Martın 15-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib. İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. İclasda əvvəlcə martın 13-də Türkiyədə törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gündəlik təsdiq olunub. Milli Məclisin Sədri Oqtay Əsədov ötən il ölkə iqtisadiyyatında əldə olunan uğurlar barədə danışıb. Oqtay Əsədov deyib ki, ötən il dünya iqtisadiyyatında mənfi meyillər daha da güclənib, iqtisadi fəallıq xeyli zəifləyib. Təbii ki, bu mənfi meyillər Azərbaycandan da yan keçməyib. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət bu mənfi meyillərin ölkə iqtisadiyyatına təsirini minimuma endirib. Ümumi daxili məhsulun 1,1 faizlə ifadə olunan artımı indiki şəraitdə məqbul hesab edilə bilər. Artım bütövlükdə qeyri-neft sektorunun payına düşür.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan hər zaman investisiya qoyuluşu üçün cəlbedici olub. Keçən il bu, özünü bir daha göstərib. 2015-ci ildə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsinə 16 milyard manata yaxın vəsait qoyulub. Bu vəsaitin 56 faizi daxili maliyyələşmə hesabına təmin olunub. Ötən il ölkənin neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna 8,8 milyard manat investisiya ayrılıb. Bu, qeyri-neft sektorunda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıb. Qeyd edilib ki, 2015-ci ildə Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövriyyənin 47 faizi və ixracın 60 faizi Avropa İttifaqı dövlətlərinin payına düşür.
Sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edib. Baş nazir Artur Rasizadə öz çıxışında qeyd edib ki, Milli Məclisə 2015-ci ildə keçirilmiş demokratik və ədalətli seçkilər ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasətin xalq tərəfindən dəstəkləndiyini bir daha təsdiq edib:
"Fürsətdən istifadə edərək, parlamentə deputat seçilməyiniz münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram. 2015-ci il Avropa idmanının bayramı kimi yaddaşlarda qalacaq. Yüksək səviyyədə və uğurla təşkil olunmuş birinci Avropa Oyunları ölkəmizin artan potensialını nümayiş etdirdi. Oyunların keçirilməsi üçün qısa müddətdə tikilib başa çatdırılan, müasir tələblərə cavab verən çoxsaylı idman sarayları və qurğuları idmanın gələcək inkişafına böyük töhfələr bəxş edəcək.
Dövlətimizin başçısının Nazirlər Kabinetinin keçən ilin yekunlarına həsr olunmuş iclasındakı nitqində görülmüş işlərin ətraflı təhlili verilib, 2016-cı ildə qarşıda duran prioritet vəzifələr və gələcək inkişaf yolları müəyyən edilib. Azərbaycan Prezidentinin yeni qlobal çağırışlara uyğun aparılacaq islahatların əsas istiqamətləri ilə bağlı verdiyi tapşırıqlar hökumət tərəfindən cari ilə və yaxın gələcəyə fəaliyyət proqramı kimi qəbul olunub. Hesabat ilində iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun dəyəri real ifadədə 1,1 faiz artıb. Diqqətəlayiq haldır ki, qeyri-neft sənayesində artım 10 faiz təşkil edib. Əsas kapitala yönəldilən 16 milyard manat vəsaitin 55 faizindən çoxu qeyri-neft sektorunun payına düşüb. Orta aylıq əməkhaqqı 5 faiz, əhalinin gəlirləri 5,7 faiz artıb, illik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınıb.
Maliyyə və pul sektorlarındakı çətinliklərə baxmayaraq, hökumətin və Mərkəzi Bankın ümdə vəzifələrindən biri inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılması olub və bu, təmin edilib. Bununla belə, qeyd olunmalıdır ki, 2015-ci ildə ölkəyə valyuta daxilolmalarının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədar makroiqtisadi tarazlığın və iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunması zərurəti manatın devalvasiyasını qaçılmaz edib. Keçən il dövlət büdcəsinin gəlirlərinin icra səviyyəsi bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının və prioritet kəsb edən layihələrin tam həcmdə maliyyələşdirilməsinə imkan verib. Əhalinin aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği artırılıb və bu məqsədə ümumilikdə 197 milyon manatdan artıq vəsait xərclənib. Əmək pensiyalarının orta aylıq artımı 2,4 faiz təşkil edib. İmtiyazı olan şəxslərə 427 mənzil və fərdi ev verilib, 400 nəfər dövlət hesabına minik avtomobili ilə təmin olunub. Son on iki ildə sosial müavinətlərin, o cümlədən əlilliyə görə müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tipli daha 5 qəsəbə salınıb, 15 min məcburi köçkün yeni mənzillərlə təmin edilib və digər sosial obyektlər istifadəyə verilib. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ümumilikdə 430 milyon manat vəsait xərclənib.
