Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirərək, dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında öz mövqeyi, eləcə də mövcud potensialı ilə seçilir və yer qazanır. Qısa bir dövr ərzində əldə olunan nailiyyətlər ölkənin milli maraqları zəminində formalaşır, eləcə də, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai-siyasi və mədəni mövqe məhz belə imicin Azərbaycan ətrafında yaranmasına gətirib çıxarır. Sözsüz ki, bu uğurlar, nailiyyətlər, Azərbaycanın iqtisadiyyatına, sosial rifahının yüksəlməsinə gətirib çıxarıb. Dövlət başçısı Cənab İlham Əliyevin Azərbaycan iqtisadiyyatına neft sektoru tərəfindən gələn gəlirin bərabərində, eləcə də, ondan daha artıq bir şəkildə gəlir gətirə biləcəyi turizmin inkişafını zəruri hesab etməsi, əlbəttə ki, müəyyən faktorlara əsaslanır. Ölkənin yeraltı və yerüstü sərvətləri, mövcud iqlimin olması Azərbaycan turizmi üçün lazımi şəraitin olduğunu göstərir. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur.
Mədəniyyət və turizm nazirliyindən verilən məlumata görə, ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də müvafiq işlər həyata keçirilir. İndi dünyanın istənilən ölkəsindən olan xarici vətəndaşlar bu turist vizalarını ən geci 5 gün ərzində elektron qaydada əldə edirlər. Eyni zamanda, Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi prosesinin davam etdirilməsi nəzərdə tutulur.
Turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün xarici turistlərin rahat, təhlükəsiz istirahəti üçün hər cür şərait var və turistlərin sayının artırılması üçün həm nazirlik, həm də turizm sənayesi tərəfindən əlavə tədbirlər həyata keçirilir.
ÖLKƏDƏ TURİZM BİZNESİ İQTİSADİYYATIN CƏLBEDİCİ SAHƏSİNƏ ÇEVRİLİR
Artıq ölkəmizin turizm sahəsindəki uğurları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Ölkəmizin turizm imkanları dünya mətbuatında işıqlandırılır. Televiziya kanallarında nümayiş olunur.
Bu günlərdə Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın nüfuzlu "kultura.uz" saytında Azərbaycanın turizm imkanları və son zamanlar turistlərin ölkəmizə axını barədə "Azerbaydjan vozqlavlyayet reytinq samıx perspektivnıx turistiçeskix napravleniy v SNQ" adlı məqalə verilib. Qeyd edilir ki, turizm xidmətləri üzrə "Travel.ru" firması MDB ölkələrində turizm istiqamətləri və 2016-ci ildə ən perspektivli olan ölkələrin reytinq siyahısını müəyyənləşdirib. Azərbaycan ruslar arasında turizm və istirahət məqsədləri üzrə MDB ölkələri arasında liderdir. Məqalədə qeyd olunur ki, 2015-ci ildə Azərbaycana 2 milyondan çox turist gəlmiş, onların 685 mini Rusiya vətəndaşları olub.
Müəllif məqalədə Azərbaycanın ən məşhur turizm şəhərləri barədə ətraflı məlumat verir. Paytaxt Bakı, ölkənin ən məşhur qış turizm mərkəzi Şahdağ, habelə Gəncə, Şamaxı, Qəbələ və Naftalan, eləcə də Göygöl və Xəzər dənizinin sahillərində Xaçmaz-Nabran, Lənkəran çimərlikləri və buradakı istirahət guşələri geniş işıqlandırılıb.
Müəllif, həmçinin bildirir ki, Bakıda 2016-cı il 17-19 iyun tarixlərində Avropa Qran-prisi "Formula-1" oyununun keçiriləcəyini yazır və bu tədbirin turistlər üçün cəlbedici ola biləcəyini vurğulayır.
2016-ci ilin fevral ayında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycanın Turizm Nümayəndəliyinin açılması məqalədə öz əksini tapmışdı.
Məqalədə bildirilir: "Azərbaycanda turizm son illərdə sürətlə inkişaf edir, ölkədə turizm biznesi iqtisadiyyatın cəlbedici sahəsinə çevrilir. Avropa və Asiyanın qovşağında yerləşən "Odlar Yurdu" elə də böyük ərazini əhatə etmir, lakin burada 9 iqlim qurşağı yerləşir".
Ölkənin paytaxtı Bakı şəhəri, xüsusilə turistlər üçün maraqlı olan İçərişəhər barədə məqalədə məlumat verilir. Məqalədə tarixi Qobustan - qədim insan yaşayış məskəni, öz qədim abidələri və müalicəvi Duzdağ sanatoriyaları ilə öyünən Naxçıvan, füsunkar təbiət mənzərələri ilə insanı valeh edən Göygöl, Qəbələ, isti və qumlu çimərlikləri ilə turistlərin rəğbətini qazanan Nabran, müalicə turizminin inkişaf etdiyi Naftalan barədə geniş məlumat verilir. Buradakı turistlər üçün maraqlı yerlər, istirahət mərkəzləri, otellər, habelə təklif olunan xidmətlər haqqında informasiyalar da yer alıb.
TURİZM MƏRKƏZİNDƏ YAY MÖVSÜMÜ ÜÇÜN HAZIRLIQLARA START VERİLİB
Azərbaycanın turizm məkanlarından olan "Şahdağ" Turizm Mərkəzində qış mövsümü artıq bir neçə gündür ki, başa çatıb.
Azərbaycanda ilk dağ-xizək mərkəzinin artıq sayca 4-cüsü olan qış mövsümü ərzində qonaqların mükəmməl istirahəti və əyləncəsi üçün turizm mərkəzi var gücü ilə çalışmış, turistlərdən gələn xoş şərhlər buna nail olunduğunu göstərmişdir. Bu mövsüm ərzində turizm mərkəzini 75 000-dən çox turist ziyarət etmişdir. Məlumdur ki, "Şahdağ" Turizm Mərkəzinin əsas məqsədlərindən biri də Azərbaycanda xizəkçilik mədəniyyətinin formalaşdırılması və qış idman növlərinin inkişafına nail olmaqdır. Bu sahədə uğurun əsas göstəricisi turizm mərkəzinə gələn qonaqların 40 faizinin məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarlarının olmasıdır.
"Şahdağ" Turizm Mərkəzinin regional olaraq tanıdılması və əcnəbi turistlərin cəlb edilməsi məqsədilə bu mövsüm ərzində bir neçə mühüm addımlar atılmış, xarici turizm şirkətləri üçün info-turlar təşkil olunmuş, Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edilmişdir. Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilmişdir.
İyun ayından sentyabr ayına kimi davam edəcək yay mövsümünün açılışınadək mərkəzdə fəaliyyət göstərən hotellər qonaqların ixtiyarına veriləcək. Xüsusilə, "Şahdağ" hotelində fəaliyyət göstərən sağlamlıq və bərpaedici proqramlar əsasında beynəlxalq dərəcəli mütəxəssilərin çalışdığı SPA xidməti mövsümlərarası dövrdə qonaqların rahatlığı üçün ən uğurlu seçimlərdən olacaq.
Ölkəmizdə turizmin inkişafı üçün bütün imkanlar vardır. Görülən işlər bizə deməyə əsas verir ki, Azərbaycan bənzərsiz turizm imkanları ilə hər zaman dünyanın diqqət mərkəzində olacaq.
ZÜMRÜD BAYRAMOVA