PDF Oxu

Əsas

  • 1 840

Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə dostluğu digər ölkələr üçün nümunədir

image

Dünyada elə iki dövlət tapmaq olmaz ki, onlar arasındakı münasibətlər Azərbaycan-Türkiyə münasibətləri qədər sarsılmaz və möhkəm olsun.

AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 12-də Milli Məclisin sədri Oqtay Əsədovun Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənib.

Görüşdə Necdet Ünüvar Türkiyənin Prezidenti, Baş naziri, TBMM-in sədri və türk xalqı adından son günlər cəbhə xəttində baş vermiş hadisələrlə əlaqədar ölkəmizin verdiyi şəhidlərə görə Azərbaycan rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verib, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib. Qonaq türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" ifadəsini xatırlayaraq, hər zaman dost və qardaş kimi sevdikləri azərbaycanlıların yanında olduqlarını söyləyib. O, erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş ərazilərin azad olunmasında Azərbaycan əsgərinin göstərdiyi rəşadəti yüksək qiymətləndirərək, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını deyib. Bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirib.

Qeyd edilib ki, səfərdə olan nümayəndə heyətinin tərkibində müxtəlif partiya təmsilçilərinin olmasına baxmayaraq, Azərbaycan məsələsində türkiyəli deputatlar arasında fikir ayrılığı yoxdur. Bu, Azərbaycan xalqına olan qardaş münasibətin bariz nümunəsidir. Milli Məclisin sədri Oqtay Əsədov görüşdə səslənən fikirlərə görə Türkiyə rəhbərliyinə, qonağa və Türkiyə xalqına dərin təşəkkürünü bildirib. Sədr Azərbaycana olan bu münasibəti ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi "Bir millət, iki dövlət" ifadəsinin parlaq təzahürü kimi dəyərləndirib. Qeyd edib ki, dünyada elə iki dövlət tapmaq olmaz ki, onlar arasındakı münasibət bu qədər sarsılmaz və möhkəm olsun. Dərin tarixi köklərə malik bu dostluq digər dövlətlər üçün də nümunədir.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.

Digər xəbərlər