PDF Oxu

Əsas

  • 2 026

İgidliyə verilən dövlət qiyməti

image

Ali Baş Komandan, Prezident İlham Əliyev: "Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq"

Məlum olduğu kimi, aprel ayının ilk gününün gecəsindən başlayaraq işğalçı rejimin və separatçıların mənfurcasına, həyasız şəkildə kənd və qəsəbələrimizə hücuma keçmələri, mülki şəxlərimizi, onların evlərini, məktəb və digər mülki obyektlərimizi, o cümlədən hərbi mövqelərimizi artilleriya zərbələri və iriçaplı silahlarla davamlı atəşə tutmaları bu dəfə onlara çox baha başa gəldi. Hətta onları, addımı atmalarına peşman da etdi. Çünki onlar şanlı Azərbaycan Ordusunun bu dəfə onlara birə-on cavab verməsini, açığı, gözləmirdilər. Nəticədə ermənilər çoxaylı insan, hərbi texnika və stateji yüksəkliklərini itirərək qorxaq tülkülər kimi qaçmağa məcbur oldular və Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-tədbirlər nəticəsində erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olundu.

Beləliklə, hərbi və s. cəhətdən böyük iflasa uğrayan Ermənistan kriminal rejimi cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə təxribat törətməyə çalışsa da, burnu ovularaq geri çəkilməyə məcbur olub. Bu savaşda bizim də şəhidlərimiz oldu. Onlar öz canları və qanları müqabilində müqəddəs torpaqlarımızın azad olunmasında Müdafiə Nazirliyinin rəsmi məlumatları da, məhz bu faktoru kifayət qədər sübut etdi. Alınan yüksəkliklər və mövqelər isə, ilk növbədə qələbəyə doğru atılan böyük qələbə addımıdır və bu döyüşlərdə həlak olan şəhidlərimiz daima ürəyimizdə əbədi yaşayır.

Dövlətimizin başçısı şəhidlərimizlə bağlı bildirib ki, Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.

Şəhidlərimiz heç vaxt unudulmur

"Bayrağı bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir". Bu mənada, oğul yaranıb Vətəni qorumaq, dövlətini qorumaq üçün. Bu gün dünyanın siyasi xəritəsində yer tutan hər bir dövlət var olduğu üçün canlarını fəda edən şəhidlərinə minnətdardır.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev də sözügedən məsələ ilə bağlı açıqlamasında şəhid ailələri və müharibə əlillərinin daim dövlətin qayğısı və diqqəti altında olduğunu bildirib: "İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Belə ki, devalvasiya zamanı həm şəhid ailələrinin, həm də Qarabağ əlillərinin aldığı prezident təqaüdlərinin məbləği 10 faiz artırıldı. Bundan başqa, Azərbaycan Ordusu sıralarına hər bir qulluqçunun əmri verildiyi gündən etibarən, o, dövlət tərəfindən sığortalanır. Xidməti dövründə həlak olarsa və yaxud ciddi xəsarət alıb əlil olarsa, həmin sığortadan payları düşür. Hətta yüngül və ya orta dərəcəli yaralanmanın da öz faizləri var. Şəhid ailələri 100 faiz sığorta məbləğini alırlar. Əlillik dərəcəsi təyin olunan, əsasən birinci qrup əlilliyi olan şəxslər sığorta məbləğinin 80 faizini, ikinci qrup əlilliyi olan şəxslər 60 faizini, 3-cü qrup əlilliyi olan şəxslər isə 40 faizini alırlar. Bundan başqa, bütün şəhidlərimizin yas mərasimləri dövlət başçısının göstərişi ilə tam dövlət hesabına keçirilir".

M.Mehdiyev, həmçinin Azərbaycan Respublikası "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanununun 3-cü maddəsində göstərilən imtiyazlarla bağlı məlumat verib: "Qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması; şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi. Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir: ailə başçısını itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir; valideynlərdən biri həlak olduqda, onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir; işçilərin sayı və ya ştatı ixtisar edilərkən, işdə saxlanmaqda onlara üstünlük verilir; mənzil-kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Həmçinin, həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir; dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar; tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər. Eyni zamanda, onu da bildirim ki, yanvarın 16-da şəhid ailəsinə verilən Prezident təqaüdünün məbləği 10 faiz artırılaraq, 220 manat müəyyən edilib".

Göründüyü kimi, istər Azərbaycanın müstəqilliyi, istərsə də torpaqlarımıza göz dikən erməni terrorçularına qarşı ölüm dirim savaşında minlərlə Vətən oğlunun şəhid olması bir daha torpağına və dövlətinə sadiqliyin bariz nümunəsidir. Hər zaman bu kateqoriyadan olan vətəndaşlarımıza sistemli dəstək və qayğı Siahlı Qüvvələrimizin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin tərkib hissəsidir. Məhz bu baxımdan da, dövlət başçısının imzaladığı sərəncamlar bir daha göstərir ki, vətənin ərazi bütövlüyü uğrunda həlak olanların, fədakarlıq göstərənlərin heç biri dövlət qayğısından kənarda qalmır.

Müdrik insanların dəfələrlə söylədiyi "Siyasətin ədalətli, siyasətçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur" -ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır. Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində, işğalçı Ermənistan istisna olmaqla, hamı tərəfindən dəstəklənir. Xarici siyasətimizin beynəlxalq aləmdə təqdir olunması, Siahlı Qüvvələrimizin Ali Baş Komandanının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, Milli Ordumuzun işğalçı dövlətin təxribatlarına tutarlı cavab verərək, düşmənin geri çəkilməsinə nail olması və bu kimi bir sıra başqa amillər həm ölkə əhalisi, həm də dünya ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Çünki Azərbaycanın igid oğul və qızları Vətənin şərəfini öz qeyrətləri ilə qoruyub, qanları ilə müdafiə etdilər. Bu, həm də bir reallıq idi. Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, ümumiyyətlə, uzun illərdən bəri edən inkişafın reallığı və nəticəsi. Əgər bu gün qələbə əldə olunursa, hər bir qələbənin arxasında Azərbaycan tərəqqisi dayanır. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin təməlində dayanan, və ölkə başçısı, Ali Baş Komandanımız Cənab İlham Əliyevin də davam etdirdiyi tərəqqinin məntiqi nəticəsidir!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər