PDF Oxu

Əsas

  • 19 864

AZƏRBAYCANÇILIQ İDEYASI VƏ MULTİKULTURALİZM FƏLSƏFƏSİNİN VƏHDƏTİ

image

Müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimi və əbədi olacağını dönə-dönə vurğulamaqla müstəqilliyimizin sarsılmazlığının təmin olunmasının siyasi-ideoloji əsaslarını da böyük uzaqgörənliklə müəyyən etmişdir. O, dövlət müstəqilliyini Azərbaycan xalqının tarixi nailiyyəti və milli sərvəti olduğunu qeyd edərək bu dövləti qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək üçün bütün Azərbaycan vətəndaşlarının gücünü və enerjisini ortaq məxrəcə gətirərək dövlət müstəqilliyinin ətrafında birləşdirməyi məqsədəuyğun sayırdı. Bütün dünyada tarix boyu dövlətun gücü xalqın gücü ilə ölçülmüşdür. Heç də təsadüfi deyilki, müstəqil Azərbaycanın Konstitusiyasında hakimiyyətin mənbəyinin Azərbaycan xalqı olduğu qeyd olunmuşdur.

Azərbaycançılıq birləşdirici dəyərdir. Azərbaycan xalqının ən böyük zənginliyi və xöşbəxtliyi həm də onun milli-mədəni müxtəlifliyindədir. Tarixən Azərbaycanda müxtəlif etnoslara, dinlərə, mədəniyyətlərə məxsus xalqlar çiyin-çiyinə yaşamış, mehriban dolanmış və lazım gələndə bu Vətən uğrunda birgə mübarizə aparmışlar. Azərbaycanda yaşayan müxtəlif xalqları milli-dini fərqliliyinə baxmayaraq bir amal uğrunda - müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşdirmək üçün ən uğurlu milli ideya Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideyası olmuşdur. O deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycanın dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq milli ideyası dövlət müstəqilliyinin qorunub saxlanılması, inkişafı və dünyaya inteqrasiyanı təmin edəcək iki əsas istiqaməti özündə birləşdirirdi: dövlətçilik və milli-mənəvi dəyərlərə sadiqlilik. O hər bir Azərbaycan vətəndaşını siyasi mövqeyindən, sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq vətənpərvər olmağa, milli maraqları şəxsi mənafedən üstün tutmağa, dövlətin möhkəmlənməsinə və qanunçuluğun təntənəsinə xidmət etməyə çağırırdı. Heydər Əliyevin təbliğ etdiyi azərbaycançılıq ideyası hər bir vətəndaşı bu dövlətin idarə olunmasında və inkişafında məsuliyyətə dəvət edir, hər bir azərbaycanlıda ictimai-siyasi özünüdərk duyğusunu, vətəndaşlıq hissinin yüksək olmasını tələb edirdi. Dünya azərbaycanlılarının 2001-ci ildə keçirilən I Qurultayında Heydər Əliyev azərbaycançılıq ideyasına yüksək qiymət verərək demişdi: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli-mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlər sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir."

Azərbaycançılıq ideyasının ikinci tərkib hissəsi milli-mənəvi dəyərlərə sadiqlikdir. Milli-mənəvi dəyərlər dedikdə ölkədə yaşayan hər bir etnosun, sosial qrupun tarix boyu əldə etdiyi özünəməxsus dəyərlər, inanclar, adət-ənənələr nəzərdə tutulur. Bu dəyərlər fərqli ola bilər. Lakin hüquqi dövlətdə hər bir kəsin başqasının hüquq və azadlıqlarına, milli mənsubiyyətinə və mənəvi dəyərlərinə hörmətlə yanaşması əsas şərtdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bütün vətəndaşlarının tarixə hörmət, milli-etnik fərqliliyi, tolerantlığı, millətlərarası və beynəlxalq inteqrasiyanın vacibliyini qeyd edir və bu məsələlərin ölkədaxili sabitlik üçün çox mühüm şərt olduğunu vurğulayırdı. Azərbaycanda uzun illər yəhudi, pravoslav, katolik, islam mədəniyyəti yanaşı yaşamış, inkişaf etmiş, bir-birini qarşılıqlı zənginləşdirmişdir.

