PDF Oxu

Əsas

  • 1 770

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda elmi-praktik seminar keçirilib

image

Aprelin 12-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti elmi-praktik seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, "Heydər Əliyev və milli xilaskarlıq missiyası" mövzusunda təşkil olunan seminarda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ümummilli liderin irsinin öyrənilməsi baxımından Mərkəzdə mütəmadi olaraq müxtəlif istiqamətlərdə seminarların keçirildiyini bildirib.

Qeyd olunub ki, bu seminarların təşkilinin məqsədi ümummilli lider Heydər Əliyevin irsini müxtəlif istiqamətlərdə araşdırıb öyrənməkdir.

A.Ələkbərov Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasınin sədri Fəttah Heydərovun ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çalışdığını, Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Muxtar Respublikasinin mədəniyyət naziri olduğunu xatırladıb. Mərkəzin direktoru elmi-praktik seminarda iştirakına, dəyərli məlumat verdiyinə və xatirələrini bölüşdüyünə görə F.Heydərova təşəkkürünü bildirib.

Daha sonra F.Heydərov məruzə ilə çıxış edib. O, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində oynadığı mühüm roldan, misilsiz xidmətlərindən, milli xilaskarlıq missiyasından söz açıb.

"Bəziləri bu missiyanın başlanğıcını 1991-cı il sentyabrın 3-dən - Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilməsindən hesablayır, bəziləri isə 1993-cü ilin məlum 15 iyun tarixini əsas götürürlər. Mən, elə mənim kimi çoxları da, bu tarixin əslində 47 il öncədən - 1969-cu ildən başlandığını düşünürük", -deyə F.Heydərov qeyd edib.

Natiq vurğulayıb ki, Heydər Əliyevin fəaliyyətindən, missiyasından danışarkən, ilk növbədə, 1969-1982 və 1983-1987-ci illər dövrü ciddi araşdırılmalı, o illərin prosesləri öyrənilməli və yeni nəslə öyrədilməlidir: "1990-cı ildən etibarən Azərbaycanın bütün bölgələrindən vətəndaşlarımız "Heydər Əliyev hakimiyyətə gəlməlidir, Azərbaycanı yalnız o xilas edə bilər!" çağırışları ilə ictimai təşəbbüslərə başladılar, siyasi tələb irəli sürdülər. Bu çağırışın səbəbi nə idi? Bu insanlar ötən əsrin 60-cı illərinin çətinliklərini, məşəqqətlərini yaşamışdılar və onları bu problemlərdən məhz Heydər Əliyev hakimiyyətə gəlməklə xilas edə bildi, Azərbaycanı yüksəlişə yönəltdi. Bu insanlar bildirdilər ki, 1990-cı illərdə üzləşdikləri böhranın səbəbi də məhz Heydər Əliyevsizlik oldu, yəni bu böyük şəxsiyyətin hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana qarşı bütün cəbhələrdə hücumun başlanmasına rəvac verdi. Xalqımız aydın dərk edirdi ki, tarixin bu yeni ağır sınağını da yalnız və yalnız Heydər Əliyevin rəhbərliyi altında dəf edə bilər".

F.Heydərov ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövrünün əsas xüsusiyyətlərini xarakterizə edərək bildirib ki, ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi qısa zamanda Azərbaycanın tərəqqi və inkişafında yeni səhifə açıb. Zəngin təbii sərvətlərinə, iqtisadi və insan potensialına baxmayaraq digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan sürətlə inkişaf etməyə başlayıb. Şəhərlər, rayonlar, hətta kəndlər böyük tikinti meydanına çevrilib, yeni istehsal və sənaye müəssisələri yaradılıb. Ümummilli liderin təşəbbüsü ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunub və bununla da respublikanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. F.Heydərov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü xilaskarlıq missiyasının ilk mərhələsi idi. Milli Məclisin deputatı daha sonra Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövründən söz açıb. "1990-cı il iyulun 22-də on minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, Ulu Öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə on minlərlə insanın iştirakı da dahi rəhbərə xalqın hüdudsuz məhəbbət və inamının təntənəsi idi. Əhali bilirdi ki, Naxçıvan artıq nicat yoluna çıxıb", -deyə F.Heydərov vurğulayıb. Bir çox idarə və təşkilatlardan deputatlığa namizədliyi irəli sürülən müdrik siyasətçi Heydər Əliyev 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, Naxçıvan Trikotaj Fabrikinin kollektivi tərəfindən isə namizədliyi irəli sürülərək Naxçıvan Ali Məclisinə deputat seçilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ilk sessiyasında iclasa sədrlik Heydər Əliyevə həvalə edilib və orada qəbul edilən qərarlar Azərbaycan tarixində böyük dönüş yaradacaq hadisələr olub.

Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara aldı. Bu, ittifaq miqyasında "Sovet Sosialist" adından ilk imtina idi.

Naxçıvan MSSR Ali Sovetinin adı dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Bu, artıq Naxçıvanın milli-azadlıq mübarizəsinə, müstəqil dövlətçilik uğrunda mübarizəyə böyük qətiyyətlə qoşulmasını təsdiqləyirdi.

Ümummilli lider Heydər Əliyevin təklifi ilə milli istiqlal rəmzimiz olan üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib, Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. F.Heydərov deyib: "Naxçıvan Ali Məclisinin sessiyasında müzakirə olunan məsələlər yalnız muxtar respublikaya aid deyildi. Heydər Əliyevin təşəbbüsü ilə ikinci iclasda Ali Məclis 1990-cı il 20 Yanvar faciəsinə də siyasi qiymət verdi. 1990-cı il noyabrın 21-də Naxçıvan Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etdi".

Milli Məclisin deputatının sözlərinə görə, 1991-ci il sentyabrın 3-də yekdilliklə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilən Heydər Əliyev bu vəzifədə çalışdığı iki ilə yaxın dövrdə elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. "1993-cü ilin iyununda Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş Günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu", -deyə F.Heydərov vurğulayıb. Milli Məclisin deputatı bildirib ki, Ulu Öndər Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdura bilib, özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırıb. Azərbaycançılıq ideologiyasını milli birliyin bünövrəsinə çevirib. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atıb. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirilib. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Heydər Əliyev xalqı öz ətrafında birləşdirməklə, dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkib. Güclü və modern ordu quruculuğuna başlanılıb. Bu sahədə mühüm nailiyyətlər əldə olunub və biz onun nəticələrini elə son hadisələr zamanı düşmənə cavab verməklə, ordumuzun gücünü göstərməklə hamılıqla gördük, qürurla seyr etdik. Sonda F.Heydərov sualları cavablandırıb.

Digər xəbərlər