Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri, Türkiyənin sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çetin son günlər Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycanla təmas xəttində yaranmış gərginliklə əlaqədar bəyanat yayıb.
Hikmet Çetin, ilk olaraq bəyanatda erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respublikasının silahlı qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərində şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə, ümumilikdə isə Azərbaycan xalqına başsağlığı verib.
Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun Ermənistan dövlətinin işğalı altında olduğunu bildirən Hikmet Çetin 1 milyondan çox məcburi köçkünün doğma vətənlərindən didərgin düşdüklərini də bəyanatda vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin mərhələli şəkildə və sülh yolu ilə həll olunmasının vacibliyinə inandığını bildirən Hikmet Çetin vurğulayıb ki, Ermənistan silahlı qüvvələri bunun üçün, ilk növbədə heç bir şərt irəli sürmədən Azərbaycanın tarixi torpaqları olan 7 rayonunu azad etməlidir. İkinci isə Dağlıq Qarabağın statusu və gələcəyi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməlidir.
"Təbii ki, bu barışığın təmin olunması ilə Azərbaycan və Ermənistan arasındakı əməkdaşlıq iqtisadi dirçəlişə öz töhfəsini verəcək. Bu əməkdaşlıq başda Türkiyə olmaqla, bölgədəki digər ölkələri də əhatə edəcək. Bölgədəki zəngin qaynaqlar insanların rifah və xoşbəxtliyi üçün istifadə ediləcəkdir" –deyə Hikmet Çetin bildirib.
Sonda isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyinə inandığını vurğulayan Türkiyənin sabiq xarici işlər naziri bildirib ki, bu münaqişə öz həllini tapmayacağı təqdirdə, hər an yeni bir böhran və qızğın mübarizə ilə üzləşə bilərik.
ZÜMRÜD