Heydər Əliyev azərbaycançılıq ideyasının milli-mənəvi dəyərlərə sadiqlik konsepsiyası üç komponentdən ibarətdir: dil, din və adət-ənənə. Azərbaycanda yaşayan müxtəlif xalqların öz dilində danışmaq, yazmaq və fikrini ifadə etmək hüququ konstitusion norma kimi dövlətimizin ana qanunu olan Konstitusiyamızda öz əksini tapmışdır. Məhz müstəqil Azərbaycan dövləti hüquqi dövlət olaraq bütün vətəndaşlarının hüquq bərabərliyini təmin edir və həyata keçirir. Azərbaycanda hər bir kəsin dini etiqad azadlığı tam təmin olunub və bu hüquqlar qanunvericiliklə qorunur. Milli ekstremizmə və terrorçuluğa, zorakılığa çağıran dini təmayüllər istisna olmaqla, bütün dinlərin və məzhəblərin Azərbaycanda yaşamasına və yayılmasına heç bir maneə yoxdur. Azərbaycan xalqını bütövləşdirən və öz dövləti ətrafında sıx birləşdirən azərbaycançılıq ideyasının milli-mənəvi dəyərlərinin daha bir tərkib hissəsi adət-ənənələrin qorunması və tarixə hörmətdir. Azərbaycanda hər bölgədə, hər kənddə yaşayan kiçik etnik icmaların və sosial qrupların adət-ənənəsinin yaşanması bir tərəfdən xalqın tarixinin, mədəni zənginliyinin qorunmasının ifadəsidirsə, digər tərəfdən dövlətin milli-mədəni müxtəlifliyə qayğısının nəticəsidir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının böyükliyini ifadə edərək deyirdi: "Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən anlatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, vətəndaşlıq hissini, azərbaycançılıq hissini yüksəldərik."

Ulu Öndər Heydər Əliyevin siyasi kursu bugündə uğurla davam edir, yeni dövrün çağırışlarına, tələblərinə uyğun səviyyədə inkişaf edir, müasirləşir, Azərbaycan xalqının birliyini daha da möhkəmləndirir. Azərbaycançılıq ideyasının inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği, dünyaya tanıtdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən tarixi əhəmiyyətli böyük işlər görülür. Azərbaycanın birinci xanımıHeydər Əliyev Fondunun prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nətucəsində milli-mənəvi dəyərlərimizin daşıyıcıları olan muğamın, rəngkarlığın, xalçaçılığın, saz ifaçılığının dünya səviyyəsində tanınması, təbliği və dəyərləndirilməsi işi uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli ideyanın qorunması, inkişafı və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etmək baxımından çox böyük işlər görür. Məhz Azərbaycan prezidentinin rəhbərliyi altında ölkəmizdə 2000-ə yaxın məscid və digər dini məbədlər tikilmişdir. Pravoslav, katolik, alban kilsələrinin , sinaqoqların tikintisi və təmiri həyata keçirilmişdir. Bu ilin fevralın 17-də Gəncədə "İmamzadə" dini kompleksinin yenidənqurulmadan sonra açılışında çıxış edən cənab Prezident İlham Əliyev demişdir: "Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur. Biz öz yolumuzla gedəcəyik. Bu gün Azərbaycan istənilən istiqamət üzrə öz inkişaf modelini ortaya qoyur və gözəl nəticələrdə bu modelin nə qədər düzgün olduğunu sübut edir."

Bu gün dünyada gedən proseslərin əsas istiqamətlərindən biri də dini-etnik müxtəliflik və sosial-mədəni inteqrasiyadır. Etnomədəni müxtəliflik hər bir dövlətin həyatında, xalqların bir-birini qarşılıqlı zənginləşdirməsi ilə müşayət olunsada çox zaman düzgün siyasət yeridilmədiyi halda, etnoslararası və mədəniyyətlərarası ziddiyyətlərə səbəb olur. Çox təəssüfki,müasir dünyada biz bir çox ölkələrdə dini və etnik zəmində qarşıdurmaların, münaqişələrin və müharibələrin şahidi oluruq.

Sosioloqlar cəmiyyətdə etnomədəni təsirlərin əsas dörd variantını qeyd edirlər. Bu variantlardan biri mədəni unifikasiya yaxud bir mədəniyyətin digər mədəniyyəti assimilyasıya edərək özününküləşdirməsidir. Mədəni-etnik münasibətlərin digər variantı mədəniyyətlərin separasiyası - bir-birindən ayrı yaşamasıdır. Başqa bir mədəni-etnik münasibət böyük toplumun kiçik topluma malik mədəniyyəti təcrid edərək inkişafdan saxlamasıdır. Bütün bunlar yuxarıda qeyd olunan mədəni-etnik münasibətlər, etnik və dini qruplar arasında mövcud olan ziddiyyətləri aradan qaldırmır, əksinə onları daha da dərinləşdirir və kəskinləşdirir. Belə mədəni-etnik münasibətlərə alternativ olan xüsusi bir münasibət tipidə vardır ki, bu sosial-mədəni inteqrasiya adlanır. Sosial-mədəni inteqrasiya icmalar arasında mədəniyyətlər mübadiləsini təmin etməklə hər bir icmaya məxsus mədəniyyətin qorunub saxlanılmasına da şərait yaradır. Sosial-mədəni inteqrasiyadan danışarkən böyük müvəffəqiyyətlə bu münasibətlərin Azərbaycan modelini göstərə bilərik.

Azərbaycanda etnik proseslərin tarixi inkişafı müxtəlif millətlərə, dinlərə və mədəniyyətlərə mənsub olan insanların bir sosial mədəni mühütdə yanaşı yaşamasını təmin etmiş və onların mədəniyyət mübadiləsi vasitəsilə bir-birini zənginləşdirməsinə gətirib çıxarmışdır. "Novruz bayramı" bəzi ölkələrdə milli, bəzi ölkələrdə isə dini bayram kimi qeyd olunur. Azərbaycanda isə milli mənsubiyyətindən, islam dininin sünni və yaxud şiə mənsəbinə aid olmasından asılı olmayaraq əhalinin böyük əksəriyyəti tərəfindən bu bayram şadyanalıqla qeyd olunur. Muğam ifaçılığı və saz sənəti etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları tərəfindən öz incəsənətləri kimi qəbul olunur.

Bəlkə də Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada müxtəlif dinlərin və məzhəblərin rəhbərləri daim görüşür, məsləhətləşir, ümumdövlət tədbirlərində birgə iştirak və çıxış edirlər. Dünya katolik və pravoslav kilsələrinin liderləri bu məzhəblər ayrılandan sonra on əsrə yaxın müddətdə görüşmədikləri halda, Azərbaycanda pravoslav və katolik kilsələrinin rəhbərləri daim bir yerdə olurlar. Özü də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə.

Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, orada sünnilər və şiələr birlikdə vəhdət namazı qılırlar. Azərbaycanda müxtəlifr dini etnik qrupların sosial inteqrasiyası tarixi inkişaf prosesi nəticəsində baş vermiş və bu inteqrasiyada titul millətin - Azərbaycan türklərinin tolerantlıq xüsusiyyətinin böyük rolu olmuşdur.

Sosial-mədəni inteqrasiya fərdin, yaxud sosial qrupun cəmiyyətə sadəcə birləşməsi deyil, o cəmiyyətin həyatında mühüm funksiyalara malik bir üzvə çevrilməsidir. İnteqrasiya nəzəriyyəsinin banisi ingilis sosioloqu Q.Spenser haqlı olraq qeyd edirdi ki, əgər cəmiyyəti bir orqanizm kimi təsəvvür etsək, inteqrasiya olunan toplum həmin orqanizmin bir işçi orqanı hesab olunacaqdır. Bu gün Azərbaycan mədəniyyətini saz, tar, rəngkarlıq, heykəltəraşlıq olmadan təsəvvür etmək mümkün olmadığı kimi, "Ləzginka" rəqsi, "Nənələr" halay qrupu olmadan da təsəvvür etmək mümkün deyildir.

Sosial-mədəni inteqrasiyanın baş verməsi üçün dövlət siyasətinin mühüm əhəmiyyəti vardır. Bu siyasət bütün mədəni müxtəlifliyə eyni münasibət bəsləmək, eyni hüquqlar vermək, eyni imkanlar yaratmaqdan ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonuna gedərkən molokanların yaşadığı İvanovka kəndində xüsusi görüş keçirməyi öz səfər proqramına daxil edirsə, Gədəbəy rayonuna gedərkən Slavyanka kəndində bir rus ailəsinin evində çay süfrəsində əyləşirsə, Xınalıq kəndinə asfalt yol çəkdirirsə, ümummilli lider Heydər Əliyev Lerikin dağ kəndində yaşayan çoban Xanışı öz dostu kimi qəbul edirsə bunlar əslində Azərbaycan dövlətinin və dövlət başçılarının multikulturalizmə böyük tövhəsi sayılmalıdır.

Milli-mədəni müxtəliflik indiki dünyanın həyat tərzi olmaqla yanaşı bir sıra ölkələrdə ciddi dini, etnik, mədəni zəmində münaqişələrin mənbəyi də hesab olunur. Tanınmış sosioloqlar multikulturalizmin beş əsas formasını müəyyən edirlər:a) İzolyasionizmvə yaxud təcridetmə. Bu halda kiçik toplumlar titul millətdən təcrid olunur, ikinci növə çevrilir və cəmiyyətin həyatında fəal iştirak etməkdən məhrum olurlar. Ötən əsrin əvvəllərində Avstraliyada və Yaponiyada tətbiq olunan immiqrasiya haqqında qanun məhz bu siyasətə xidmət edirdi.

b) Assimilyasiya. Multikulturalizmin bu forması ölkəyə gələn miqrantları bir şərtlə qəbul edirdi ki, onlar öz əvvəlki adət və ənənələrindən imtina edərək titul millətin mədəniyyətini mənimsəməlidirlər. İkinci dünya müharibəsindən sonra Avropanın bir çox ölkələrində miqrantlara qarşı məhz bu siyasət həyata keçirilmişdir.

c) Yumşaq multikulturalizm. Milli-mədəni inteqrasiyanın bu forması daha yumşaq bir siyasət olub miqrantların dini-mədəni müxtəlifliyinə tolerant münasibəti ifadə edir, qarşılıqlı dil, təhsil, mədəniyyət, ünsiyyət əlaqələri yaratmaqla kiçik sosial qrupların titul qrupa uyğunlaşmasını təmin edir. Bu model Kanadada geniş yayılmışdır.

ç) Sərt multikulturalizm. Multikulturalizmin bu forması dövlətin azsaylı toplumlara xüsusi fəal münasibətini ifadə edir. Dövlət bu toplumların cəmiyyətin həyatında tam hüquqlu və maksimum imkanlı üzv kimi iştirak etməsinə şərait yaradır. Milli-mədəni müxtəlifliyi təqdir edir, dəstəkləyir, lazım gəldikdə isə maddi yardım göstərir. Həm yumşaq, həm sərt multikulturalizm öz köklərilə liberal siyasət nəzəriyyəsinə bağlıdırlar. Lakin sərt multikulturalizm müasir liberalizmi, yumşaq multikulturalizm isə klassik liberalizmi özündə ehtiva edir.

