Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının inzibati binasında YAP Qadınlar Şurasının təşkilatçılığı ilə "Multikultural dəyərlər və Azərbaycançılıq ideologiyası" mövzusunda konfrans keçirilib.
SİA-nın xəbərinə görə, tədbirdə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Qadınlar Şurasının idarə heyətinin üzvü Gülçöhrə Məmmədova, Yasamal, Səbail və Qaradağ rayonlarının Qadınlar Şurasının üzvləri iştirak ediblər. İlk çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, şuranın tədbirlər planına uyğun olaraq "Multikultural dəyərlər və Azərbaycançılıq ideologiyası" mövzusunda tədbirlər bütün respublika ərazisində keçiriləcək.
Bu kimi tədbirlərin keçirilməsinin zəruriliyindən söz açan N. Əliyeva söyləyib ki, ölkəmizdə mövcud olan multikultural dəyərlərin düzgün təbliğatına böyük ehtiyac var: "Bu cür tədbirlərinin keçirilməsi ölkəmizin, xalqımızın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir. Mədəniyyətin özü də bu dəyərlərə daxildir. Azərbaycanın musiqisi, muğamı bütün dünyada təbliğ olunur. Ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən bu istiqamətdə mühüm işlər görülür". Onun sözlərinə görə, Azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra meydana gəlib: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ideologiya sayəsində bütün dünya Azərbaycan xalqını, millətini tanımış oldu. Bu gün bu dəyərlərin üzərinə multikultural dəyərlər də əlavə edilir".
Multikultural dəyərlərin geniş mahiyyətə malik olduğunu dilə gətirən şura sədri qeyd edib ki, multikulturalizm terrorun, müharibənin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir: "Hər bir millət firavan, rahat, sülh şəraitində yaşamaq istəyir. Bu istiqamətdə biz qadınların üzərinə də böyük məsuliyyət düşür. Belə ki, biz qadınlar bu cür dəyərləri daha geniş şəkildə təbliğ etməli, işlədiyimiz, olduğumuz yerlərdə multikultural dəyərlərin vacibliyini qeyd etməliyik".
Tədbirdə söz alan YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova bildirib ki, hazırda dünyanı bürüyən kabuslardan biri islamafobiyadır: "Azərbaycanda hər zaman multikulturalizm olub. Bütün xalqların nümayəndələri ölkəmizdə tolerantlıq mühitində yaşayıblar". Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova vurğulayıb ki, Azərbaycanda multikulturalizm dövlət siyasətinin tərkib hissəsini təşkil edir: "Bu gün biz iftixarla deyə bilərik ki, multikultural nəzəriyyənin əsasında Ulu Öndərin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dayanır. Bu dəyərlər ölkəmizə dünya siyasətində dividendlər gətirir. Azərbaycan dünyada təkcə nefti ixrac edən ölkə deyil, eləcə də multikultural dəyərlər ixrac edən ölkədir". YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova isə qeyd edib ki, ölkəmizdəki tolerantlıq və multikultural dəyərlər etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanların birləşməsinə səbəb olub.