Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci "Şuşa qrantı" birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində "Ermənistanın Azərbaycana təcavüzü" (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın və "Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)" monoqrafiyasının (müəllif: Musa Qasımlı) Beynəlxalq Muğam Mərkəzində təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət strukturlarının, akademik və təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxış edərək bildirib ki, hər iki əsər Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib və bununla bağlı müvafiq şəhadətnamələr verilib: "Milli Məclisin deputatı, professor Musa Qasımlının müəllifi olduğu monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Qars konfranslarında ərazi məsələlərinin, Azərbaycan ərazilərinin işğalının nəticələri və digər vacib məsələlər araşdırılıb. Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilib. Əsər tarixçi, siyasətçi, diplomat və bu məsələ haqqında tarixi gerçəkləri bilmək istəyənlər üçün nəzərdə tutulub".
Qeyd olunub ki, "Ermənistanın Azərbaycana təcavüzü" (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın birinci cildində (Sənədlər və materiallar) Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr verilib. Kitabda münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin diplomatik fəaliyyətini əks etdirən rəsmi foto-materiallar da verilib.
2-ci kitabda (Etnik təmizləmə, soyqırım, terror, işğal) XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili xronikası verilib. Bununla yanaşı, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı və bu təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da verilib.
3-cü kitabda (Beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasəti) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair dünya birliyi, o cümlədən beynəlxalq təşkilatlar (BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və s.) tərəfindən qəbul edilmiş sənədlərin xronoloji ardıcıllıqla və sistemli şəkildə təhlili xronikası verilib. Bundan əlavə, baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlil edildiyi kitabda münaqişənin nizama salınması istiqamətində beynəlxalq təşkilatların fəaliyyətindəki ziddiyyətli cəhətlərə, buraxılan nöqsanlara, eləcə də perspektivdə həlli mümkün və zəruri olan məsələlərə də diqqət yetirilib. Çıxış edən Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov, millət vəkili Elman Məmmədov diqqətə çatdırıblar ki, kitablar xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin, ali məktəblərin beynəlxalq münasibətlər, beynəlxalq hüquq, hüquqşünaslıq, politologiya, regionşünaslıq, tarix ixtisası üzrə təhsil alan tələbələr və magistrantlar, müəllimlər üçün faydalı ola bilər.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdimatı keçirilən kitabların qiymətli əsərlər olduğunu bildirib. Ə.Həsənov qeyd edib ki, 31 Mart soyqırımı elə bir tarixdir ki, Azərbaycanın milli elitası, gənclər bu tarixi dərindən mənimsəməli və gələcək nəsillərə çatdırmalıdır: "Azərbaycanlılara qarşı ermənilər 200 ildən artıq müddətdə soyqırımı həyata keçiriblər. 31 mart soyqırımı haqqında Azərbaycanda hər kəs bilir. Ermənilər azərbaycanlıların torpaqlarını işğal etmək üçün mürtəce dairələrin dəstəyindən daim istifadə ediblər. Başda Şaumyanın dəstəsi olmaqla, Bakıda və digər bölgələrdə on minlərlə dinc insanları qətlə yetiriblər. Bir dövlətin marağını həyata keçirmək üçün on minlərlə insan qırılırsa, bu, o dövlətin mahiyyətini göstərir. İlk dəfə Ümummilli Lider Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımılarını ümumiləşmiş hadisə kimi rəsmiləşdirdi. Beləliklə, 31 mart soyqırımı rəsmi səviyyəyə çatdırıldı. Məlumdur ki,1905-1918-ci illərdə Azərbaycanın onlarla kəndi dağıdılıb. Hazırda Azərbaycanın yürütdüyü siyasət öz bəhrəsini verir. Azərbaycanda son illərdə bütün sahələrə olduğu kimi, tarixin inkişafına da dəstək verilir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın dəstəyilə çoxsaylı tədbirlər keçirilib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində xeyli iş görülüb, dünya ictimaiyyəti soyqırımı ilə bağlı məlumat alır. Ermənilərin Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünyanı məlumatlandırmalıyıq. Azərbaycanda multikulturalizm mövcuddur. Ölkədə tolerantlıq var. Azərbaycan dünyada çoxmillətli xalqların birgə yaşaması nümunəsini dünyaya çatdırır".
Qeyd edək ki, tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyi təşkilati dəstək göstərib.