Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında "Qərargah zabitlərinin hazırlığı" akademik kurslarının ilk məzunlarına sertifikatların verilməsi münasibətilə təntənəli mərasim keçirilib. DSX üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılmasını, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin iyunun 12-də Xidmətin Akademiyası yaradılıb.
Fəaliyyət göstərdiyi qısa müddət ərzində bu ali hərbi təhsil müəssisəsində vətənpərvər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına sadiq, savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və maddi-texniki baza formalaşdırılıb. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev iştirak edib. Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə general-polkovnik Elçin Quliyev tərəfindən gənc zabitlərə sertifikatlar təqdim olunub.
Gənc zabitlərin adından çıxış edən kapitan T.Ağamalıyev akademik kursların ilk məzunları olmaqdan şərəf və qürur duyduqlarını bildirib, kursu uğurla başa vurmaqda, sərhədçi peşəsinin, hərb sənətinin sirlərinə daha dərindən yiyələnməkdə, bilik və bacarıqlarını təkmilləşdirməkdə əməyini əsirgəməyən zabitlərə, müəllimlərə təşəkkürünü bildirib.
Akademik kursları bitirmiş zabitlər Vətənə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına, dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin etmək üçün bilik və bacarıqlarını əsirgəməyəcəklərinə söz veriblər. DSX Akademiyasının rəisi, polkovnik Elşən Verdiyev "Qərargah zabitlərinin hazırlığı" akademik kurslarının təşkili barədə məlumat verərək zabitlərin zəruri bilik və vərdişlərə yiyələndiklərini qeyd edib. General-polkovnik Elçin Quliyev mərasimin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin növbəti təntənəsi olduğunu qeyd edib. E.Quliyev akademik kursları müvəffəqiyyətlə başa vuran zabitlərin Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib. Zabitləri təbrik edən general-polkovnik Elçin Quliyev onlara uğurlar arzulayıb, tövsiyələr, tapşırıqlar verib.
Mərasim başa çatdıqdan sonra zabitlər ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkilləri çəkdiriblər.