Fransanın "www.lopinion.fr" saytında qoşunların təmas xəttində Ermənistanın törətdiyi son təxribatlardan bəhs edən "Dağlıq Qarabağ: Azərbaycan ordusu 3 günlük müharibədə necə qalib gəldi" adlı məqalə yayılıb. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, artıq 30 min insanın həyatına son qoyan dondurulmuş münaqişənin yenidən alovlandığını bildirir. 1994-cü il atəşkəs sazişindən sonra ilk dəfə qoşunların təmas xəttində dəyişiklik olduğu, Azərbaycan ordusunun işğal altında olan ərazisinin bir hissəsini geri qaytardığı qeyd olunur.
Müəllif aprel ayının 2-də başlayan döyüşlərdə intensiv hərbi əməliyyatlar aparıldığını qeyd edir. Azərbaycanın əks-hücuma keçdiyini vurğulayan müəllif onun əsas məqsədinin işğal altında olan 20 faiz torpaqlarını geri qaytarmaq olduğunu bildirir. Ermənistan isə xalqların öz müqəddəratını təyin etmək hüququ adı ilə 1994-cü ildən işğal etdiyi Azərbaycan ərazilərini nəzarətində saxlamağı davam etdirmək istəyir. Azərbaycan ordusu ilə müqayisədə Ermənistan qoşunlarının strateji yüksəkliklərdə yerləşdiyi bildirilir, ancaq buna baxmayaraq Azərbaycan silahlı qüvvələrinin son günlər uğur qazandığı diqqətə çatdırılır. Hər iki ölkədəki demoqrafik vəziyyətdən söz açan müəllif Azərbaycan əhalisinin Ermənistan əhalisindən dörd dəfə çox olduğunu qeyd edir. Məqalədə vurğulanır ki, münaqişənin ideal həlli Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasıdır. Müəllif hər iki ölkənin hazırkı iqtisadi durumundan da bəhs edir, Ermənistanda elektrik enerjisi tariflərinin artması ilə əlaqədar keçirilən nümayişlərin ölkəni möhkəm sarsıtdığını bildirir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris