əhmədov daha sonra ipoteka ilə bağlı çıxış edib. Deputat qeyd edib ki, prezident ipoteka üçün 200 mln. manat vəsait ayırıb. Hökumət bu barədə düşünməlidir.

Deputat Əli Məsimli 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri qiymətləndirib. "Büdcə elə qurulub ki, bu, struktur dəyişikliyə yardım edə bilər. 18,5 mlrd. manat az məbləğ deyil".

Millət vəkili, həmçinin qeyd edib ki, Mərkəzi Bank inflyasiyanı səngitmək üçün sərt pul-kredit siyasəti həyata keçirir ki, bu da gələcəkdə qeyri-neft sektorunun inkişafını ləngidə bilər: "Sərtliyə varılması neftdənkənar sahələrin boğulmasına gətirib çıxara bilər. İxrac potensialının neftdənkənar sahələr hesabına artırılması istiqamətində addımları poza bilər. Nazirlər Kabinetini əlaqələndirmə funksiyalarını yerinə yetirməyə çağırıram. Sərt pul siyasəti islahatları ləngidə bilər".

Deputat Musa Quliyev isə ölkəyə idxal edilən dərman vasitələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsindən danışıb. O bildirib ki, bir tərəfdən dərmanların qiymətləri tənzimlənir, digər tərəfdən ölkəyə gətirilən dərmanların üzərində olan ƏDV vətəndaşlardan çıxır: "Sahibkarlar həmin dərmanları gətirərkən uduzmurlar. Çünki onlar ödədiyi əlavə dəyər vergisini vətəndaşların ciblərindən çıxırlar. Hesab edirəm ki, bu məsələyə diqqət yetirlməlidir".

Eyni zamanda deputat ünvanlı sosial yardımın verilməsindən danışıb: "Ünvanlı sosial yardımın dağıdılmaması istiqamətində nazir Səlim Müslümov tərəfindən işlər görülür. Lakin yenə də bu yardımın bir hissəsi dağıdılır. Ona görə təklif edirəm ki, ünvanlı sosial yardım ləğv edilsin və vətəndaşlara yardım edilməsi üçün başqa mexanizm hazırlansın".

2016-cı ilin yenilənmiş

dövlət büdcəsi təsdiq edildi

Müzakirələrdən sonra Milli Məclis plenar iclasında 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul etdi. Dəyişikliklərə əsasən, dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16,822 milyard manat səviyyəsində gözlənilir ki, bu da təsdiq edilmiş proqnozlardan 15,5 faiz çoxdur. Xərclər 18,495 manat səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri 1,673 milyard manat təşkil edəcək. Dövlət və icmal büdcələrin parametrləri 1 barrel neftin 25 dollar səviyyəsində dəqiqləşdirilib.

Dövlət Sosial-Müdafiə

Fondunun dəyişilən

büdcəsi qəbul edildi

Milli Məclisdə "Azərbaycan Respublikası Dövlət Sosial- Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər müzakirə edilib. Dövlət Sosial-Müdafiə Fondunun sədri Elman Mehdiyev qanun layihəsinə dəyişikliyi təqdim edib. "Müzakirəyə təqdim edilən Dövlət Sosial-Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307,4 milyon manat proqnozlaşdırılır. Bu isə 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82,8 milyon manatının və ya 36,2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına, 146 milyon manatı və ya 63,8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat artıqdır.

E.Mehdiyev qeyd edib ki, Dövlət Sosial-Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin təklif olunan variantda qəbulu ölkəmizin sosial-iqtisadi həyatının mühüm həlqəsi olan sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının daha da artırılmasına əlavə imkanlar yaradacaq. Müzakirələrdən sonra millət vəkilləri dəyişikliklərin təsdiq edilməsinin lehinə səs veriblər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər