"Ötən gün heç bir əsası olmayan Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar verilmiş dezinformasiya xarakterli məlumat yayıldı. Materialın araşdırılması zamanı məlum olub ki, həmin məlumat iki il öncə yayımlanıb. Dərhal bu informasiya Müdafiə Nazirliyi və bəzi rəsmi qurumlar tərəfindən təkzib olundu. Buna baxmayaraq həmin informasiya müxtəlif adlar altında sosial şəbəkələrdə, həm də bəzi internet informasiya resurslarında yenidən gündəmə gətirilir və hallandırılır. Əslində bu, ilk belə fakt deyil". Bunu SİA-ya Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, artıq son bir neçə ildə Azərbaycan ictimaiyyəti bu cür faktlara öyrəşib və dəfələrlə təkzib olunub: "Azərbaycanı sevməyən, istəməyən qüvvələr xüsusən bu internet imkanlarından geniş şəkildə istifadə edirlər. Onlar 2014-cü ilin avqust ayında, I Avropa Oyunları zamanı, istərsə də digər vaxtlarda bu cür hallardan sui-istifadə edirlər. Təqribən onların bütün mexanizmləri, məqsədləri, fəaliyyətləri bəllidir. Onlar Azərbaycan əleyhinə olan informasiyanı hansısa bir saytın adından verirlər. Sonradan isə həmin saytdan bu informasiyanı çıxarırlar. Bu saytlar çox vaxt anonim şəkildə və xaricdə qeydiyyatdan keçmiş saytlar olur. Bu cür hallar çoxdur. O cür informasiyaların da ortaya çıxmasını heç də təsadüfi hesab etmirəm. Çünki ötən gün Azərbaycanda çox mühüm gün idi. Ölkəmizdə Cənub-Qaz dəhlizinin layihəsi üzrə mühüm tədbir keçirildi. Belə olan halda qərəzli informasiyaların yayılacağı da gözlənilən idi". Qeyd edək ki, 2014-cü ilin iyun ayında bəzi elektron kütləvi informasiya vasitələrində Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar verilmiş dezinformasiya xarakterli məlumat bu gün təkrarən sosial şəbəkələrdə və elektron mediada yayılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin məlumat təqribən iki il bundan əvvəl verilib və elə o vaxt da dərhal nazirlik tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib. Nazirlik bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndirir.