"Azərbaycan Respublikasının müvafiq qurumları 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin, onun hakim dairələrinin, o cümlədən də ermənilərə dəstək verən xarici təşkilatların əməlləri ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Azərbaycan torpaqlarında ermənilərin qeyri-qanuni məskunlaşması, fəaliyyəti, ərazidə təbii sərvətlərimizin talan edilməsi, infrastrukturun dağıdılması dövlətimizin diqqətindədir və beynəlxalq təşkilatların tədbirlərində iştirakı zamanı məsələni gündəmə gətirir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova söyləyib. Vitse-spiker qeyd edib ki, Azərbaycan tərəfi müxtəlif beynəlxalq təşkilatların tədbirlərində bütün bu məsələləri özündə ehtiva edən sənədlərin qəbuluna çalışıb: "Əlbəttə ki, təşəbbüslər müəyyən təsir doğursa da, bir çox hallarda buna laqeyidlik və biganəlik nümayiş olunub. Yəni beynəlxalq ictimaiyyət, xüsusilə danışıqlar prosesinə vasitəçilik edən ATƏT-in Minsk Qrupu bu məsələdə Ermənistan tərəfinə öhdəliklərini xatırlada biləcək hansısa fikir bildirməyib. Odur ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi çox haqlı olaraq indiki vəziyyətdə işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlərin qarşısının alınması üçün hesabat hazırlayıb və beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə göndərilib. Eyni zamanda hesabatla beynəlxalq ictimaiyyətin bu istiqamətdə vəzifələri bir daha xatırladılıb. Sadalanan nöqsanların, qeyri-qanuni fəaliyyətlərin aradan qaldırılması üçün müəyyən məsuliyyəti olan beynəlxalq dairələrin hesabata diqqət göstərəcəklərini gözləyirik. Düzdür, onlar buna qədər bu barədə məlumatlı olsalar da, konkret mövqe sərgiləməyiblər. Düşünürük ki, beynəlxalq qurumlar faktlar, tutarlı arqumentlər əsasında Azərbaycanın haqlı tələbinə diqqət yetirməli, Ermənistanı bu kimi faəliyyətlərdən çəkindirməlidirlər. Beynəlxalq ictimaiyyəti ayrı-ayrı ölkələrin dövlət, biznes subyektlərinin işğal altında olan ərazilərimizdə fəaliyyətlərinin qarşısını almağa çağırırıq. Bütün bunlar olmayacağı təqdirdə isə Azərbaycan lazımı tədbirləri görəcək və məsuliyyət də Ermənistanın üzərinə düşəcək. Ona görə də hesab edirəm ki, bu hesabat kifayət qədər ciddi sənəddir. Biz belə hesabatları müntəzəm olaraq təqdim etməli, onunla əlaqədar konkret tədbirlərin həyata keçirilməsini təmin etməliyik".
Bahar Muradova yaxın zamanda parlamentdə işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlərin qarşısının alınması üçün qanun layihəsinin hazırlanıb-hazırlanmayacağına dair sualımızı cavablandırarkən bildirib ki, sözügedən məsələ ilə əlaqədar müvafiq qanunun qəbul olunması barədə parlamentdə tez-tez fikirlər səslənir: "Nəinki parlamentdə, eləcə də cəmiyyətdə, ictimai müzakirələrdə belə fikirlər səsləndirilir. Belə təcrübə digər ölkələrdə də var. Amma konkret məsələ ilə əlaqədar hansısa qanunun qəbul olunacağına dair fikir söyləmək istəməzdim. Birmənalı olaraq yalnız onu deyə bilərəm ki, millət vəkilləri XİN-in hazırladığı hesabata biganə qalmayacaqlar, çıxışlarında fikirlər səsləndirəcəklər. Ola bilər ki, müvafiq qanun layihəsinin hazırlanmalı olduğuna dair təklif olsun. Hər halda məsələnin perspektivi barədə qarşıdakı dövrdə danışmaq olar".
İntizarə Məmmədova