İqtisadiyyatın inkişafında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli yer tutan regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramının icrasına il ərzində bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib. Həmin Proqramda sənaye parklarının və məhəllələrinin, logistik mərkəzlərin, iri fermer təsərrüfatlarının yaradılması, yeni emal müəssisələrinin və iş yerlərinin açılması, istehsal və sosial infrastrukturun səviyyəsinin daha da yüksəldilməsi prioritet kimi qarşıya qoyulub. Belə ki, keçən il istehsal və sosial infrastrukturun yenidən qurulması ilə bağlı mühüm işlər görülüb, 400 kilometrdən artıq respublika və yerli əhəmiyyətli, 600 kilometrə yaxın kəndlərarası yollar çəkilib. Rayonlarda 2 elektrik stansiyası istifadəyə verilib, onlarla yarımstansiya quraşdırılıb və ya təmir edilib, minlərlə kilometr elektrik və qaz xətləri çəkilib, 430 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Xeyli sayda məktəb və uşaq bağçası, səhiyyə, mədəniyyət və idman obyektləri tikilib və ya əsaslı təmir edilib. Dörd şəhərdə su təchizatı layihəsi başa çatdırılıb, yüz kilometrlərlə yeni su və kanalizasiya xətləri çəkilib, çay kənarında yerləşən 58 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb."
Baş nazir qeyd edib ki, son illər qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb və nəzərəçarpan nəticələr əldə olunub. 2014-cü ilin "Sənaye ili" elan edilməsi, sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının təsdiqi və onun icrasına başlanılması ölkədə sənayeləşmə prosesinə dinamizm verib. Bu sektorda ənənəvi sahələrlə yanaşı, kosmik, müdafiə, alternativ enerji, gəmiqayırma və digər yeni sahələr yaradılıb və inkişaf etdirilib, xeyli sayda müasir istehsal və emal müəssisələri fəaliyyətə başlayıb. Ümumilikdə, il ərzində 269 sənaye müəssisəsi yaradılıb.
"Əvvəlki illərdə çoxsaylı istehsal və sosial infrastrukturun yaradılması qeyri-neft sektorunun inkişafını şərtləndirən əsas amillərdəndir. Bəzi opponentlərimiz bunu qəbul etmək istəməsələr də, faktlar reallığı daha dəqiq əks etdirir. Belə ki, son on iki ildə ölkənin müxtəlif regionlarında 25 elektrik stansiyası tikilərək istismara verilib, 10 min kilometrdən çox elektrik xətləri çəkilib, 1500-dən artıq yarımstansiya inşa edilib və yenidən qurulub. Bölgələrdə qazlaşdırılmanın səviyyəsi 80 faizədək yüksəlib. Bu müddətdə 10 min kilometrdən artıq respublika və yerli əhəmiyyətli avtomobil yolları salınıb və yenidən qurulub, 421 yeni körpü, yol qovşağı, keçid və tunel tikilərək istifadəyə verilib. Sosial infrastrukturun yenilənməsinə və genişləndirilməsinə xüsusi önəm verilib, 3 minə yaxın məktəb, 600-dək xəstəxana tikilib və ya təmir edilib, çoxlu sayda mədəniyyət və idman obyektləri inşa edilib. Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə irihəcmli su layihələri həyata keçirilib, 384 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılıb. 2004-2015-ci illərdə qaçqın və məcburi köçkünlər üçün 89 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 225 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Onların sosial problemlərinin həllinə ümumilikdə 4,6 milyard manat vəsait sərf olunub."
Baş nazir Artur Rasizadə bildirib ki, hesabat ilində sahibkarlığın inkişafına dəstək tədbirləri genişləndirilib, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Nəticədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya təşkilatlarının sayı 10,7 faiz artaraq 84 mini ötüb. Bundan əlavə, fərdi sahibkarların sayı 11 faiz artıb və 577 minə çatıb. Eyni zamanda, bu sahədə aparılan yoxlamalar iki il müddətinə dayandırılıb, "İri, orta və kiçik sahibkar meyarları" təsdiq edilib, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı xeyli azaldılıb. Lisenziyaların müddətsiz və sadələşdirilmiş qaydada verilməsinə başlanılıb və şəffaflığın təmin edilməsi üçün bu iş "ASAN xidmət" mərkəzlərinə tapşırılıb. Ölkənin ərzaq təhlükəsizliyinin əhəmiyyətini və ixrac imkanlarının genişləndirilməsinin vacibliyini nəzərə alaraq, dövlətimizin başçısının 2015-ci ili "Kənd təsərrüfatı ili" elan etməsi bu sahənin inkişafına ciddi təkan verib. Kənd təsərrüfatında məhsul istehsalı əvvəlki illə müqayisədə dəyər ifadəsində 6,6 faiz artıb. Bitkiçilikdə artım 11,3 faiz, heyvandarlıqda isə 2,5 faiz təşkil edib, taxıl, ət, süd, meyvə, kartof və tərəvəz istehsalında yüksək nəticələr qeydə alınıb. İl ərzində meyvə-tərəvəz məhsullarının ixracının həcmi 7,2 faiz artaraq 312 milyon ABŞ dollarına çatıb.
Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb. Müzakirədən sonra hesabat səsə qoyularaq qəbul olunub.
Rəfiqə Kamalqızı