Amerikada nəşr edilən "The Daily Caller" qəzeti avstraliyalı siyasi şərhçi Castin Emlerin məqaləsini dərc edib. "Müttəfiqlərimiz dəstəklənməyə layiqdir" adlı məqalədə ABŞ-ın öz müttəfiqlərinə qeyri-mütənasib münasibəti ilə bağlı fikirlər yer alır.
Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlili üzrə ixtisaslaşmış C.Emler yazır ki, Prezident Barak Obama tez-tez Yaxın Şərq, Əfqanıstan və Afrikada qeyri-sabitlik təhlükəsini xatırladır. Qeyd edir ki, bu regionlar terrorçu qruplaşmalar üçün sığınacaq ola bilər. Lakin hətta terrorizm təhlükəsi olmadıqda belə, sabitliyin olmaması etnik münaqişələrlə nəticələnə bilər. Belə münaqişələr keçmiş Sovet İttifaqının, Yaxın Şərqin və Afrikanın müxtəlif regionlarında mövcuddur. Sabitliyin olmamasını qeyd edərkən B.Obama "özünü doğrulda bilməmiş dövlətlər"in sayca artmasını nəzərdə tutur. Bu ölkələr qeyri-sabitlik ucbatından faktiki olaraq qanunların icrasını izləyə, öz vətəndaşlarının əmtəə və xidmətlərlə təmin edə, sərhədlərini və ölkənin təhlükəsizliyini qoruya bilmirlər.
Məqalə müəllifi vurğulayır ki, Yaxın Şərq deyilənlərə əyani sübutdur. Bu bölgədə "ərəb baharı" çox qısa bir zamanda ümumi etiraz doğurmuş "ərəb qışı"na çevrildi və nəticədə İraq və Suriya kimi ölkələr xaos girdabına sürükləndilər. Həmin ölkələrdə təhlükəsizlik sisteminin dağılması İŞİD və digər terrorçu qruplaşmalara dayaq mövqelər əldə etmək imkan verdi. ABŞ dünyanın hər bir problemli zonasında təhlükəsizliyin dəstəklənməsi baxımından real resurslara malik deyil. Deməli, qlobal təhlükəsizliyə öz töhfəsini verən və Amerika ilə eyni dəyərlər sisteminə malik dövlətlərin diplomatik, siyasi və hərbi resurslarla təchizi strategiyasına müvafiq şəkildə hərəkət etmək gərəkdir. Castin Emler yazır ki, bu cür müttəfiqlik meyarına uyğun gələn ölkələrdən biri də Azərbaycandır.
Əgər Azərbaycan xalqı dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Qərbə istiqamətlənməsəydi, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən bu ölkə də "özünü doğrulda bilməmiş dövlətlər"dən biri ola bilərdi. C.Emler qeyd edir ki, Heydər Əliyevin liderliyi və davamçısı İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan təvazökar ölkədən uğurlu dövlətə, habelə texnologiya, energetika, aviakosmik sahələrdə, hərbi sənayedə regionun liderinə və regional iqtisadiyyatın lokomotivinə çevrildi. Daha sonra müəllif Azərbaycanın terrorizmlə mübarizədə, eləcə də ABŞ və NATO ilə tərəfdaşlıqda Kosovo, İraq və Əfqanıstandakı əməliyyatlarda iştirakı, logistik dəstək və koalisiya qüvvələrinin təyyarələri üçün hava məkanını açması, nüvə silahının yayılmasının qarşısını almaqda əməkdaşlığı haqqında məlumat verir. Ekspert Azərbaycanın Avropa və ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təminatında rolunu, etnik və dini tolerantlıq məkanı kimi tanınmasını xatırladır. Məqalənin sonunda müəllif yazır ki, ABŞ-ın nəticə əldə etmədən bəzi ölkələr üçün boş-boşuna ayırdığı vəsaitləri xatırlaması, məhz qarşılıqlı fayda verən və bütün dünyaya xeyir gətirən bir ölkəyə dəstək göstərməsi daha yaxşı olardı.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton