Dünən Bakı şəhər və Suraxanı rayon İcra Hakimiyyətlərinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtımızda xalqımızın Milli bayramı - "İlaxır çərşənbə" günü münasibətilə təntənəli bayram şənliyi təşkil edilib. SİA-nın verdiyi xəbərə görə, bayram karvanı Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər və faytonların müşayiətilə Bakı şəhər İcra hakimiyyəti binasının qarşısından Suraxanı "Atəşgahı"na yola düşüb.
Böyük karvan Bakı şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xəqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçib, Heydər Əliyev prospektinə çıxıb, metronun "Koroğlu" stansiyasının qarşısından keçərək Hava limanı avtomagistralı ilə "Atəşgah"a doğru hərəkət edib. Yüzlərlə şəhər sakinləri bayram şənliyi münasibətilə Suraxanıdakı meydana toplaşaraq Azərbaycan xalq rəqslərinə, Kosa və Keçəlin oyununa, pəhləvanların məharətlərinə tamaşa ediblər. "Atəşgah məbədin"dən od götürən bayram karvanı bayram tonqalını alovlandırmaq üçün geriyə - Şəhər Mərkəzi Parkına hərəkət ediblər. Bayram şənliyi incəsənət ustalarının iştirakı ilə konsert və atəşfəşanlıqla davam etdiriləcək.