d) Aparteid. Mədəni müxtəlifliyə reaksiyalardan biri də azsaylı toplumun cəmiyyət həyatına inteqrasiyasını qadağan edən, onları dövlət siyasəti səviyyəsində aşağı növ sosial qrup kimi tanıyan və repressiv üsullarla bu siyasəti davam edən aparteid rejimidir. Bu siyasət Cənubi Afrika Respublikasında qara dərili əhaliyə qarşı tətbiq edilmişdir. Göründüyü kimi milli-mədəni müxtəlifliyin cəmiyyətdə münaqişə yaratmadan dinc yanaşı yaşaması, inkişaf etməsi və bir-birini zənginləşdirməsi üçün uyğun olan ən optimal forma liberal multikulturalizmdir.

Azərbaycanda mövcud olan multikultural münasibətlər müasir liberalizm siyasətinə uyğun olsada, öz tarixi ənənələrinə və köklərinə görə unikal bir münasibətlər sistemini təşkil edir. Azərbaycan xalqının qüdrətini bu ölkədə yaşayan bütün dini, etnik, sosial qrupların həmrəyliyində və dostluğunda görən Ümummilli lider Heydər Əliyev deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər çox zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz tövhəsini verir." Müəllifi ümummilli lider Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan bütün milli-mədəni müxtəliflik daşıyıcısı olan toplumların bərabərlik hüququ, milli mənsubiyyət hüququ, ana dilindən istifadə hüququ təsbit edilmişdir.

Multikultural təhlükəsizlik enerji təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, ictimai asayişin qorunması, qida və dərman təhlükəsizliyi, mənəvi və ideoloji təhlükəsizlik kimi çox vacib əhəmiyyət daşıyır və hər bir ölkənin milli təhlükəsizlik sisteminin mühüm komponentini təşkil edir. Azərbaycan dövlətinin daxili siyasətində insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, irqi, milli, dini, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə insanların fərqləndirilməsini qadağan edir və hər kəsə bərabər təminatlar yaradır. Məhz bu bərabər təminatlar multikultural təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycanda bütün milli, dini, mədəni, sosial qruplara dözümlü münasibət göstərmək, mərhəmət və şəfqət hissi ilə yanaşmaq bir tərəfdən titul millət sayılan Azərbaycan türklərinin xarakterini ifadə edirsə, digər tərəfdən dövlət siyasətinin bu sahəyə diqqətinin nəticəsidir.

Azərbaycan dövləti daxili sabitliyin qorunması və möhkəmlənməsi üçün multikultural siyasətə böyük önəm verir. Multikulturalizmin qaynaqlarının öyrənilməsi dünya dövlətlərinin və xalqlarının ictimai anlaşma və həmrəylik şəraitində yaşamasının təmin olunması, dözümlü münasibətin formalaşması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün dünyada multikulturalizmin inkişafına böyük tövhədir. Son illərdə ölkəmizdə tolerantlıq, milli-mədəni müxtəliflik, humanitar əlaqələrin genişlənməsi və bu sahədə təsisatların yaranması istiqamətində çox böyük işlər görülmüşdür. 2008-ci ildən başlayan "Bakı prosesi" layihəsi çərçivəsində həyata keçirilən humanitar forumların Azərbaycan paytaxtında təşkil olunması dövlətimizin dünyada multikultural dəyərlərə önəm verdiyinin əyani sübutudur.

Azərbaycan Respublikasının Prezidentinin fərmanları ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin təşkil olunması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, bir çox universitetlərdə multikulturalizm kafedralarının açılması və nəhayət, 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması milli-mədəni müxtəliflikdən, milli-mədəni müttəfiqliyə keçidin çox gözəl bir formasıdır və dünyaya humanist çağırışdır.

Musa Quliyev,

Milli Məclisin deputatı,

YAP Siyasi Şurasının üzvü

Digər xəbərlər