"Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə əfv sərəncamları imzalanıb və hümanist addımlar atılıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Prezident İlham Əliyevin dünən imzaladığı əfv Sərəncamı haqqında fikirlərini bildirərkən deyib.
YAP İcra katibinin müavininin sözlərinə görə, həm Amnistiya aktları Milli Məclisə təqdim olunub, həm də mütəmadi olaraq bu cür əfv sərəncamları imzalanıb: "Bu əfv sərəncamları hər bir bayramda müxtəlif kateqoriyalı insanlara şamil olunub. Cənab Prezident məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq bu Sərəncamı imzalayıb. Təbii ki, bu da növbəti bir hümanist addım kimi qiymətləndirilir".
S.Novruzov təəssüflə bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli kimi insanlar əfv sərəncamının olmasını istəmir: "Çünki bu ona sərf etmir. Məhz sərf etmədiyinə görə də daima Əli Kərimli həbsdə olan insanların hüquqlarından və adlarından istifadə edib. Ümumiyyətlə, o çalışır ki, bu cür insanlara amnistiya verilməsin və nəticə etibarilə onlardan istifadə edərək Avropaya, Qərbə, Şərqə müraciətlər göndərsin. Bütün bunlara baxmayaraq Prezindent İlham Əliyev hümanist addımlar atdı və əfv sərəncamını imzaladı. Əli Kərimlinin mətbuatda anonim imzalarla çıxış etməsi isə onun köhnə xasiyyəti və peşəsindən xəbər verir. İndi də o xasiyyətini davam etdirir".